Zühuru gözləyən azərbaycanlılar: “Az qalıb, o gəlir...”

Zühuru gözləyən azərbaycanlılar:   “Az qalıb, o gəlir...”

“Yer üzündə dinsizlik artanda Krişna həm dini prinsipləri bərpa etmək, həm də möminləri müdafiə etmək üçün gələcək”

 

Bir neçə gündür Bakıda “Krişna Şüuru” Dini İcmasının bayram tədbirləri keçirilir. İcmanın “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən məkanında təşkil olunan tədbirlər, krişna inancına görə, Tanrı Krişnanın zühur etməsi ilə bağlıdır.

 

Qeyd etdiyim məbəd dünyada “Beynəlxalq Krişna Şüuru” Cəmiyyəti, Azərbaycanda isə “Krişna Şüuru” Dini İcması adı ilə fəaliyyət göstərir. Cəmiyyətin əsasını Hindistanda yaşamış Prabhupada adlı şəxs qoyub. Bu dinin formalaşmasında əsas rolu isə veda fəlsəfəsi oynayır.

Krişnaidlərin əsas duası Mantra adlanır. Onlara görə, “man” ağıl, “tra” isə qurtuluş deməkdir. Yəni ağılın xilası.

 

Keçək əsas məsələyə. Sentyabrın 6-da, AYNA əməkdaşının da qatıldığı bayram tədbiri, günortadan sonra təntənəli açılışla başladı və krişnaidlər öz tanrılarını "Sən həmişə bizimləsən" şüarları ilə salamladılar. Onlar Krişnaya həsr olunan mahnılar, rəqslər ifa edir, dualar oxuyurdular. Aldıqları xeyir-dua ilə məbədə su, gül, ətirli çubuqlar səpirdilər.

 

Krişna tərəfdarları bu bayrma "Canmaşta" festivalı deyirlər. “Canmaşta” - Krişnanın zühuru. Krişnanın adını zikr edən tərəfdarlar iddia edirlər ki, Krişnaya dua etmək ən böyük ruhi ibadət növlərindəndir.  

Tədbir zamanı Krişnanın doğumunu, uşaqlığını, gəncliyini və qeybə çəkilməsini əks etdirən bir sra səhnəciklər nümayiş olundu. Elə bu əsnada dinin fədailərinə və qonaqlara "parsad" adlanan qidalar təklif olunmağa başlandı. Parsad əvvəlcə Krişnaya təqdim olunur, daha sonra fədailərə və qonaqlara paylanılır. Parsad - təbii qidalardan hazırlanmış yeyəcək və içəcəklərdir.

 

Krişnaidlər ət, balıq, yumurta və bu növdən olan təamlardan istifadə etmirlər. Onlar, həmçinin kofe və çaydan da uzaq dayanırlar. Daha çox meyvə, tərəvəz, süd məhsulları kimi qidalara üstünlük verirlər.

 

Tədbiri izləyərkən, yanımda oturan bir uşaq qəfil üzünü mənə çevirdi:

 

- Qonaq gəlmisiniz?

- Bəli.

- Ət yeyirsiniz?

- Aha...

- Yeməyin, yoxsa Cəhənnəmə gedəcəksiniz!

 

Krişna inancına görə, ət yeməyindən istifadə edənlər Cəhənnəmə gedəcəklər. Ümumiyyətlə, krişnaidlərdə Cənnət və Cəhənnəm mövzusu fərqlidir. Onların inancına görə, heç kim əbədi olaraq Cəhənnəmdə qalmır. Cənnətə gedənə qədər reankarnasiya (ruhun bir bədəndən digər bədənə keçməsi) prosesi gedir və tamamən günahlardan pak olandan sonra Cənnətlə müjdələnir.

Festival yavaş-yavaş sona yaxınlaşırdı. Axşamdan bir qədər keçmişdi. Gələn qonaqlar da seyrəlirdi. Krişanidlər və qonaqlar məbədin həyətində söhbət edir, müzakirələr aparırdılar.

 

Bu əsnada məbədin rəhbəri Ramil Əliyevlə qarşılaşdıq. Fürsətdir dedim:

 

- İnancınız nəyə əsaslanır?

 

- Biz inancımızda veda biliyinə əsaslanırıq. Veda biliyi kainatın instruksiyasıdır. Yəni, kainat yaranandan bu fəlsəfə hökm sürür.

 

- Bəs Krişna kimdir?

 

- Krişna - Allah, Ali Zatdır. O, Yer kürəsinə dəfələrlə nazil olub, müxtəlif bədənlərdə təcəssüm edib.

 

- “Bahqavat Gita”da nə deyilir?

 

- Deyilir ki, “Yer üzündə dinsizlik artanda Krişna həm dini prinsipləri bərpa etmək, həm də möminləri müdafiə etmək üçün gələcək”. Biz də inanırıq ki, Krişnanın gəlməsinə az qalıb.

Müəllif: Mərahim Nəsib      8 Sentyabr 2019 10:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar