"Bəzən Gürcüstanda elə bilirlər ki, onlara yardım etmək Azərbaycanın borcudur"

"Bəzən Gürcüstanda elə bilirlər ki, onlara yardım etmək Azərbaycanın borcudur"

Tofiq Abbasov: “Kvirikaşvili dövründəki kimi açıq-aydın, gözdağı verəcək səviyyədə ermənipərəst siyasətə meyl edərlərsə, o zaman onlara təsir göstərmək üçün imkanlarımız çoxdur”

 

Türkiyənin Ərciyəz Universitetinin "Ermənişünaslıq" bölməsinin rəhbəri, professor Qafar Çaxmaqlı AYNA-ya müsahibəsində, Qarabağ probleminin azad edilməsi istiqamətində müəyyən təkliflər irəli sürmüşdü. Həmin təkliflərdən biri də ondan ibarət idi ki, Azərbaycan Gürücüstanı Ermənistanla siyasi münasibətlərinə, əlaqələrə yenidən baxmağa məcbur etməlidir.

 

"Yəni Azərbaycan çalışmalıdır ki, Gürcüstan-Ermənistan əlaqələri Türkiyədə-Ermənistan əlaqələri səviyyəsində olsun", - deyə Çaxmaqlı vurğulamışdı.

 

Professorun bu fikri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən dəstəklənib. Həmçinin qeyd olunub ki, bunu Gürcüstanın Azərbaycana olan 7,269 milyon (7.2 milyard) ABŞ dolları məbləğində borcun qarşılığında da tələb edə bilərik.

 

Maraqlıdır, belə bir addım atmaq mümkün olarmı? Əgər mümkün olarsa və Azərbaycan buna gedərsə, Gürcütanın cavab reaksiyası necə olar? Ümumiyyətlə, Qarabağ probleminin həllində bu təklif nə qədər effektivdir?

 

AYNA-nın bu suallarına politoloq Tofiq Abbasov aydınlıq gətirib.

 

O bildirib ki, Azərbaycan Gürcüstana bu barədə ultimatim verə bilməz: “Azərbaycanla Gürcütsan faktiki olaraq eyni geosiyasi çəkiyə malik dövlətlərdir. Düzdür, Azərbaycanın sayəsində cənubi Qafqazda çox münbit əməkdaşlıq şəraiti formalaşıb. Gürcüstan da bizim tərfdaşımız, partnyorumuz kimi Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən kifayət qədər tutarlı xeyir götürür, rasional nəticələr əldə edə bilir. Əslində, Qafqaz bölgəsində ən uğurlu işləyən formatlardan biri Azərbaycan-Türkiyə-Gürcüstandır əməkdaşlığıdır”.

Image result for tofiq abbasov

Politoloq xatırladıb ki, sabiq Baş Nazir Georgi Kvirikaşvilinin dövründə Gürcüstanın Azərbaycana qarşı bir sıra anlaşılmaz təşəbbüsləri oldu: “Xüsusilə Ermənistana dəbdəbəli səfər etdi, həmçinin Ermənistanın rəhbəri Paşinyan Gürcüstana gəldi. Ara-sıra anti-Azərbaycan, anti-türk meylləri özünü əks etdirdi. Həmin dövrdə Gürcüstanın, əsasən ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsində terrorçu quldura heykəl qoyuldu və Gürcüstan hökuməti buna göz yumdu".

 

"Halbuki elə mənfur hərəkətlərə yol verilməməliydi. Çünki Gürcüstanın Azərbaycanla münasibətlərində itirə biləcəyi çox şeylər var. O zaman da Azərbaycan mediası, həmçinin siyasi elitası bu məsələdə çox prinsipial mövqe nümayiş etdirdi. Sonra isə Kvirikaşvili hökuməti istefa verdi. İndi münasibətlərimiz daha sanballı bir görkəm alıb. Düzdür, indi də Prezident Salome Zurabişvilinin bəzi açıqlamaları, hərəkətləri ilə ikitərəfli münasibətlərimizin müsbət kontekstinə oturuşmur”, - deyə Abbasov vurğulayıb.

 

“Azərbaycan, təbii ki, Cənubi Qafqazda söz sahibidir və Gürcüstanla münasibətdə də həmin bu müttəfiqliyin, tərəfdaşlığın lokomativi məhz bizik. Və biz o sözü deyə bilərik, münasibətimizi əks etdirə bilərik. Hətta rəsmi, diplomatik və qeyri-leqal yollarla da bunu onların diqqətinə çatdıra bilərik. Ancaq sual yaranır ki, Gürcüstan elitası buna nə dərəcədə hazırdır? İkinci tərəfdən də, Gürcütsan elə bir ölkədir ki, orada erməni faktoru var. Digər tərəfindən, oradakı erməni icmasının nümayəndələri gürcüləşiblər, özlərinin erməni kökənli olduğunu gizlədirlər”, - müsahibimiz əlavə edib.

 

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın bu məsələdə əlində olan riçaq ancaq ondan ibarətdir ki, ilk növbədə imicimizi möhkəmləndirməkdə davam etməliyik: "Digər tərəfdən, Gürcüstana vaxtaşırı xatırlatmalar etməliyik ki, onlara verdiyimiz töhfələr, bərabər işlədiyimiz layihələr, infrastruktur proqramları həqiqətən də unikal və universaldır. Gürcüstan, ən azı, bunların qədrini bilməlidir. Bir halda ki, parlamentimizdə Gürcüstan-Azərbaycan dostluq qrupu var, Milli Məclisin nümayəndələri tez-tez Gürcüstana səfər edirlər, orada xeyli sayda humanitar yardım proqramları həyata keçiriblər, böyük təşəbbüsləri reallaşdırıblar, əlbəttə ki, bütün bunların mahiyyətini onların diqqətində saxlamağı özümüzə vəzifə bilməliyik”.

 

“Adətən biz nəyisə edirik, ancaq sonradan centlimenliyə vararaq etdiklərimizin üzərindən keçirik. Qarşı tərəf də elə bilir ki, bu, bizim borcumuzdur. Xeyr, borcumuz deyil. Azərbaycanın Gürcüstanın boynunda haqqı var. Buna görə də erməni məsələsində gürcülər Azərbaycanla bağlı mövqelərini çox adekvat şəkildə sərgiləməlidirlər”, - deyə ekspert qeyd edib.

 

Gürcüstanın Azərbaycana olan borcuna gəldikdə isə, T.Abbasov deyib ki, Azərbaycan ancaq borcunu ödəməyi tələb edə bilər: “Azərbaycan bölgədə ən varlı dövlətdir. Biz öz imkanlarımızı uğurla sərf edirik və qazanc götürürük. Və həmin qazancdan bizim tərəfdaşlarımızın da payına düşür. Gürcüstana öz borlcarını xatırlatsaq, onları təhrik etməyə, hədələməyə başlasaq, o zaman bu, necə tərəfdaşlıq olur? Belə olan təqdirdə biz özümüzü onların qarşısında bədnam edə bilərik”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Gürcüstan heç bir halda Azərbaycanın neft boru kəmərini bağlaya bilməz: “Çünki Gürcüstan beynəlxalq səviyyədə təsdiqini tapmış enerji-nəqliyyat layihəsinin iştirakçısıdır. Onların rəsmilərinin həmin sənədlərdə imzası var. Ona görə də bizi təhrik edə bilməzlər. Çünki həm də bizim təklif etdiyimiz layihələrdən xeyir götürürlər, büdcələrinə pul gəlir. Həmçinin tranzitə görə Azərbaycandan pul alırlar. O cümlədən Azərbaycanın qeyri-neft sektoru da inkişaf etməyə başlayıb. Neft və qazdan başqa xaricə digər məhsullar da ixrac edirik. Ona görə də Gürcüstan bizə meydan oxuya bilməz. Oxusa da, haradasa, bu, ikinci qüvvələrin təhriki ilə baş verə bilər”.

 

Tofiq Abbasov Gürcüstanla Azərbaycanın bir-birinə yardımlarını da yada salıb: “Azərbaycan, əlbəttə ki, Gürcüstana çox kömək edib. Saakaşvilinin dövründə qışın "oğlan çağı" Gürcütsan soyuqdan donmasın deyə, Azərbaycan Gürcüstana təcili formada qaz nəql etdi. Bunun qarşılığında da ötən il Azərbaycan işıqsız qalanda Gürcüstan bizə elektrik enerjisi verdi. Yəni sağlam qonşuluq siyasəti nəticəsində belə cəhdlərin ikitərəfli formatda həyata keçirilməsi yaxşı göstəricidir. Həmçinin borcu yada salmaq yaxşı iş deyil”.

 

“Yox, əgər Kvirikaşvili dövründəki kimi açıq-aydın, gözdağı verəcək səviyyədə ermənipərəst siyasətə meyl etsələr, o zaman Azərbaycanın onlara təsir göstərmək üçün vasitələri, imkanları çoxdur”, - deyə müsahibimiz fikrini tamamlayıb.

 

Qeyd edək ki, Gürcüstan Maliyyə Nazirliyinin avqustun 1-nə olan hesabatında bildirilir ki, ölkənin ümumi xarici dövlət borcu 5 361,209 milyon dollar olub. Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312,859 milyon dollar), Fransa (234,33 milyon dollar) və Yaponiya (215,789 milyon dollar) yer alıb. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu 13,98 milyon dollar, 56,478 milyon dollar və 7,903 milyon dollara bərabər olub.

Müəllif: Rumiyyə Miraslan      4 Sentyabr 2019 19:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin