Bakıda bank-bank gəzdirilən 10 dolların qəribə taleyi

Bakıda bank-bank gəzdirilən 10 dolların qəribə taleyi

Vətəndaşın pulu əlində qalıb: İndi nə etməli?

 

Səbinə Vəliyeva ad-soyadlı vətəndaş AYNA-ya müraciət edərək, başına gələn maraqlı hadisəni danışıb. Dediyinə görə, bir müddət öncə zədələnmiş 10 dollarlıq əskinası dəyişmək qərarına gəlib. Bunun üçün Azərbaycan Beynəlxalq Bankın yaxınlıqda yerləşən filialına üz tutub. Lakin orada xanıma bildiriblər ki, bu filialda zədəli xarici valyuta dəyişilmir.

“Dedilər ki, buna görə bankın baş ofisinə getməliyəm. Elə də etdim, lakin baş ofisdə də eyni cavabı aldım. Beynəlxalq Bankın işçiləri mənə Mərkəzi Banka yaxınlaşmağımı məsləhət gördülər. Bu dəfə Mərkəzi Banka müraciət etdim. Orada isə dedirlər ki, bu cür əskinasları ancaq Beynəlxalq Bankda dəyişirlər. Mərkəzi Bank ancaq milli valyutanı dəyişirmiş...”, - deyə şikayətçi danışır.

 

Belə olan halda sual yaranır: Bəs vətəndaş nə etsin? AYNA əməkdaşı, S.Vəliyevanın üzləşdiyi hadisədən dolayı meydana çıxan suala aydınlıq gətirmək məqsədilə Azərbaycan Beynəlxalq Bankına sorğu göndərib. Lakin günlər keçsə də, bankdan sorğumuza cavab gəlmədi.

 

Eyni sorğunu Mərkəzi Banka da ünvanladıq. Onlardan gələn cavabı olduğu kimi təqdim edirik:

“Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bank qanunvericiliyə əsasən emitent bank olaraq yalnız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir.

 

“Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Mərkəzi Bankı yalnız saxtakarlıq əlamətlərini müəyyən etmək məqsədilə xarici valyutada kağız pul nişanlarını banklardan, müvafiq dövlət və digər səlahiyyətli orqanlardan ekspertizaya qəbul edir.

 

Ekspertiza nəticəsində pul nişanında saxtalaşdırma əlamətləri müəyyən edilərsə, pul müvafiq araşdırmaların aparılması məqsədilə hüquq mühafizə orqanlarına göndərilir, pul nişanının həqiqi olması müəyyən edilərsə, pul nişanı müvafiq ekspertiza aktı ilə birlikdə onu ekspertizaya göndərən orqana təqdim olunur.

 

Eyni zamanda, “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 3.11-ci bəndinə əsasən müvəkkil banklar zədələnmiş xarici valyuta pul nişanlarını öz daxili prosedur qaydalarına müvafiq olaraq dəyişdirə bilərlər”.

 

Göründüyü kimi, Mərkəzi Bank zədələnmiş xarici valyuta əskinaslarını yeniləri ilə əvəzləməyə borclu olmadığını bəyan edir, lakin bu işi hansı qurumun görməli olduğu barədə isə açıqlama vermir.

 

Məsələni AYNA-ya şərh edən bank və maliyyə məsələləri üzrə ekspert deyir ki, bizim qanunvericiliyə görə, Azərbaycan bankları zədələnmiş xarici valyutanı dəyişməyə borclu deyil: “Bu sahədə banklar özləri öz strategiyalarını qurur. O cümlədən də valyutanın yararlılıq vəziyyətinə dair qaydaları özləri seçir. Onları kimsə buna məcbur edə bilməz”.

“Bundan başqa, bankların çoxu dollar, rubl, lirə və avrodan istifadə edir. Axı zədəli dolları bank heç kimə verə bilməyəcək. Deməli, məcburdur ki, ABŞ-a göndərsin. Bu da bank üçün əlavə xərcdir. Banka hansı valyuta onlara sərf edirsə, onu da alır. Burada heç bir qanun pozuntusu yoxdur”, - deyə Həsənov vurğulayır.

Müəllif: Təranə Xudabaxşiyeva      6 Sentyabr 2019 10:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar