KİVDF böyük qalmaqal qoparıb: Bu, jurnalistləri Prezidentə qarşı qaldırmağa cəhddir

KİVDF böyük qalmaqal qoparıb: Bu, jurnalistləri Prezidentə qarşı qaldırmağa cəhddir

"Vüqar Səfərlinin sahibi olduğu “Jurnalist” MMC binadakı mənzillərin hər kvadrat metri üçün 50 qəpikdən pul yığır və bu da ayda 12 min manat edir"

 

Adətən Prezident İlham Əliyev tərəfindən jurnalistlərə hədiyyə edilmiş mənzillərin verilməsi ərəfəsində qalmaqal yaşandığının şahidi olmuşduq. Bu dəfə isə əksi baş verib. Belə ki, ötən il jurnalistlərə verilmiş ikinci binanın sakinləri Dövlət Reyestrindən Çıxarış (“kupça”) ala bilmədiklərinə görə ayağa qalxıblar.

 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli isə Yenicag.az-a müsahibəsində, necə deyərlər, baltanı kökündən vurub. Bildirib ki, 2-ci binadakı mənzillər jurnalistlərə xidməti ev kimi verilib.

Картинки по запросу Vüqar Səfərli

“Əvvəla, o sənədlər hazırlanmalı və binaya ümumi “kupça” verilməlidir. Bundan sonra görək, o mənzillər jurnalistlərə hansı formada veriləcək… Bu, xidməti ev kimi bir şeydir… Dövlətin əmlakıdır. Bunu elə-belə götürüb vermək olmaz, başa düşürsünüz? O məsələni bu gün Qulu müəllimlə (Dövlət Əmlak Komitəsinin mətbuat xidmətinin rəhbəri – red.) danışdım ki, öz rəhbərlikləri ilə müzakirə edib aydınlaşdırsınlar, bu işi necə etmək olar. Keçən dəfə (jurnalistlərin 1-ci binası – red.) bu işlər başqa formada oldu. İndi qaydalarda dəyişikliklər var. O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur. Siyahı tutulub, Aparatla, Prezidentlə razılaşdırılıb və Fondun İdarə Heyətinin qərarı ilə verilib. Ancaq biz o mənzillərə əlavə bir sənəd verə bilmirik axı…”, - deyə KİVDF rəhbəri qeyd edib.

 

"Vüqar Səfərli oradan pul qazanır"

Картинки по запросу jurnalsitlər binasıSözügedən binada yaşayan jurnalistlər isə AYNA-ya açıqlamalarında idda ediblər ki, ikinci binadakı mənzillərə “kupça” verilməməsində V.Səfərlinin şəxsi maraqları var: “Vüqar Səfərlinin sahibi olduğu “Jurnalist” MMC binadakı mənzillərin hər kvadrat metri üçün 50 qəpikdən pul yığır və bu da ayda 12 min manat edir. Birincisi, “Jurnalist” MMC-nin dövlətə heç bir aidiyyəti yoxdur, yəni yığılan pul Vüqar Səfərlinin cibinə gedir. İkincisi isə il ərzində xidmət adı ilə külli miqdarda pul yığılır ki, o pulun məbləğində bina sakinlərinə heç bir xidmət göstərilmir".

 

"Binanın mühafizəçisi ancaq nərd oynamaqla məşğuldur. Damafonlar işləmir, nəticədə də binalarda dəfələrlə oğurluq hadisələri olub. Kamera sistemi, istilik sistemi, təmizlik xidməti yoxdur. Binanın həyətində uşaqların oynaması üçün normal meydança yoxdur, yaşıllıq zolaqları salınmayıb, jurnalistlər özləri iməcilik keçirib binanın həyətini təmizləyir, ağaclar əkirlər. Binanın yaxınlığında bir dənə olsun belə, mağaza fəaliyyət göstərmir. Bir sözlə, Vüqar Səfərli ancaq yığacağı pulu düşünür, jurnalistlərin necə yaşaması onunçün önəmli deyil. Düşünür ki, jurnalistlər onun bu əməlləri qarşısında onsuz da səslərini çıxaran deyillər, ona görə də rahat şəkildə bildiyini edir”, - deyə jurnalistlər bildiriblər.

 

Onlar qeyd ediblər ki, bina dövlətin balansındadır və bina istifadəyə veriləndən sonra sakinlər özləri yığışıb kooperativ yaratmalıydılar, həmin kooperativ xidməti işləri həyata keçirməliydi: "Bu isə olmadı, sakinlər “kupça” verilməsini gözlədilər. Mənzillərə "kupça" veriləndən sonra “Jurnalist” MMC-nin fəaliyyətinə son qoyulacaq. Çünki birinci binada ev alan bəzi jurnalistlər “kupça” alandan sonra həmin 50 qəpiyi ödəməkdən imtina etdilər. Vüqar Səfərli də bilir ki, bu binadakı mənzillərə də “kupça” verilsə, eyni hal baş verəcək və qazanc yeri azalacaq. Ona görə də bunu istəmir və “kupça”ların verilməsini yubadır”.

 

"Evi Prezident verib, hansısa məmur deyil"

Картинки по запросу Azər Rəşidoğlu

AYNA-ya danışan tanınmış jurnalist, ikinci binada mənzil sahibi olan Azər Rəşidoğlu düşünür ki, V.Səfərli “kupça” məsələsini ləngidəcək: “Bir məsələni anlamaq lazımdır. Jurnalistlərə mənzilləri Prezident İlham Əliyev bağışlayıb. Vüqar Səfərli ölkə rəhbərinin səlahiyyətlərini mənimsəyə bilməz. Onun müsahibəsindən heç nə anlamasam da, anladığım budur ki, Vüqar Səfərli gücü çatan vaxta qədər “kupça”nın verilməsini yubadacaq. Mənzillər bizə verilərkən, dövlət başçısı bildirdi ki, bu mənzillər jurnalistə bağışlanılır. Səfərli isə bildirir ki, biz orada müvəqqəti yaşayırıq. Əslində, mənzillərə çıxarışın verilməsi 2 ildən çox yubansa da, orada heç bir ciddi maneə qalmayıb. Çıxarışın verilməsi üçün bütün dövlət qurumları razılıq verib. Bəzi sənədlər var ki, onları KİVDF təqdim etməlidir. Vüqar Səfərli isə qulluq mövqeyindən istifadə edərək, sənədlərin təqdim edilməsini yubadır”.

 

A.Rəşidoğlu V.Səfərlinin səsləndirdiyi “xidməti ev” məsələsinə də münasibət bildirib: “Mən mənzillə bağlı KİVDF-yə heç bir müraciət etməmişəm, birbaşa Prezidentə müraciət etmişəm və bir tənqidçi jurnalist kimi mənzil almağıma kömək etməsini xahiş etmişəm, ölkə rəhbəri də xahişimi nəzərə alıb. Nə mənzil verilməmişdən öncə, nə də sonra kimsə mənə öz mövqeyimdən çəkilməklə bağlı göstəriş verib. Səfərlinin müsahibəsindən isə belə nəticə çıxır – özünü “yaxşı aparmayan” jurnalistin mənzilinə çıxarış verilməyəcək. Bu, artıq şantajdır”.

 

Jurnalist onu da deyib ki, ikinci binada mənzil alan tanınmış imza sahibləri bu gün Prezidentə müraciət edəcəklər: "Biz ölkə rəhbərindən xahiş edirik ki, bu məsələyə müdaxilə etsin və özünün bağışladığı mənzillərin taleyi cənab Səfərlidən asılı olmasın. Onun müsahibəsi jurnalistlər arasında mənfi qarşılanıb. Bəzi dairələr bizi təhqir edir və mənzillərə çıxarış verilməyəcəyini bəyan edirlər. Bir sözlə, mənzillərə çıxarışın verilməsini yubandıranlar jurnalistləri Prezidentə qarşı çıxmağa sövq edirlər. Biz əminik ki, ölkə rəhbəri bu məsələdə həqiqəti bilsə, təqsiri olanları cəzalandıracaq və çıxarışları ən qısa zamanda bizə təqdim edəcək. Bu gün Prezident İlham Əliyevə müraciət edərək, ondan yardım istəyəcəyik”.

 

"Belədirsə, təntənəli açılışa nə ehtiyac vardı..."

Картинки по запросу Xalid Kazımlı

Jurnalist Xalid Kazımlı da AYNA-ya açıqlamasında bildirib ki, ortada yanlış anlaşılma var: “Prinsipcə, Vüqar Səfərli jurnalistlərə bağışlanmış evləri "xidməti ev" adlandırmamılıdır. Çünki bu mənzillər jurnalistlərə mülk olaraq hədiyyə edilib. Əks təqdirdə həmin binanın o cür təntənəli açılışı olmaz, mediada bu qədər söz-söhbət, mübahisə, təqdir-tənqid prosesi getməzdi. Təsəvvür edə bilirsinizmi, bir nəfər kirayə evə çıxır və yaxınlarına qonaqlıq verir, onlar da onu kirayələdiyi yeni evə görə təbrik edirlər. Bu, absurd olar. O mənzillər jurnalistlərə mülk olaraq bağışlanıb. Bu gün başqa söhbət etmək illərlə görülmüş yaxşı bir işə kölgə sala bilər”.

 

“Bizim dediyimizi etməsəniz, mənziliniz əlinizdən alınacaq”

Картинки по запросу Bəxtiyar Hacıyev

Məsələyə ictimai fəal Bəxtiyar Hacıyev da münasibət bildirib. O, qeyd edib ki, V.Səfərlinin dedikləri jurnalsitləri hakimiyyətə qarşı qaldıra bilər: “Prezident jurnalistlərə mənzil verir, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyir ki, "jurnalistlərə mənzil verilməyib, o mənzillər dövlətindir, onlar xidməti evdə yaşayırlar". Yəni, hər an hansısa jurnalistin əlindən mənzilini ala bilərlər. Bu, bir az da “bizim dediyimizi etməsəniz, mənziliniz əlinizdən alınacaq”, - hədə-qorxusu və jurnalistlərə basqıdır. Eyni zamanda, bu, hətta hakimiyyətə loyal jurnalistləri də Prezidentə qarşı üsyana səsləməkdir”.

 

“Vüqar Səfərli bu hakimiyyətin Əhəd Abıyev, Abid Şərifov, Tağı Əhmədov kimi nadir məmur tapıntısı tipində adamlardandır. Yaxşı olardı ki, Vüqar Səfərli Prezidentin o binanın açılışındakı çıxışını diqqətlə, təkrar-təkrar oxusun. Biz də cənab Səfərlinin keşməkeşli bioqrafiyasını oxuyaq, görək, bu nadir tapıntı kadr, “əməkdar mədəniyyət işçisi”, “rabitə ustası” fəxri adlarının sahibi, dahi YAP-çının 1977-ci ildə qəzet çeşidləyicisi işləməkdən başqa jurnalistika ilə nə əlaqəsi var ki, bu gün KİVDF-yə rəhbərlik edir, qocaman jurnalistlərə hədə gəlir, Prezidentin verdiyi evi, az qala, “bizim evdə kirayədə qalırsınız” kimi təqdim edir?”, - deyə ictimai fəal əlavə edib.

 

"Prezidentin iradəsinə ehtiyac var"

Ramil Osmanlı sədr seçildi

AYNA Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ilə məsələnin qanunla necə tənzimlədiyinə aydınlıq gətirməyə çalışıb. R.Osmanlının sözlərinə görə, burada iki məsələyə diqqət yetirilməlidir: “Birinci məsələ idarəetmə ilə bağlıdır. Əgər binanın sahə mülkiyyətçilərinin sayı 50+1-i keçərsə, yerli idarəetmə formasına keçə bilərlər, yəni özləri binaya idarəetməni həyata keçirə bilərlər. Çıxarış verilib-verilməməsindən asılı olmayaraq, mənzil sahiblərinin yığışıb yeni bir qurum yaratmaq hüquqları var. O hüquqlara qarşı çıxan hər hansı fiziki, hüquqi şəxs İnzibati Xətalar Məcəlləsi ilə yüksək məbləğdə cərimə oluna bilər”.

 

“Binanın konkret olaraq qeydiyyat məsələsinə gəldikdə isə, burada müəyyən məqamlar var. Məsələn, Əflatun Amaşovun fikirləri ilə Vüqar Səfərlinin fikirlərində üst-üstə düşməyən məqamlar var. Vüqar müəllimin bəyanatında, hətta Əmlak Məsələləri Dövlət Komitəsinə yönəldilmiş təhdid var. O deyir ki, “qeydiyyata ala bilirlərsə, alsınlar”. Yəni "bizim razılığımız və müqaviləmiz olmadan qeydiyyata ala bilirlərsə, alsınlar". Vüqar Səfərlinin həmin binaya nəzarət imkanları binadakı mənzillər paylanana qədər idi. Hətta qanunvericiliklə həmin mənzillər jurnalistlərin mülkiyyətinə verilməsə, xidməti ev kimi verilmiş olsa belə, orada balans saxlayan təşkilat müəyyən olunmalıdır. Həmin təşkilat da Vüqar Səfərlinin rəhbərlik etdiyi qurum olmayacaq. Çünki həmin qurumun bu binanı idarə etmək imkanları qanunvericiliklə məhduddur. Bina başqa bir qurumun balansına verilə bilər. O halda da həmin binaya nəzarət qanunvericiliklə birbaşa Əmlak Məsələləri Dövlət Komitəsinə aid olacaq. Çünki dövlət əmlakının idarə olunması bu qurumun nəzarətindədir”, - deyə R.Osmanlı vurğulayıb.

 

Ekspert həmin mənzillərə çıxarışların verilib-verilməməsi məsələsinə də aydınlıq gətirib: “Hesab edirəm ki, istismara qəbul mülkiyyətə verilmə formasından asılı olmayaraq həyata keçirilməlidir. Mülkiyyətə verilmə məsələsinə gəldikdə isə, düşünürüəm ki, burada artıq başqa bir iradəyə ehtiyac var. Yəni bu məsələyə Prezident Administrasiyası səviyyəsində aydınlıq gətirilməlidir. Məncə, cənab Prezident bu məsələyə birbaşa müdaxilə etməyəcək, ancaq yəqin ki, Prezident Administrasiyası müdaxilə edəcək. Hesab edirəm ki, jurnalistlərin narahat olmasına ehtiyac yoxdur. Xidməti ev formasında verilmiş olsa belə, həmin mənzilləri heç kim onlardan alası deyil.

Картинки по запросу Əflatun Amaşov

Qeyd edək ki, yaranmış məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da münasibət bildirib. O deyib ki, həmin mənzillər Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsidir: "Bu, eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir. O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranmış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaqdır”.

Müəllif: Rumiyyə Miraslan      4 Sentyabr 2019 14:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin