PFL prezidenti: ““Qarabağ”dan göyük gözləntimiz yoxdur, amma ölkəmiz üçün mühüm hadisə olacaq”

PFL prezidenti: ““Qarabağ”dan göyük gözləntimiz yoxdur, amma ölkəmiz üçün mühüm hadisə olacaq”

Ramin Musayev: “O klubların Azərbaycana gəlişi gələcəkdə legionerlərlə işləmək baxımından futbolumuza böyük xeyir verəcək”

 

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasında püşkatma mərasimi sona çatıb. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın rəqibləri bəlli olub. Ardıcıl 6-cı dəfə qruplara vəsiqə qazanan ölkə çempionu, prinsipial rəqibi APOEL ilə yanaşı, ardıcıl 3 dəfə Avropa Liqasını qazanmış “Sevilya”nı da Bakı Olimpiya Stadionu ilə tanış edəcək.

 

“Qarabağ”ın qazandığı nəticələr və keçirəcəyi oyunlar, ölkə futboluna nə kimi töhfələr verə biləcəyi, hansı uğurlara imza atacağı, yerli çempionatın inkişafı baxımdan hansı avantajlar əldə edəcəyi azarkeşlər tərəfindən maraqla gözlənilir. AYNA əməkdaşı bu məsələyə dair Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin fikirlərini öyrənib.

 

Həmsöhbətimiz “Qarabağ”dan gözləntilərin o qədər də çox olmadığını deyib: “Ümid edirik ki, hər şeyə rəğmən azarkeşlərimiz bu dəfə də “Qarabağ”ı tək qoymayacaqlar və klubumuz da öz növbəsində azarkeşləri sevindirməyə davam edəcək”.

Püşkatmanın nəticələri və ölkəmizə təşrif buyuracaq komandalar haqqında danışan R.Musayev bildirib ki, “Qarabağ” artıq illərdir ölkəmizə kifayət qədər güclü və nisbətən zəif rəqiblərin gəlməsinə vasitəçi olur: “Hətta ölkəmizə dünya üzrə tanınmış elə komandalar gəlib ki, onların bir futbolçusunun qiyməti bizim komandaların büdcəsindən baha olub. Belə olan halda, onu demək olar ki, burada əsas rol yenə də gücdən asılı olacaq”.

 

“Ümumiyyətlə biz yenə gözləyirdik ki, bu dəfə də məşhur klublardan biri ölkəmizə gələcək. Məşhur klubların ölkəmizə gəlməsi də, ilk növbədə dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Çünki ölkəmizə gələcək komandaların oyunçuları Azərbaycan futbolundan, Azərbaycan klublarından xəbərsiz ola bilər. Lakin ölkəmizə gələndən sonra ölkəmizdən də, onun futbolundan da xəbər tutacaqlar”, - deyə PFL prezidenti vurğulayıb.

 

“Ölkəmizə gələcək komandaların bizdən məmnun qalacağına əminik. Gələcəkdə legionerlərlə işləmək baxımından bu məqam futbolumuza böyük xeyir verəcək. Heyəti gücləndirmək üçün şans yaradacaq. Bu da bizim ən böyük qələbəmiz olacaq”, - Musayev vurğulayıb.

 

Qeyd edək ki, dünən "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb. Matç 2:1 hesabı ilə klubumuzun xeyrinə başa çatıb. Bununla da "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə 6-cı dəfə vəsiqə qazanıb.

Müəllif: Mərahim Nəsib      30 Avqust 2019 21:00
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar