Kimi Çak Norrisə bənzətdi, kimi çar generalına, kimi də kolxoz sədrinə - Görəsən, messenat özü hansını seçərdi?

Kimi Çak Norrisə bənzətdi, kimi çar generalına, kimi də kolxoz sədrinə -                 Görəsən, messenat özü hansını seçərdi?

"Bu heykələ baxanda Hacının kim - nəçi olduğunu hardan bilək?”

 

Azərbaycanlı milyonçu, mesenat Hacı  Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq. X.Əhmədovun layihəsi Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından qalib seçilib. Rəssam müsabiqəyə üç əl işi ilə qatılıb: Tağıyevin faytonda əyləşmiş, ayaq üstə dayanmış və oturmuş vəziyyətdə hazırlanmış heykəlləri. Bu üç işin içərisindən ayaq üstə olan variant seçilib.

 

Xalq rəssamının əl işinin qalib seçilməsinə baxmayaraq, bu variant jurnalistlər arasında birmənalı qarşılanmayıb. Demək olar ki, əksər KİV nümayəndələri messenatın heykəlini bəyənmədiklərini bildiriblər.

 

Jurnalist Ceyhun Musaoğlu heykəldə H.Z.Tağıyevin obrazının görünmədiyini düşünür: “Bəyənmədim. Standart görünüşlü heykəllərin dövrü çoxdan keçib. Heykəl sənət əsəridir. Bu eskizdə sənət gizlənib. Başqa tərəfdən, heykəl həmin şəxsiyyətin kimliyini ümumiləşdirilmiş formada göstərməlidir. Buyurun, bu heykələ baxanda Hacının kim - nəçi olduğunu hardan bilək?”

 

Jurnalist Xəqani Səfəroğlu da heykəli bəyənməyib: “Azərbaycan tarixində bir neçə şəxsiyyət var ki, onları yalnız bir mimikada və duruşda təsəvvür edirik. Üzlərində "Çak Norris" ifadəsi ilə (Çak Norrisin filmlərində onun nə vaxt güldüyünü, qəzəbləndiyini, güldüyünü təyin etmək olmur). Üzeyir Hacıbəyovu qəmli gözlərində eynəklə, Tağıyevi donuq sifətdə çar müşaviri paltarında. Onlar xəyalımızda belə yeriyir, oynayır, danışırlar. Bəlkə bu bütü sındıraq?”

 

Telejurnalist Azər Qismət də deyir ki, H.Z.Tağıyevin belə standart heykəli onda heç bir duyğu oyatmayıb.

 

Telejurnalist Mir Səməd isə başqa bir təklif edib: “Nəhayət ki, Hacının heykəli Bakıda ucaldılacaq. Yaxşı olardı ki, bir kiçik büstü də doğulduğu kənddə qoyulaydı”.

 

“Görəsən, bu barədə sosial şəbəkə istifadəçiləri necə düşünür” - deyərək, kiçik sorğu keçirdik. Sorğumuzda iştirak edənlərin əksəriyyəti bu formanı bəyənmədiklərini bildirsələr də, əl işini bəyənənlər də oldu. “Facebbok” istifadəçilərinin fikirlərini olduğu kimi təqdim edirik:

 

Həmid Ormanlı: “Əli cibində olsa əla olar. Çünkü Hacı əlini cibinə atan kişi olub, dalına uzadan yox...”

 

İlqar Novruzov: “Əla alınıb. Heykəlin arxasında da super kompazisiya var”.

 

Kamil Həmidov: “Əzəmət hiss olunmur..."

Mirmehdi Aghaoghlu adlı şəxsin şəkli.

İradə İsak: “Mənim faytondakı maket xoşuma gəlmişdi. Bakıda, heç olmasa, bir heykəl faytonla olardı”.

 

Elnar Cavadov: “Bəlkə də maketdi, onun üçün hiss olunmur. Amma möhtəşəm kişi obrazı görmədim. Üzünə baxmasaq, döyüşçü tipi var. Subyektiv fikrimdir, səhv edə bilərəm”.

 

Cabir Ağaoğlu: “Mömin hacılar təsbeh zikrini arxalarında deyil, sinələri bərabərində çəkərdilər... Bir də ki, üzünün görünüşündən xeyriyyəçi mərhəməti hiss olunmur”.

 

Firuz Mustafa: “Bu, daha çox ciddi çar generalına oxşayır. Fantaziya və əlavə elementlər lazımdır. Buruq, fayton, əlin-qolun duruşu, postamentin hündürlüyü, aura... Orden-medalla iş bitmir”.

 

Nailə Məhərrəmova: “Heç milyonçuya yaraşan heykəl deyil”.

 

Məzahir Məmmədli: “Elə bil bir kolxoz sədrinin obrazını yaradıb. Hec yaraşdırmaq olmur...”

 

Ülvi Bahadır: “Yaradıcılığın işartısı belə yoxdur. Hacının yerinə xəcalət çəkdim”.

 

Elyar İslam Adəm: “Çəlik düz olsa, əl də arxada olmasa, daha gözəl olardı”.

 

Kamran M.Yunis: "HEYKƏL elə olmalıdır ki, heykəllikdən çıxsın, ruhu olsun, canlı olsun. Bizdə isə o düşüncə yoxdur. Bütün heykəllərimiz sadəcə cansız daş, tuncdur. Vəssalam. Bəyənmədim. Razılaşmaya bilərsiz, amma HEYKƏL böyük mədəniyyətdir, bizdə heç onu da bacarmırlar".

 

Məlahət Mürşüdlü: "Normaldır. Əlahiddə bir şey yoxdur. Gün o gün olsun ki, milyonların ürəyində heykəlləşmiş M.Ə.Rəsulzadənin heykəli ucaldılsın".

Rena Muslumova adlı şəxsin şəkli.

Qeyd edək ki, rəssamın dediyinə görə, heykəlin pyedestalı 3 barelyefdə hazırlanacaq, Tağıyevin həyat və fəaliyyətini özündə əks etdirəcək. Ancaq hələ ki, layihə eskiz səviyyəsindədir. Heykəl özü tuncdan, postament isə qara qranitlə qırmızı qranitin qarışığından olacaq. Əgər heykəlin yeri dəyişməsə, ölçüsü 3-3,5 metr, pyedestal isə 1-1,5 metr hündürlükdə olacaq.

 

Onu da xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılacaq.

Müəllif: Rumiyyə Miraslan      8 Sentyabr 2019 13:42
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar