İsveçdə yaşayan azərbaycanlı xanım: "Hər geyimdə göz yaşlarımdan süzülən xatirələr var"

İsveçdə yaşayan azərbaycanlı xanım: "Hər geyimdə göz yaşlarımdan süzülən xatirələr var"

Kəmalə Kərimova Yanson: "Həyat yoldaşım mənim dinimə hörmət edir, mən də onun dininə"

 

Dünyanın müxtəlif yerlərində istedadlı həmvətənlərimiz yaşayırlar. Bəziləri Vətəni unutsalar da, xeyli sayda soydaşımız var ki, yaşadığı ölkədə Azərbaycanı təbliğ edir, onun dəyərlərini tanıdır. Elə Kəmalə Kərimova Yanson kimi...

 

AYNA-nın müsahibi olan Kəmalə Kərimova Yanson tikməçi-rəssamdır. İsveçdə yaşayır və Azərbaycan milli geyimlərinin tikilişi ilə məşğuldur. Üstəlik, öz evində muzey yaradaraq həmin milli geyimləri xarici vətəndaşlara nümayiş etdirir.

 

- Kəmalə xanım, İsveçə necə gedib çıxdınız?

 

- Mən uzun müddətdir tikməçi-rəssam işləyirdim. Bir gün mənə zəng gəldi ki, "İsveçdə yaşayan azərbaycanlı xanım Bakıya gəlib, sizdən milli geyimli gəlinciklərin hazırlanmasının sirlərini öyrənmək istəyir". Mən də xanıma milli geyimli gəlinciklər hazırlamağı öyrətməyə başladım. Xanımla qısa bir zamanda artıq rəfiqə olmuşduq. Bir müddət sonra həmin xanım mənə dedi ki, "sənin şəklini bir isveçrəli bəy görüb, bəyənib, səninlə ailə qurmaq istəyir". Uzun sözün qısası, görüşdük, bir-birimizi bəyəndik və bir müddət sonra ailə qurduq.

 

Azərbaycanda nigaha daxil olduq. Mən həmişə Allahın qismətinə inanıram. 20 yaş fərqimiz olsa da, o, mənə nəinki həyat yoldaşı, hətta ən yaxın dostdur. Mənə həmişə dəstək olur. Yoldaşım Azərbaycan dəyərlərinə hörmət edir. Hərdən deyirəm ki, "səndə lap Azərbaycanlı qanı var". Atam ona təsbeh hədiyyə edir. Onu əziz hədiyyə kimi qoruyur. Bizdə dini ayrı-seçkilik də olmur. O, mənim dinimə, mən də onun dininə hörmət edirəm.

- İsveç dili çətin dil sayılır, nə yaxşı, tez bir zamanda öyrənə bildiniz?

 

- İlk günlərdə həyat yoldaşım qohumları ilə danışanda fikirləşirdim ki, İlahi, mən heç vaxt bu dili öyrənə bilmərəm. Amma İsveçdə yaşamaq üçün mütləq şəkildə İsveç dilini öyrənməlisən. Xüsusi məktəblər var ki, ora gedib, dərslərdə iştirak etməlisən. Ən əsası isə, İsveç dilini bilməlisən. Çünki dili bilməsən, yaşaya bilməzsən.

- Sənətinizdən danışaq. Tikməçi-rəssamlıqla nə zamandan məşğul olmağa başlamısınız?

 

- 1996-cı ildən 2010-cu ilə kimi YUĞ teatrında butafor rəssam işləmişəm. Ailə qurub, xaricə köçürdüm deyə ərizə yazıb işdən çıxdım. Eyni zamanda, Şirvanşahlar sarayında da işləmişəm. Orada da dekorasiya qurmaq üçün mütəkkələr  tikirdim. Vaqif İbrahimoğlu ilə işləməyin özü böyük məktəbdir. İnsanlara yaxşı motivasiya verirdi. Mübarizə aparmağa kömək edirdi.

- Bəs bu sənəti İsveçdə davam etdirə bilirsiniz?

 

- Mən tikməsəm, yaratmasam, yaşaya bilmərəm. Əlbəttə, tikirəm. Yalnız milli geyimdə olan gəlincikləri istəyən olur, sifariş edirlər. Çalışıram, dövlət bayramlarında, tədbirlərdə milli geyimlərimizdə iştirak edim. İsveçlilərin çox xoşuna gəlir. Hətta evimdə yaratdığımız kiçik muzeydə də tədbir reallaşdırdım.

- Muzeyi nə vaxt yaratmaq qərarına gəldiniz?

 

- 2010-cu ildə ailə qurdum və İsveçə köçdüm. Oraya köçəndən sonra geyimlər tikməyə başladım. Artıq bir müddət sonra əlimdə maraqlı geyimlər var idi. Düşündüm ki, onlardan muzey yaradım. Nəticədə 2012-ci ildə muzeyi yaratdım. Artıq muzey üçün ayırdığımız məkan azlıq təşkil edir. Paltarları asmağa yerimiz azalıb. Yaxın zamanlarda muzeyin ərazisini genişləndirməyi düşünürük. Hətta artıq İsveç geyimlərini də hazırlayıram. Muzeydə iki dövlətin mədəniyyəti əks olunacaq. Bir sözlə, vaxtımın 50 faizini yoldaşıma, 50 faizini isə işimə sərf edirəm.

- Muzeydə başqa tədbirlər də keçirmisiniz?

 

- Bəli. Azərbaycan mədəniyyətini tanıtmaq üçün sərgi keçirdik. Tədbir Azərbaycan himni ilə başladı. Daha sonra isə İsveç himni səsləndi. Daha sonra isə Üzeyir Hacıbəyovun bəstələri çalındı. Mən sərgidə tək milli geyimlərimizi yox, eyni zamanda musiqimizi də təbliğ etməyə çalışdım. Qonaqları Azərbaycan haqqında maarifləndirirdim. Düşünürəm ki, alınmışdı.

- Geyimlər tikmək üçün parçaları İsveçdə necə əldə edirsiniz?

 

- Bakıya gələn kimi birinci işim saplar, parçalar almaq olur. Çünki qədimi parçaları İsveçdə tapa bilmirəm. Eyni zamanda, özüm üçün də gündəlik geyimlər tikirəm. Orada mənə təklif edirlər ki, onlar üçün də paltar tikim. Amma buna vaxtım olmur deyə, sifariş qəbul etmirəm.

- Hazırda neçə geyiminiz var?

 

- 10 ədəd milli geyimim hazırdır. Niyə belə az? Çünki bir paltarı tikmək üçün uzun zaman lazım olur. Məsələn, bir güləbətin naxışını tikmək üçün 2-3 ay vaxt lazım olur. Bu naxışları salmaq üçün uzun zaman lazım olur. Çox diqqətli olmaq lazımdır. Mən manikenlərin üzərinə uyğun çəkirəm. 36-42 ölçülərdə paltarları tikirəm ki, hər çəkidə olan xanımlar bu geyimlərdən geyinə bilsinlər. Kişi geyimləri və uşaq geyimlərini də tikməyə çalışacam. Azərbaycanda olan etnoqrafla ilə əlaqə saxlayıram. Çalışacam, kişi və uşaq geyimləri də tikib, muzeyə daxil edim.

- Bir geyimi neçə müddətə hazır edirsiniz?

 

- Uzun müddət çəkir. Baxır geyimin çətinliyinə. Elə paltarlar var, 4-5 aya hazır olur. Hər gün də səhərdən yorulana kimi hazırlayıram. Geyimləri hazırlayan zaman Azərbaycan xalq musiqilərini dinləyirəm və xəyallara dalıram. Hər geyimi tikdikcə düşünürəm və bəzən ağlayıram da. Hər geyimdə göz yaşlarımdan süzülən xatirələrim var.

Müəllif: Təranə Xudabaxşiyeva      9 Sentyabr 2019 19:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar