Məmur və deputatlardan qəfil dönüş – “Dalğa” onları da ağuşuna aldı

Məmur və deputatlardan qəfil dönüş –           “Dalğa” onları da ağuşuna aldı

Nə baş verir ki, qarşılarında TV və radioların, elektron və çap mediasının qapılarının taybatay açıq olduğu insanlar, indi birdən-birə sosial şəbəkələrə axın edirlər?

 

Son zamanlar məmur və deputatlar sosial şəbəkədə fəallaşmağa başlayıblar. Ard-arda canlı yayımlar, müxtəlif mövzularda paylaşımlar edən yüksək vəzifəli dövlət adamlarının bu davranışları cəmiyyətdə maraq və təəccüblə qarşılanıb. Axı, indiyədək onların sosial şəbəkəyə münasibəti bu qədər “isti”, hətta birmənalı deyildi.

 

“Sosial şəbəkələrdə avaralar toplaşıblar” deyənlərdən, “Sosial şəbəkələr bağlanmalıdır” deyənləri görüb bu cəmiyyət. Belə olan halda, nə baş verir? Nə baş verir ki, qarşılarında TV və radioların, elektron və çap mediasının qapılarının taybatay açıq olduğu həmin deputatlar, məmurlar, indi birdən-birə sosial şəbəkələrə axın edirlər?

 

Məsələ ilə bağlı AYNA-ya danışan Milli İnternet Forumunun (MİF) prezidenti Osman Gündüzün sözlərinə görə, son dövrlərdə telekanallar informasiya mənbəyi olaraq populyarlığını itirib: “Ümumiyyətlə, dünyada, o cümlədən Azərbaycanda tendensiya elədir ki, TV-lərin auditoriyası getdikcə daralır, internetin, sosial medianın auditoriyası isə genişlənir. Azərbaycan reallığında müşahidələr göstərir ki, son vaxtlar bu fərq internetin və sosial medianın xeyrinə kəskin surətdə dəyişib. Bu da, daha çox internet TV-lər və sosial media üzərindən canlı yayımların artması ilə bağlıdır”.

“Monitorinqlər və müşahidələr göstərir ki, hazırda "YouTube" və "Facebook" üzərindən yayımlanan, ən azı 25-30 informasiya resursumuz, TV kanalımız var ki, auditoriyası yetərincədir. Çünki maraqlı və aktual mövzular, alternativ fikirlər, diskussiyalar gündəmə gətirirlər. Yerli TV-lərdə bu tip verilişlər olmadığından, internet TV və sosial media üzərindən canlı yayımların populyarlığı tam sürətlə artır. Onlar dərhal ciddi auditoriya toplayır və ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar”, - deyə O.Gündüz bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda, təxminən 3 milyon insan sosial medianın üzərində “oturub”: “Bura xaricdə yaşayan azərbaycanlı auditoriya da daxildir. Səhər yerindən duran kimi bu 3 milyon istifadəçi - bunun içərisində dövlət məmuru da var, sadə vətəndaş da - artıq TV-nin düyməsini basmaqla deyil, telefonu əlinə almaqla informasiya əldə edir. Burada isə onu, məhz alternativ fikir, müstəqil fikir, canlı yayımlar gözləyir. Düşünürəm ki hökumət də bunun fərqindədir”.

 

“Güman ki, son dövrlərdə dövlət məmurlarının, vəzifəli şəxslərin sosial mediaya daha çox maraq göstərməsinin əsas səbəbi, məhz bununla bağlıdır. Əslində dövlət rəsmilərinin bir hissəsi, hətta Prezident və Birinci vitse-prezident əvvəldən burada olsa da, görünür ki, bu tendensiya artıq bütün rəsmi sektoru əhatə edəcək. Təkrar etmək istərdim ki, mahiyyətcə bu, faydalı bir tendensiyadır. İstənilən halda ictimai informasiya daşıyan şəxslərin əlçatan olması, sosial mediada rəsmi açıqlamalar verməsi, anında münasibət bildirməsi həm cəmiyyət üçün faydalıdır, həm də manipulyasiyaların, dezinformasiyanın qarşısı alınır”, - ekspert vurğulayıb.

 

MİF rəhbəri “sosial şəbəkələrə avaralar yığışır”, “sosial şəbəkələr bağlanmalıdır” kimi, əvvəllər rəsmilərin dilindən səslənən fikirlərə də münasibət bildirib: “İndi məlum oldu ki, onlar səhv ediblər və bu, artıq onların etirafıdır. Mənim yadıma gəlir, təxminən 8-10 il bundan öncə hökumət, hətta internet televiziyaları lisenziyalaşdırmaq istəyirdi. O zaman bir sıra ekspertlər, eləcə də Milli İnternet Forumu olaraq biz bunun qəti əleyhinə çıxdıq ki, internet televiziyalar müstəqil qurumlardır, internetin üzərindən fəaliyyət göstərir və dövlətin heç bir tezlik resursundan istifadə etmir, bunların lisenziyalaşması absurddur”.

 

“Nəticədə, hökumət israr etmədi. Tarix göstərdi ki, həmin təklifin doğru olmadığını sübut etdi. İndi rəsmilərin, məmurların sosial mediaya gəlişini təpki ilə qarşılamaq da qətiyyən yol verilməzdir. Yəni, ən azı ona görə ki, ictimai faydalı, rəsmi informasiyalar bu insanlarda olur. Onların sosial mediaya gəlişi vətəndaş cəmiyyət üçün faydalıdır”, - deyə Gündüz əlavə edib.

 

Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis sədri Erkin Qədirli də mövzuya dair fikirlərini AYNA ilə bölüşüb. Bildirib ki, illər boyu ənənəvi media susdurulandan sonra cəmiyyətlə hakimiyyət arasında informativ boşluq yarandı: “Toplumun çoxu Türkiyə, Rusiya kanallarına baxır. Başqa dilləri bilənlər digər televiziya kanallarından yararlanırlar. Mətbuata gəlincə, ölkəmizlə bağlı əsas xəbərlər xarici agentliklərdən alınır”.

“Digər tərəfdən, TV və mətbuatda fikir plüralizmi yoxdur, fərqli fikirlər səslənmir. Müxalifət və sivil toplum sosial şəbəkələrdə “oturur”. Onların da ən təsirlisi “Facebook”dur. Orada həm xəbərləşirlər, həm praqmatik yazılar, tənqidlər yazırlar və sair. Bunların heç birinə qarşı da hökumət hər hansı bir tədbir görə bilmir. Nə tədbirlər görməyə çalışdılarsa, faydası olmadı. Özlərindən keyfiyyətli məlumatlar yarada bilmədilər, çevrələrində saxladıqları internet resursları da oxunmadı. Məsələn, mən öz payıma deyirəm, adi bir qəzetə müsahibə verirsən, yetəri qədər oxumurlar, amma “Facebook”da yazdığım statusu ondan daha çox adam oxuyur. Yəni oxucu kütləsi də “Facebook”dadır”, - deyə Qədirli vurğulayıb.

 

Onun sözlərinə görə, bu səbəbdən məmurlar və deputatlar yeni mənbələr axtarmağa başlayıblar: “Məsələn, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, deputat Siyavuş Novruzov və başqaları belə axtarışdadırlar. Deputat Aydın Mirzəzadə çoxdan sosial şəbəkədədir. Amma əksəriyyəti yeni qoşulur. Bu da onunla bağlıdır ki, artıq TV-lər, radiolar onların işinə yaramır”.

 

“Vaxtilə statuslara görə insanları incitdilər, gördülər, çarə olmadı. İndi özləri sosial şəbəkədə fəallaşmağa başlayıblar. Özlərini sınamaq, birbaşa ünsiyyətdə olmaq istəyirlər. Bu, həm də Prezidentin tapşırığıdır, hətta Prezident özü də dəfələrlə toplantılarda bunlara deyib ki, vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların suallarını cavablandırmaq lazımdır. Yəni onun da təsiri var ki, artıq məmurlar, deputatlar sosial şəbəkələrdə fəallaşmağa başlayıblar”, – deyə müsahibimiz qeyd edib.

 

Burada ortaya maraqlı suallar da çıxır: Vəziyyətin belə davam edəcəyi təqdirdə, rəsmi mətbuatın, TV-lərin aqibəti necə olacaq? Yaxud müstəqil, alternativ fikir daşıyıcıları TV-lərə yol tapa biləcəklərmi? Televiziyalarda plüralizm bərqərar olacaqmı? Bu suallar isə başqa məqalənin mövzusudur…

Müəllif: Ülviyyə Şahin      6 Sentyabr 2019 13:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar