Gürcüstan parlamentinin sədri Bakıdan dönər-dönməz istefa verdi

Gürcüstan parlamentinin sədri Bakıdan dönər-dönməz istefa verdi

Qərar "Gürcü arzusu" partiyasının siyasi şurasının iclasında qəbul edilib

 

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib. AYNA gürcü mətbuatına istinadən xəbər verir ki, onun istefası "Gürcü arzusu" partiyasının keçirdiyi brifinqdə elan olunub.

 

Məlumata görə, sözügedən qərar "Gürcü arzusu" partiyasının siyasi şurasının iclasında qəbul edilib. Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü arzusu" partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

 

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

 

Tbilisidə baş verən etiraz aksiyası ilə bağlı Bakıda səfərdə olan Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze səfərini yarımçıq dayandırıb. Kobaxidze və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bir neçə üzvü Bakıdan Tbilisiyə qayıtmağı qərara alıb. Bu səbəbdən gürcü spikerin bu günə Azərbaycanda planlaşdırılan görüşləri ləğv olunub.

Müəllif: Ayna.az      21 İyun 2019 16:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar