Ərdoğanın uğur formulu: Zəfər “silahı” rəqiblərin əlinə keçə bilər

Ərdoğanın uğur formulu: Zəfər “silahı” rəqiblərin əlinə keçə bilər

Politoloq: “Vaxtilə AKP-nin hakimiyyətə gəlməsinin əsas səbəbi iqtisadi islahatlar və demokratiya olmuşdu, artıq hər kəs bunun fərqindədir”

 

Türkiyə daxili siyasəti yenidən qaynamağa başlayıb. Hakim AKP-nin, xüsusilə partiyanın lideri, Prezident Rəcəb Tayyib Ərdoğanın rəqiblərinin təşkilatlanması cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Vaxtilə hökumətin əsas adamlarından olan, eks-nazir Əli Babacanın yeni partiya yaratmaq planları, keçmiş Prezident Abdullah Gülün də bu siyasi düşərgədə təmsil olunacağı barədə iddialar, həmçinin sabiq Baş Nazir Əhməd Davudoğlunun AKP-dən xaric edilməsi gündəmin ən çox müzakirə olunan siyasi mövzularıdır.

 

AYNA əməkdaşı bu mövzu ətrafında, Türkiyənin TOBB Üniversitetinin professoru, siyasi şərhçi, İstanbulda yaşayan həmyerlimiz Toğrul İsmayılla həmsöhbət olub.

 

- Toğrul bəy, başlayaq Davudoğlunun hakim partiya sıralarından xaric olunmasından...

 

- Davudoğlunun komandası iqtidarda olanda nələrsə etməyə çalışırdı. Partiya daxilində fəallıq göstərirdilər. Əlbəttə ki, bu da Prezident Ərdoğanı və ona yaxın olan komandanı narahat etməyə başlamışdı. Məhz bu səbədən də Baş Nazir vəzifəsinə qədər yüksəlmiş, partiya sədri olmuş bir adam partiya sıralarından xaric edildi. Bu, partiya daxilində hər hansı bir hərəkata yol verməmək üçün atılan addım idi. 

- Bu yaxınlarda Davudoğlu canlı yayıma çıxdı və orda giley-güzər etməyə başladı ki, onu iclaslara çağrmırlar, saymazyanalıq edirlər. Vaxtilə Ərdoğanın çox yaxın silahdaşı olmuş bir adama qarşı belə münasibət göstərilməsi nədən qaynaqlanır?

 

- Bu, siyasətdir. Siyasətdə isə hər kəsin güclü vaxtı da olur, zəif vaxtı da. Sadəcə məsələ ondan ibarətdir ki, Davudoğlu vaxtilə Baş Nazir postuna qədər gedib çıxmışdı. Partiyanın da sədri idi. Partiya daxilində ciddi nüfuza sahib idi. Lakin Davudoğlu hakimiyyətdə olduğu müddət ərzində, əsasən Ərdoğanın göstərdiyi şəkildə hərəkət edirdi. Sadəcə hakimiyyətinin son illərində, istefaya göndərilməmişdən əvvəl nisbətən müxalif mövqe tutmağa başladı. Ki, bunu hiss edən Ərdoğan da onun qarşısını aldı. Həqiqətdə isə Davudoğluna nüfuz qazandıran elə Ərdoğan olmuşdu, özü də onun gücünü əlindən aldı.

 

- Onda belə çıxır ki, yeni liderin meydana çıxma ehtimalı var idi?

 

- Ərdoğan AKP-ni şəxsi partiyası görür. Bu səbəbdən prezidentli respublikaya keçilsə belə, partiyanı əldə buraxmadı, yenə onun rəhbəri olaraq qaldı. Çünki Ərdoğan, AKP-ni öz övladı kimi görür, partiya üçün çox zəhmət çəkib və partiyanı heç kimlə bölüşmək istəmir. Amma diqqət yetirsək, görərik ki, AKP həqiqətən də Ərdoğanın partiyasıdır. Çünki partiya seçkilərdə və digər məsələlərdə Ərdoğanın iştirakı olmadan heç bir nüfuz qazana bilməyib. Ərdoğanın şəxsi nüfuzu və populyarlığı hər zaman partiyaya dividend gətirib.

 

- Əli Babacanın partiya yaratması, Davudoğlunun ixracı, Abdullah Gülün kənarda qalması – bütün bunlar nə vəd edir? Məsələn, həmin siyasətçilər Ərdoğana qarşı birləşib güclü müxalifət yarada bilərlərmi?

 

- Türkiyə artıq prezidentli respublikadır. Böyük Millət Məclisi əvvəlki qədər gücə və nüfuza sahib deyil. Belən olan halda da narazılıqlar artmağa başlayır. Narazılıqlar artdıqca da müxalif qurumlar, müxtəlif şəxslər bundan yararlanmağa başlayırlar. AKP hakimiyyətə demokratiya və güclü iqtisadiyyat vədi ilə gəlmişdi və ilk illərdə də uğurlu olmağı bacarmışdı. Ərdoğan ölkədəki böhranı aradan qaldıra bilsə, mütləq hakimiyyətini yenə də davam etdirəcək.

- AKP siyasət meydanına atıldığı gündən məğlubiyyətlə qarşılaşmamışdı. Hər seçimdə qələbə qazanırdı. Lakin son bələdiyyə seçkilərində böyük şəhərlərdə məğlubiyyətlə qarşılaşdı…

 

- Mən deməzdim ki, AKP böyük məğlubiyyətə düçar oldu. Düzdür, böyük şəhərlərdə uğursuzluq oldu, lakin bütün ölkə üzrə bunu demək olmaz. Yaxud İstanbul seçkilərinin yenidən keçirilməsi xəta idi. Əslində, Ərdoğan özü də təkrar seçkilərə getmək istəmirdi, lakin yaxın ətrafı onu təkrar seçkiyə vadar edə bildi. Nəticə də elə oldu ki, AKP-nin namizədi bir az səs itirdi. Çünki Türkiyə vətəndaşları haqsızlığa qarşı dözümsüzdürlər. Onlar ortada ədalətsizlik olduğunu düşünüb, haqqı tapdananın yanında durdular. Dediyim kimi, böyük şəhərlərdə AKP-MHP ittifaqı məğlub olsa da, ümumi seçkilərin nəticəsinə baxanda görürük ki, bu ittifaq qalibdir. Elə İstanbul bələdiyyə məclisinin tərkibini də, əsas etibarilə AKP-MHP ittifaqının nümayəndələri təşkil edir.

 

- İstanbul Bələdiyyəsinə seçkilərdə Əkrəm İmamoğlunun həm ilk, həm də təkrar seçkilərdə qələbə qazanması Azərbaycanda belə bir fikir yaratdı ki, Ərdoğanın enişi başladı. Yəni, vaxtilə İstanbul Bələdiyyəsinə sədr seçilməsi Ərdoğanın karyerasında tramplin olmuşdu. Belə düşüncələr var ki, “İstanbulu kim qazandısa, ölkənin gələcək lideri odur”. İmamoğlunun bu yola qədəm qoyduğunu düşünürsünüzmü?

 

- Düzdür, Əkrəm İmamoğlu əvvəllər alternativ namizəd kimi özünü göstəməyə başlamışdı. Lakin o, hələ yolun əvvəlindədir deyə, dəqiq heç nə söyləmək olmaz. Çünki İmamoğlu siyasətçi kimi o qədər də təcrübəli deyil. Lakin Ərdoğanın zamanında vəziyyət tamam fərqli idi. O dövrdə Ərdoğanın qarşısına çıxacaq güclü lider yox idi. Köhnə siyasətçilərin hamsı gücünü itrimişdi. Digər tərəfdən, Ərdoğan vaxtilə Nəcməddin Ərbəkan kimi güclü liderə qalib gəlmişdi. Amma İmamoğlu Kamal Kılıçdaroğlunu məğlub edə biləcəkmi - bunu da düşünmək lazımdır. Çünki ilk növbədə Kılıçdaroğlunun öhdəsindən gəlməlidir.

 

- Artıq diqqətlər 2023-cü il Prezident seçkilərinə yönəlməyə başlayıb. İqtidar, müxalifət və cəmiyyət seçkilərə hazırlaşır?

 

- Təbii ki, hazırlıqlar var. Öncə bir amili nəzərə almaq lazımdır ki, artıq Türkiyə Prezident respublikasıdır, komanda monolitdirna keçib. Bu səbədən iqtidar rahatdır. Üstəlik, AKP MHP ilə ittifaq halındadır. Amma siyasət, xüsusilə Türkiyə siyasəti çox dinamikdir. Yəni hazırkı ittifaq davam edəcəkmi, pozulacaqmı – zaman göstərəcək. Digər tərəfdən, vaxtilə Ərdoğanın hakimiyyətə gəlməsinin əsas səbəbi vardı: iqtisadi islahatlar və demokratiya. Artıq hər kəs bunun fərqindədir və hətta, müxalifət son bələdiyyə seçkilərində bu amilləri əldə bayraq etdiyi üçün xeyli uğur qazanmışdı. Bu dəfə iqtisadi sahədə tənəzzül, demokratik prinsiplərə xələl gətirilməsi halları yaşanacaqsa, Ərdoğan güc itirəcək.

 

- Ki, yaşanırmı belə hallar?

 

- Təəssüf ki, ciddi iqtisadi problemlər meydana çıxıb. O cümlədən demokratiya sahəsində də xoşagəlməz hallar müşahidə olunur.

Müəllif: Tural Talehoğlu      6 Sentyabr 2019 15:55
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar