Azərbaycan XİN: Qondarma “yerli özünüidarəetmə seçkiləri”ni tanımırıq

Azərbaycan XİN: Qondarma “yerli özünüidarəetmə seçkiləri”ni tanımırıq

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapır”

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkiləri”nin keçirilməsinə münasibət bildirib. XİN-in mətbuat katibi Leyla Abdullayeva AYNA-ya açıqlamasında bildirib ki, bunları deyib:

 

“Ermənistan kütləvi informasiya vasitələrinə əsasən, ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur. Hər kəsə çox yaxşı bəlli olan bir reallıq var: hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınır və tanınacaq.

 

Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu, eynilə belədir. Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd edib. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir.

 

Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim. Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bunu sanki qondarma rejimin “tanınması” kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi, əlbəttə bəllidir. Eyni zamanda, bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi.

 

Başqa bir misal, Almaniya XİN erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu səfirliyimizə bildirib və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanıdığını vurğulayıb. Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapır”.

 

Qeyd edək ki, Ermənistan mətbuatında bu ilin 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkilərinin” keçiriləcəyi məlumatı yayılıb.

Müəllif: Ayna.az      6 Sentyabr 2019 15:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar