Mübariz Mənsimovdan sərt cavab: “Oğurladığınız pullarla öyünürsüz”

Mübariz Mənsimovdan sərt cavab:      “Oğurladığınız pullarla öyünürsüz”

Azərbaycanlı iş adamı: "Ay bisavadlar, siz axı hardan biləsiniz ki, tanker nədir, quru yük gəmisi nədir"

 

“Palmali” Şirkətlər Qrupunun sahibi, Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamı barəsində yayılmış xəbərə münasibət bildirib. AYNA xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” səhifəsində məlumat paylaşıb:

 

“Quru yük və tanker gəmilərini ayıra bilməyən, amma oğurluq pulla sifariş verib yazı yazdıran bisavadlara buradan müraciət edirəm. Yorulmadınız mənim haqqımda səviyyəsiz xəbərlər yazdırmağa? Siz o yazılarla məni ləkələyə biləcəyinizi düşünürsüz? Məndən “xalq düşməni” düzəltməyə çalışırsınız?

 

Kimdir Azərbaycan xalqının dəyərlərinə hörmət etməyən?! Bunu heç olmasa, siz deməyin, xalqın neftini satıb, bu dünyada özünüzə cənnət qurmusunuz. Bütün Avropa sizdən və sərvətinizdən, cibinizə axan neft pullarını limitsiz xərcləməyinizdən danışır. Dəyərdən danışan dəyərsizlər!

 

Əsl dələduz sizsiniz, “SOCAR Trade”i biz qurduq, siz oğurladınız, orda-burda yalandan öyünürsüz. O şirkəti Azərbaycan neft şirkəti ilə mən Mübariz və dostum Qalovuşkinlə birlikdə quraraq, Azərbaycan neftini dünya bazarına cıxardıq. Və utanmadan indi deyirsiniz ki, bunu siz etdiniz. Sənədlərə ehtiyac varsa, tək-tək ortaya qoyaram! Davamını gətirim? Sizin kim olduğunuzu xalq yaxşı bilir.

 

Gəmiyə gəldikdə, bəli, “Məhəmməd Əmin Rəsulzadə” bizim donanmanın yeni gəmisidir. 2019-cu ilin standartlarına uyğun reniveyşn edilmiş loyd tərəfindən təsdiqlənmiş və həyəcanla səfərə cıxmasını gözlədiyimiz gəmidir. Bu gəmi tankerdən quru yük gəmisinə cevrilmiş və yük gəmisi olaraq dünya sularında üzəcək.

 

Ay bisavadlar, siz axı hardan biləsiniz ki, tanker nədir, quru yük gəmisi nədir. Bir də ki, gəminin texniki baxımdan, yeni və ya köhnə olmasının adın əbədiləşdirilməsinə nə aidiyyatı var?

 

Axmaqlar, lap elə 21 illik gəminin adını dəyişərək, “Məhəmməd Əmin Rəsulzadə” qoymuşamsa, burada nə var? Siz Rəsulzadə adının əbədiləşdirilməsi ilə bağlı nə etmisiniz bu günə qədər? Həm də ki, adı “qara siyahı”da olan bir gəmi dünya sularına necə buraxıla bilər?!

 

Gəmidə son boyama işləri görülür və yola cıxmaq üzrədir. Biz “Palmali” olaraq millətimin baş tacı olan hər bir azərbaycanlının adını əbədiləşdirməyə davam edəcəyik. Necə ki, Heydər Əliyev, Mir Cəlal Paşayev, Mübariz İbrahimov adları dünya sularında yaşayır, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adları verilmiş gəmilər də eyni şəkildə fəaliyyət göstərəcək».

 

Qeyd edək ki, bu gün bəzi Azərbaycan KİV-də M.Mənsimovun köhnə gəmiyə Rəsulzadənin adını verdiyi barədə xəbər yayılıb. Xəbərdə bildirilir ki, o, 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən bir gəmisinin adını dəyişdirərək Rəsulzadənin adını verib. O da qeyd olunur ki, həmin gəmi bir çox ölkələrin qara siyahısındadır.

Müəllif: Ayna.az      19 İyun 2019 18:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar