Cənub bölgəsində baş verən uçqun yeni zərurət meydana çıxarıb

Cənub bölgəsində baş verən uçqun yeni zərurət meydana çıxarıb

Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür

 

“Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş verib, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranıb. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranıb”.

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir.

“Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində yolun normativ eninin alınması üçün döngələrdə qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, yol profilə salınır və yeni yol yatağı inşa edilir” – deyə Nəcəfli bildirib.

AAYDA sözçüsünün dediyinə görə, Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri də görülür, dəmir-beton küvetlər inşa edilir: “Bundan başqa bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır. Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Düzləndirici asfalt qatı, ardı ilə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi təmin edilir. Layihəyə uyğun olaraq yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri görülür. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq, dəmir-beton svaylar vurulur”.

 

O, əlavə edib ki, yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 6 avtobus dayanacağı, hərəkətin normal təşkili üçünsə yol boyu zəruri olan yerlərdə yol nişanı, məlumatverici lövhə, siqnal dirəkləri və km göstəriciləri quraşdırılacaq.

Müəllif: Ayna.az      20 İyun 2019 11:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar