"Kiyevin strategiyasından yararlanıb Dilqəmlə Şahbazı azad edə bilərik"

"Kiyevin strategiyasından yararlanıb Dilqəmlə Şahbazı azad edə bilərik"

"Əlimizdə daha çox erməni hərbçisi olsa, qarşı tərəf mübadiləyə razı qalmaq məcburiyyətində qalacaq"

 

Xəbər verdiyimiz kimi, bu gün Rusiya ilə Ukrayna arasında dustaq mübadiləsi baş tutub. Kerç boğazı böhranından sonra həbs olunan 24 ukraynalı dənizçinin də aralarında olduğu əsir və dustaqlar dəyişdirilib. 

 

AYNA bildirir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan da Ukrayna təcrübəsindən istifadə edərək Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevi azad edə bilər.

 

"Rusiya uzun müddət həbsdə saxladığı ukraynalıları Kiyevə təhvil vermək istəmirdi, bir qismini terrorda, digərlərini sərhəd pozuculuğunda ittiham edirdi. Ukrayna bunun qarşılığında həbs etdiyi Rusiya vətəndaşlarının sayını artırırdı. Onlara qarşı da oxşar ittihamlar irəli sürülmüşdü. Kiyevin bu strategiyası özünü doğrultdu. Bu gün iki ölkə girovları "hamının hamıya" prinsipi ilə dəyişdi. Kiyevin strategiyasından biz də yararlanmalıyıq. Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımızın bizə qaytarılması üçün qarşı tərəfin daha çox hərbçisini və kəşfiyyatçısını ələ keçirməli və İrəvana mübadilə təklifi etməliyik", - deyə politoloq qeyd edib.

 

E.Şahinoğlunun sözlərinə görə, əgər əlimizdə daha çox erməni hərbçisi olsa, qarşı tərəf mübadiləyə razı qalmaq məcburiyyətində qalacaq.

 

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblə. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Müəllif: Ayna.az      7 Sentyabr 2019 23:27
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar