Bakının mərkəzində sirli ibadətgah: “O müqəddəs burada əzaba düçar oldu...”

Bakının mərkəzində sirli ibadətgah: “O müqəddəs burada əzaba düçar oldu...”

“Həvari Varfolomeyin öldürüldüyü yer Bakının mərkəzində, Qız Qalasının ətəyindədir”

 

Xristianlıqla bağlı olan sirli yerlərdən biri Azərbaycanın paytaxtında yerləşir. Bakının mərkəzindəki Qız Qalasının ətəyində turistlər üçün “Müqəddəs Varfolomey Kilsəsi. Qorunan fraqmentlər” yazılmış löhvə bu gün qorunub saxlanılan xarabalıqların yanında yerləşdirilib.

 

Bakı yeparxiyası (xristianlarda: arxiyerey tərəfindən idarə olunan kilsə okruqu, dini inzibati vahid) iddia edir ki, məhz burada əsrlər bundan əvvəl apostol Varfolomey vəfat edib. Hər il Müqəddəs Varfolomey günündə (24 iyun) pravoslav xristianları və avqustun 24-də isə katoliklər, İsa Məsihin on iki şagirdindən birinin xatirəsini yad etmək üçün buraya gəlirlər.

Bir neçə əsr əvvəl, Bakının əsas simvolu olan Qız Qalasının yanında - qübbələri olan ağ bir ibadətgah öz ziyarətçilərini qəbul edib. Kilsənin divarındakı xatirə mərmər lövhəsində qeyd olunub ki, “Məsihin 12 şagirdindən biri olan müqəddəs Varfolomey həmin bu yerdə Məsih üçün öz qanını töküb”. Məbədin varlığı da o dövrün fotoqrafları tərəfindən çəkilən fotoşəkillərlə təsdiqlənir.

 

AYNA xəbər verir ki, “Moskva-Baku” saytına müsahibəsində, azərbaycanlı yepiskop Aleksandr Qafqazda xristianlığın yayılmasının bu mərhələsindən danışıb: “İsa Məsihin 12 həvarisi dinin hansı ölkədə təbliğ ediləcəyi üçün püşk atıb. Cənubi Qafqaz, xüsusən də Qafqaz Albaniyası həvari Varfolomeyə düşüb. Və burada həvarinin həlak olması - xristianlığı təbliğ etdiyinə görə çarmıxa çəkilərək əzablı ölümə məhkum edilməsinin şahidi olublar”.

Aleksandrın sözlərinə görə, həvari Varfolomeyin öldürüldüyü yer Bakının mərkəzində, Qız Qalasının ətəyindədir: “Daha sonra, orada bir kilsə tikilib, üzərində "Burada həvarilərdən biri Müqəddəs Varfolomey Məsih üçün əzaba düçar oldu" yazısı olan xatirə lövhəsi qoyulub”.

 

Tarix elmləri namizədi Solmaz Hüseynovanın sözlərinə görə isə, iki min il əvvəl, qədim alban diyarı, indiki Azərbaycanda xristianlıq müqəddəs həvari Varfolomeyin “İncil” xütbəsi ilə elan edilib: "O, eramızın 71-ci ilində çarmıxa çəkilib. Sonra bu yerdə bir alban məbədi tikildi, daha sonra isə, 1892-ci ildə Müqəddəs Varfolomey İbadətgahı meydana gəlib”.

 

“İbadətgahı Rusiya üslubunda, dəyəri 2000 rubl olan xüsusi ianələr üzərində qurublar. Həvari Varfolomeyin və digər dini ikonaların (xristianlıqda Allahın, yaxud digər müqəddəslərin şəkli) təsviri kiçik bir ibadətgahda quraşdırılıb. Kilsələr 1936-cı ilə qədər fəsliyyətini dayandırdı, sonra Sovet dövründə də bu ibadətgah ölkənin bir çox dini abidələri kimi, ateizm siyasətinin qurbanı oldu”, - deyə S.Hüseynova bildirib.

Onun sözlərinə görə, yalnız 1964-cü ildə İçərişəhərdəki arxeoloji qazıntılar zamanı Varfolomey ibadətgahının qalıqları aşkar edilib: “O vaxtdan bəri, xristianlar buraya axın etməyə başlayıblar və 2000-ci illərin əvvəllərində xarabalıqların parçaları yanında turistlər üçün Müqəddəs Varfolomey kilsəsinin olduğu barədə bir xatirə lövhəsi yerləşdirildi”.

 

Ərazi üzrə bələdçi, Səbinə adlı qadın da ibadətgah haqda danışıb: “Yerli pravoslavlar onu Bakının himayədarı hesab edirlər. Maraqlıdır ki, ibadətgahın qalıqları İçərişəhərin iki əsas görməli yeri - Qız Qalası ilə Tağşəkilli dini-memarlıq kompleksi arasında yerləşir. Dağıntıları keçərkən bir çox katoliklər - Avropadan gələn turistlər təəccüblənirlər, çünki əvvəllər Müqəddəs Varfolomeyin bir vaxtlar Azərbaycan torpaqlarında təbliğat apardığını bilmirdilər”.

 

Yazının sonunda qeyd olunur ki, hər il Müqəddəs Varfolomey günündə Bakı kilsəsinin xarabalıqları qarşısında izdihamlı şəkildə anım-dua mərasimi keçirilir.

Müəllif: Ayna.az      23 Avqust 2019 10:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar