Dövlət bəzi vətəndaşlara xüsusi imtiyaz verir – ŞANSINIZI İTİRMƏYİN

Dövlət bəzi vətəndaşlara xüsusi imtiyaz verir –     ŞANSINIZI İTİRMƏYİN

Vətəndaş indi öyrənib ki, sən demə, dövlət onun övladının müalicəsi, istirahəti üçün imkan yaradırmış

 

Qanunverciliklə xüsusi xəstəliyi və fiziki məhdudiyyəti olan uşaqlar ildə bir dəfə dövlət tərəfindən, müalicə almaları üçün sanatoriyalara göndərilirlər. Lakin heç də bütün valideynlər bu barədə məlumatlı deyillər.

 

Nəticədə onlar qanuni haqlarından istifadə edə bilmir və övladları üçün yaradılan imkandan məhrum olurlar. İllər sonra qanundan xəbər tutduqlarında isə, artıq gec olur.

 

AYNA-ya müraciət edən, fiziki məhdudiyyəti olan azyaşlı övlad anası Gülər Xanlarova da belə vətəndaşlardandır. O, təzəlikcə öyrənib ki, sən demə, dövlət onun övladının müalicəsi, istirahəti üçün xüsusi imtiyaz tanıyırmış.

 

“İndi bilmişəm ki, uşağın ötən 7 il ərzində dövlət hesabına sanatoriyada müalicə ala bilərmiş. Amma bundan xəbərsiz olmuşam. Görəsən, həmin 7 ilin hansısa formada kompensasiyasını ala bilərəm?”, - deyə vətəndaş soruşub.

 

AYNA-nın bu sualı ünvanlandığı hüquqşünas Asif Abdullayev bildirib ki, hər il öz zamanında istifadə olunmalı olan bu imkan, vaxtı keçdikdən sonra itirilmiş hesab olunur: “Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sanatoriya-kurort müalicəsinə göndərilməsi Nazirlər Kabinetinin 128 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. Həmin qərara əsasən, sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən bu imkanla təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində). Sanatoriya-kurort yollayışlarını almaq üçün tələb olunan əsas sənəd tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort sənədidir. I qrup əlilin və ya sağlamlıq imkanları məhdud uşağın müşayiətçiyə ehtiyacı varsa, sanatoriya-kurort yollayışında "müşayiətçiyə ehtiyacı var" sözləri yazılır. Qaydalara əsasən, bu şəxsləri müşayiət edən şəxslər də (valideyn, qəyyum və sair) yollayışla təmin olunurlar”.

“Sanatoriya-kurort göndərişlərini almaq üçün qeyd olunan şəxslər ərizələrini və sanatoriya-kurort kartını sanatoriya-kurort göndərişi ilə təmin olunduqları aidiyyəti idarə, müəssisə, təşkilata təqdim etməklə sanatoriya-kurort kartının verildiyi tarixdən növbəyə götürülür və bu qaydalara uyğun olaraq təmin olunurlar. Sanatoriya-kurort göndərişləri vermiş idarə, müəssisə, təşkilat və orqanlarda "geri qayıtma" talonunun qeydiyyatı aparılır və yollayışın istifadəsini təsdiq edən sənəd kimi saxlanılır”, - deyə hüquqşünas əlavə edib.

 

Onun sözlərinə görə, qaydalara əsasən, uşaqları bu cür yollayışla təmin etmək üçün heç bir ödəniş nəzərdə tutulmur: “Yollayışların (həmçinin əvvəlki illər üçün) əvəzinə pul və sair kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Məhz bunu nəzərə alaraq əlavə edim ki, 7 il sonra hansısa bir şəkildə ona düşən istirahət paketini və ya onun əvəzinə hər hansısa pul məbləği tələb etmək mümkün deyil. Zamanında bunu etmək lazım idi. Zaman keçdisə, onu tələb etmək mümkün deyil”.

 

“Həm də öncə həkim həmin uşağı müayinə edir və onun sanatoriyaya gedib-getməməyinə qərar verir. Daha sonra növbə ilə uşaqlar sanatoriyalara yerləşdirilir. Ona görə valideynin hal-hazırkı istəyinin təmin olunması qanunla mümkün deyil”, - deyə A.Abdullayev diqqətə çatdırıb.

Müəllif: Təranə Xudabaxşiyeva      25 Avqust 2019 10:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar