Moskvanın mühüm simasının Bakıda nə işi ola bilər – PƏRDƏARXASI MƏQAM

Moskvanın mühüm simasının Bakıda nə işi ola bilər –     PƏRDƏARXASI MƏQAM

Rauf Mirqədirov: “Nikolay Patruşevin Azərbaycana səfəri iki məqsəd daşıya bilər”

 

Xəbər verdiyimiz kimi, Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfərə gələcək. Onun səfər zamanı Rusiya ilə Azərbaycan arasındakı təhlükəsizlik məsələlərini müzakirə edəcəyi, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, həmçinin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə görüşəcəyi qeyd olunub.

Sözügedən səfəri AYNA-ya şərh edən politoloq Rauf Mirqədirov Patruşevin Azərbaycana tez-tez gəldiyini xatırladıb: “Patruşev Azərbaycana tez-tez səfər edir. Hətta bu yaxınlarda Ermənistana da səfər etmişdi. Ermənistandan sonra Azərbaycana gəlməsi, ola bilsin ki, son zamanlar yaranmış vəziyyəti müzakirə etmək istəyi ilə bağlıdır”.

 

Politoloq düşünür ki, rusiyalı yetkili Azərbaycan ilə Ermənistan arasındakı vəziyyəti müzakirə etməyə gəlib: “Patruşev kifayət qədər informasiyalı, pərdəarxası məqamlarla tanış olan adamdır. Sadəcə hazırda onun məqsədi başqadır. Çünki onun vəzifəsi ya təhlükələri aradan qaldırmaq, ya da yaranmış təhlükələri gücləndirməkdən ibarətdir”.

“O, Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın maraqlarına bağlı hansısa məsələləri müzakirə etmək üçün də gələ bilər. Hazırda Ermənistan ilə Azərbaycan arasında müəyyən bir gərginlik var. Xüsusən də Paşinyanın son zamanlar verdiyi qərarlar bu gərginliyi daha da artırıb. Lakin Rusiya indiki məqamda regiondakı gərginliklə deyil, daha çox region dövlətlərini maraq dairəsində saxlamaqla məşğuldur. Ona görə mən düşünürəm ki, Patruşevun əsas məqsədi bu mövzuda qapalı danışqlar həyata keçirməkdir”, - Mirqədirov vurğulayıb.

 

Bununla belə, siyasi şərhçi inanmır ki, bu səfər Dağlıq Qarabağ məsələsində ciddi dönüş nöqtəsi yaratsın: “Bu səfər daha çox nəzarət xarakterli, ənənəvi bir səfərdir. Görünür, müəyyən məqamlar var ki, bu məqamların da özünəməxsus “zakulisi” var. Bu məqamlarda da qarşı tərəfi hansısa problemə ya təhrik etmək, ya da problemin qarşısını almaq lazımdır. Patruşevin işi də məhz bundan ibarətdir”.

Müəllif: Mərahim Nəsib      3 Sentyabr 2019 16:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin