Bakıdan Gürcüstana yeni reys açılır – HƏFTƏDƏ ÜÇ DƏFƏ

Bakıdan Gürcüstana yeni reys açılır –     HƏFTƏDƏ ÜÇ DƏFƏ

İyul 1-dən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksində Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin ixtiyarına verilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, cari ilin 1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da BBAK-dan Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.

 

Avtobus Gürcüstanın Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.

 

Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir. Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından ala bilərlər.

 

Biletlər “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər.

 

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

 

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.

Müəllif: Ayna.az      20 İyun 2019 20:00
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar