“Evə görə jurnalistləri bir-birilərinə düşmən etdilər”

“Evə görə jurnalistləri bir-birilərinə düşmən etdilər”

Arif Əliyev: “Vüqar Səfərli verilən mənzilləri jurnalistlərin başına qaxınc edir”

 

Xəbər verdiyimiz kimi, “Jurnalistlər binası”nın sakinləri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan (KİVDF) narazıdırlar. Onlar mənzillərinə çıxarış (“kupça”) verilməməsi səbəbindən Prezidentə açıq məktub yazaraq, yardım istəyiblər.

 

Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məsələyə, eləcə də KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin jurnalistlərə verilən evlərin xidməti ev olması barədə açıqlamasına münasibət bildirib.

AYNA xəbər verir ki, A.Əliyev demokrat.az-a açıqlamasında deyib ki, əslində Vüqar Səfərli həqiqəti etiraf edib: “Nəhayət ki, biz KİVDF rəhbərinin dilindən düz sözü eşitdik. Halbuki, biz əvvəlcədən deyirdik ki, o mənzillər xidməti evlərdir və bunu alan hər bir jurnalist bilməli idi. Yəni heç nə havayı verilmir. Mən bu həqiqətləri deyəndə ev alan jurnalistlərin böyük əksəriyyəti üzərimə qalxırdı. Zaman bir daha göstərdi ki, mən düzünü söyləmişəm”.

 

“KİVDF həmin evləri jurnalistlərə məqsədli şəkildə verib. Bu gün də açıq şəkildə onların başlarına qaxınc edir. Bu gedişlə hələ çox həqiqətlər ortaya çıxacaq. Sadəcə olaraq, ev alan jurnalistlərin çoxunun xəbəri yoxdur ki, onlara verilən mənzillərin sənədləri necə hazırlanıb. Bəlkə də həmin evlərin sənədlərinin kökləri ayrı cür hazırlanıb, orada pullar necə həll edilib və sair. Jurnalistlərin çoxu bu prosesi hələ dəqiq bilmir”, - deyə tanınmış jurnalist vurğulayıb.

 

A.Əliyev qeyd edib ki, KİVDF ev verilməsi ideyasını ortaya atmaqla Azərbaycan mediasını parçalayıb, jurnalistləri bir-birinə düşmən edib: “Yadınıza gəlirsə, ev verilməsi ərəfəsində jurnalistlər bir-birilərindən “donos”lar yazırdılar, bir-birlərini söyüb təhqir edirdilər. Bu hərəkətlər ilk növbədə Azərbaycan jurnalistikasını gözdən saldı. Mən hamını yaxşı başa düşürəm, onların arasında evə böyük ehtiyacı olanlar da var idi, uzun müddət ətalətsizliklə üzləşmişdilər və sair. Amma bu ədaləti tələb etməyin başqa yolları da var idi. İndi kimlər ki, bu yolu seçiblər, o zaman həmin evlərin sabah başlarına qaxınc ediləcəyinə də hazır olsunlar. Çox təəssüf ki, bu gün Vüqar Səfərli həmin evləri jurnalistlərin başına qaxınc edir”.

Müəllif: Ayna.az      4 Sentyabr 2019 17:13
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin