"Yeni bank böhranı qapıdadır"

"Yeni bank böhranı qapıdadır"

"Bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir"

 

"Yeni Bank böhranı qapıda. Prezidentin problemli kreditlərin yarımçıq həlli ilə bağlı fərmanının icrası bitdi, hökumət bu sahədə bütün problemlərin həll olunduğunu bəyan etməyə, vurğulamağa çalışır. Rəsmi rəqəmlər və trendlər onu göstərir ki, yeni Bank böhranı ölkənin qapısını döyür". AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb.

 

Ekspertin sözlərinə görə: "Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin məbləği bu il avqustun birinə 1 487,4 milyon manat təşkil edib, bu keçən ayla müqayisədə 0,1% çoxdur - yəni, problemli kreditlərin artması trendi var. Avqustun 1-ə bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub - yəni, bu gün bank sektorunda 11% problemli kreditlər var, dünya təcrübəsi deyir ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3%-i keçsə, artıq böhranlı vəziyyət yaranır, bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir".

 

Natiq Cəfərli qeyd edib ki: "Bizdə isə bu norma 3 dəfədən çox aşılıb. Yaxşı, bəs nədən problemli kreditlər artır: Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır - İyun ayının sonu ilə müqayisədə İyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına, yəni istehlak krediti kimi verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4%-ə yüksəlib. Yəni, kreditlərin az qala yarısı istehlak kreditləridir, bu isə ölkə iqtisadiyyatının "xəstə" olmasını göstərir. Tamam, bəs nədən belə vəziyyət yaranır? Ölkə iqtisadiyyatı dünyada ən primitiv iqtisadi modellərdən biridir. Bacarıqsız hökumət uzun illər bəsit model qurub və bunu uğur kimi bizə sırımağa çalışır. Məmləkətdə iqtisadi aktivlik ancaq büdcə xərclərinə və istehlak kreditlərinə bağlıdır - neft satılır, pul büdcəyə gəlir, ordan təmir-tikinti, investisiya xərclərinə və maaşlara yönəlir, investisiya xərcləri həm məmurlar üçün korrupsiya, həm də qara camaat üçün bəsit dolanışıq, dayanıqsız iş yeri mənbəyidir. Sonra məmurlara bağlı banklar yüksək faizlə istehlak krediti verir, həmin məmurlara bağlı iri şirkətlər ölkəyə TV, telefon, mebel, bəyaz əşya gətirir, öz banklarından öz mallarını satmaq üçün qara camaata kredit verib 2 qat pul qazanırlar - belə bir qısır döngə, primitiv model qurub ölkə idarə edirlər. Camaat da sabahını düşünmədən kredit götürüb xərcləyir, hökumət isə, ümumiyyətlə, bu günlə yaşayaraq, bu vəziyyəti iqtisadi artım kimi təqdim edir - bax belə bir epoxada yaşayırıq". 

Müəllif: Ayna.az      31 Avqust 2019 19:09
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar