“Vergi vermək vətənə sevgi deyil”

“Vergi vermək vətənə sevgi deyil”

Natiq Cəfərli: “Vergini toplayan hökumət vətəndaşın xidmətçisi olmalıdır”

 

“İstənilən vergi işçisindən və ya dövlət məmurundan soruşun ki, “vətəndaş niyə vergi verməlidir”, deyəcək, “bu, nə sualdır, onun borcudur, vergi verməmək cinayətdir, ödəməyənlər cəzalandırılmalıdırlar”. Amma əminəm ki, heç bir məmur bu günə qədər verginin təməl fəlsəfəsini anlaya bilməyib”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. O, fikrinə belə davam edib:

“Adi məntiqi ardıcıllıq quraraq sual verəcəm ki, mən – vətəndaş niyə vergi ödəməliyəm. Vətəndaş ona görə vergi ödəyir ki:

 

1) Dövlətin təhlükəsizlik xərclərini öz üzərinə götürsün, yəni ölkəsinin sərhədləri qorunsun, torpaqları işğal edilməsin, məmləkət yadellilərin tapdağı altına düşməsin;

2) Daxili təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanlarının xərcini ödəsin, yəni polis onu müdafiə etsin, məhkəmə onun haqqını qorusun, və ya bərpa etsin;

3) Yaşadığı ölkənin təhsil və səhiyyə sistemi normal çalışsın, ona keyfiyyətli xidmət etsin;

4) Məmləkətin yolları yaxşı olsun, kommunal xidmətləri normal çalışsın, işığı-qazı-suyu kəsilməsin;

5) Ölkəsinin hökuməti ondan topladığı verginin hesabatını versin, hökumətin göstərdiyi xidməti, xərclərinin rasionallığını bəyənməsə, onu, yəni hökuməti seçki ilə dəyişsin.

 

Yəni, verginin əzəldən fəlsəfəsi budur, vergi birtərəfli deyil də, ikitərəfli yoldur. Vergi toplayanların tək səlahiyyəti olmur, həm də məsuliyyətləri olmalıdır. Vergi ödəyənlərin də tək məsuliyyəti olmur, həm də vergi ödədiyinə görə səlahiyyətləri yaranmalıdır.

 

Beləliklə vergi ödəmək vətənə sevgi zad deyil, vətəni şeirdən, mahnıdan yazıb sevmək də olar. Ya da hərbi xidmətdə vətənə sevgi bildirmək mümkündür. Vergi vətəndaşın bəlli xidmətləri almaq üçün hökumətə ödədiyi vəsaitdir. Vergini toplayan hökumət də vətəndaşın xidmətçisi olmalıdır, aldığı vəsaitin məsuliyyətini dərk etməli, hesabatını verməlidir. Bu işin duası, fəlsəfəsi, təməli belə olmalıdır”.

Müəllif: Ayna.az      27 Avqust 2019 16:16
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar