Deputatların toxunulmazlığı əllərindən niyə alınmalıdır – AXI NİYƏ?!

Deputatların toxunulmazlığı əllərindən niyə alınmalıdır –     AXI NİYƏ?!

Və ya Zelenskinin addımları bizim parlament üzvlərinin vecinə də deyil

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ötən həftənin ən düşündürücü və ibrət götürüləsi hadisələrindən biri Ukraynada baş verdi. Yox-yox. Hələ ki, nə Rusiya tərəfindən işğal olunmuş Krım, nə də Donbas və Luqansk rəsmi Kiyevin idarəçiliyinə qayıtdı. Amma atılan addım, inanın ki, Ukrayna xalqının gələcək taleyində önəmli rol oynayacaq. Çünki, ölkənin bəlalarından biri, bəlkə də ən birincisi korrupsiyadır.

 

Ukrayna parlamenti birinci oxunuşda 2020-ci il yanvarın 1-dən etibarən deputat toxunulmazlığının ləğvinə dair qanun layihəsini qəbul edib. Bu qərarı 363 parlament üzvü dəstəkləyib, halbuki qanun layihəsinin qəbul edilməsi üçün 226 səs də kifayət edirdi.

 

Ukrayna qanunvericiliyinə əsasən, deputatlar Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, saxlanıla və ya həbs oluna bilməzlər. Qəbul olunmuş qanun layihəsi isə bu normanı ləğv edir. Lakin deputatlar əvvəl də olduğu kimi, səsvermənin nəticələrinə və təhqir və ya böhtan istisna olmaqla, parlamentdə bildirdikləri fikirlərinə görə hüquqi məsuliyyət daşımayacaqlar.

Həmişə nümunə dalınca okeanın o tayına - bu tayına qaçırıq. Axı niyə yaxın qonşularımızın gördüyü işlərdən nümünə götürmürük? İnanın ki, məsələn, Zelenskinin Ukraynada korrupsiya ilə mübarizə üçün atdığı addımları örnək alsaydıq, yəqin ki, yaradılan ASAN, DOST və digər effektiv mexanizmlərə baymayaraq, Azərbaycanda hələ də “at oynadan” korrupsiyanıın az da olsa, “xodunu” ala bilərdik. Amma mən yenə də hesab edirəm ki, bizim bu təcrübəyə ehtiyacımız yoxdur, heç ona vaxt ayırıb, baş qoşmağa və müzakirə etməyə də dəyməz! Deyəcəksiz axı niyə?! İzah edim. 

 

Bizim deputatların bu məsələ ilə bağlı fikirləri haçalanır. Biri hesab edir ki, Zelenski düz edir doğru olaraq ölkəsində belə addımlar atır, amma bizdə vəziyyət onlardakı kimi deyil və bizdə belə bir addıma ehtiyac yoxdur. Digəri hesab edir ki, deputat toxunulmazlığı, ümumiyyətlə ləğv olunmalıdır. Çünki deputat ictimai fiqurdur. Təbii ki, düşüncə, fikir azadlığı müxtəlif məsələlərə münasibət baxımından hər hansı bir şəkildə məhdudlaşdırıla bilməz. Amma əgər konkret cinayət işləri ilə bağlı hansısa bir problem varsa, asanlıqla deputatı məsuliyyətə cəlb etmək mümkün olmalıdır. İndi müasir dövr elədir ki, imtiyazlı insan anlayışından daha çox məsuliyyətli insan anlayışı önə çıxır.

 

Kimin nə deməyindən asılı olmayaraq, düşünürəm ki, əhalinin əksəriyyəti də istəyərdi ki, bu toxnulmazlıq ləğv edilsin. Axı niyə də olmasın? Məgər insan hörməti toxnulmazlığa görəmi qazanır? Vicdanla işləyən deputatın toxunulmazlığının olub-olmaması elə də önəmli deyil. Çünki, deputatın toxunulmazlığının ləğvi daha çox deputatların məsuliyyətli davranmasına imkan yaradar. Çünki toxunulmazlığın arxasında gizlənərək bir çox hallarda qanunsuzluğa yol verməyə meyllilik daha çox artır. Amma mən yenə də bu dəyişikliyin əleyhinəyəm, çünki...

 

Mətbuatda verilən müsahibələrdə israrla danılsa da, hamıya əyandır ki, Azərbaycan parlamentinin deputatlarının 95%-i deputat maaşına yaşamır. Kimi qardaşının, əmisi oğlunun adına olan obyekt, şadlıq evi, zavod, ferma və s. saxlayır, kimi statusundan istifadə edərək dövlət qurumlarının qapısını döyür və kiminsə işini aşırır. Bizdə təəssüf ki, deputatın toxunulmazlığı, onlar “cızıqlarından çıxdıqları vaxt”, Baş Prokurorluq işə girişən zaman əllərindən alınır.

 

Burada hansısa deputatın özündən daha güclü, arxalı nazir və ya kolleqası ilə yolları kəsişən zaman, yəni iqtisadi məqamlarda, ya da onu parlamentə seçdirən qüvvəyə əks gedən zaman (siyasi məqamların önə çıxması amili) rol oynayır. Müstəqil məhkəmə sisteminin yalnız kağız üzərində bərqərar olması, deputat toxunulmazlığının siyasi amillər baxımından ləğvini təhlükəli edir. Amma nəzərə alsaq ki, bizim “məclismen”lərin əksəriyyəti onları bu kresloya təyin edənlərin çəkdikləri “cızıqdan” çıxmırlar, bizdə Ukrayna təcrübəsinin  olub-olmaması önəmli deyil. 

Elə ona görə də Ukraynadan fərqli olaraq, bu qanun qəbul edilsə belə, imkanlı şəxslər, iri biznesmenlər, milyarderlər özlərini qətiyyən narahat hiss etməyəcəklər. Və Zelenskinin əsas məqsədi – deputatların fəaliyyətinin şəffaflığına nail olunması Azərbaycanda nəticə verməyəcək. Çünki bizdə həmin o imkanlı şəxslər, iri biznesmenlər və milyarderlər hakimiyyətdə müəyyən postlarda oturublar. Bizdə ya özün, ya da yüksək vəzifədə oturmayan bir qohumun-tanışın olmasa, sənin ağzın nədir ki, iri biznesmen, milyarder filan olasan?!

 

Onsuz da hansısa iri məmurun “kvotası” ilə parlamentə düşən deputat həmin iri məmurun maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxacaq ki, görülən işdən iri məmur onu da görüm-baxım etsin. O da öz qohumunu, qohmunun qohumunu... və beləcə zəncirvari gedəcək proses. 

 

Yuxarıda güclü “day-dayı” olan deputat niyə hansısa toxunulmazlıq qanununun qəbulundan narahat olmalıdır ki? Onsuz da illərlə bir kresloda oturub və tərpənmək fikri də yoxdur. Odur ki, Zelenskinin dediklərinə əhəmiyyət belə, verməyə dəyməz! Bizdə reallaşması mümkün olmayan bir məsələyə niyə vaxt ayıraq ki? Axı niyə? Özümüz deyib, özümüz eşitmək üçün?!

 

P.S. Ən az oturan məmurun 12-15 illik kresloya bitişdiyi bir ölkədə, yaxın perspektivdə Zelenskinin atdığı addımlara bənzər dəyişiklikləri görmədiyim üçün yazdıqlarımı boş şey hesab edirəm. Və oxucunun vaxtını bu boş yerə aldığıma görə ondan üzr istəyirəm.

Müəllif: Yoldaş Mircəfər      9 Sentyabr 2019 10:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar