MiQ-29 qəzası ilə bağlı yeni şübhələr ortaya çıxır: O "yad cisim" quş ola bilməz

MiQ-29 qəzası ilə bağlı yeni şübhələr ortaya çıxır:   O "yad cisim" quş ola bilməz

"Ehtimal olunur ki, təyyarəni İran tərəfdən vurublar, ancaq dövlətlərarası münasibətləri pozmamaq üçün bu məsələ xüsusi olaraq qabardılmır”

 

Qəzaya uğramış MiQ-29 hərbi təyyarə ətrafında mülahizələr Müdafiə Nazirliyinin son açıqlamasından sonra tam fərqli məcraya yönəldi. Belə ki, təyyarənin bilərəkdən və ya bilməyərəkdən vurulması ilə bağlı fikirlər bir kənara qaldı. Cəmiyyət MiQ-29-un, nazirliyin açıqlamasında deyildiyi kimi, quş və ya quş dəstəsi ilə toqquşma ehtimalını müzakirə etməyə başladı.

 

AYNA əməkdaşı bu müzakirələri nəzərə alaraq, quşların təyyarə ilə toqquşması halları barədə kiçik araşdırma aparıb. Əvvəlcə son bir neçə ildə baş vermiş belə qazaların xronologiyasına nəzər yetirdik:

Image result for MiQ-29

- 6 sentyabr 2016-cı il tarixdə Bakıdan İstanbula uçan AZAL şirkətinə məxsus təyyarə quş dəstəsi ilə toqquşub. Toqquşma uçuş-eniş zolağında baş verib və təlimata uyğun olaraq, uçuşu dayandırmaq barədə qərar qəbul edilib.

- 20 mart 2017-ci il tarixdə Minskdən Sankt-Peterburqa uçan "Belavia" aviaşirkətinin təyyarəsi quş dəstəsi ilə toqquşub. Toqquşmadan sonra təyyarə Minsk hava limanına geri dönüb.

- 24 oktyabr 2017-ci ildə Birləşmiş Ştatların "JetBlue" aviaşirkətinə məxsus təyyarə uçuş zamanı quş dəstəsi ilə toqquşub. Hava gəmisi buna görə Nyu-Yorkun Kennedi adına hava limanına məcburi eniş edib.

- 8 aprel 2018-ci ildə Bakıdan Naxçıvana uçan AZAL-a məxsus təyyarə havaya qalxarkən quş ilə toqquşub. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına geri dönüb.

- 29 mart 2019-cu ildə "Air Canada" aviaşirkətinin təyyarəsi Ottava hava limanına eniş edərkən quş sürüsü ilə toqquşub.

- 15 avqust 2019 tarixdə "Ural hava yolları"na məxsus "Airbus A321" sərnişin təyyarəsi "Jukovski" aeroportundan havaya qalxdıqdan sonra quş dəstəsi ilə toqquşub. Təyyarə uçuş-eniş zolağından 1 kilometr aralıda eniş edib.

 

Xronoloji ardıcıllığa nəzər saldıqda gördük ki, quşla və ya quş dəstəsi ilə toqquşan hava gəmilərinin, demək olar ki, hamısı sərnişin təyyarəsidir. Ancaq 1 iyul 2019-cu ildə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “SUPECET Jaguar” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı uçuş-enmə zolağına yaxın məsafədə quş sürüsü ilə toqquşub. Amma bu hadisə o qədər yaxın məsafədə baş verib ki, qəzanın görüntülərini anbaan qeydə almaq mümkün olub.

Həmçinin onu da qeyd edək ki, bu qəzaların heç birində ölüm halları qeydə alınmayıb. Əksəriyyətində isə heç xəsarət alan belə, olmayıb. Bütün xəbərlərdə də qeyd olunur ki, pilotların peşəkarlığı sayəsində təyyarələr yerə endirilib.

 

Bu ardıcıllıqda diqqəti çəkən digər bir məqam da ondan ibarətdir ki, quşla toqquşmalar uçuş-eniş zolağına yaxın məsafədə, yəni təyyarə ya yerə enərkən, ya da havaya qalxarkən baş verib. Mütəxəssislər də qeyd edirlər ki, təyyarələrin quşlarla toqquşma hallarının əksəriyyəti, təxminən 300 metr hündürlükdə baş verir.

 

Ekspertlər, həmçinin onu da bildirirlər ki, belə qəzalar, adətən, quşların miqrasiya dövrünə təsadüf edir. Elə xronolji ardıcıllığa nəzər yetirəndə də, bunu görmək mümkündür.

Image result for MiQ-29 Rəşad

Qeyd edək ki, quşlar bol qida və yararlı reproduksiya şəraiti tapmaq üçün miqrasiya edir, yəni yer dəyişir. Miqrasiya da, əsasən yazda və payızda olur. Həmçinin quşlar, əsasən, gündüz saatlarında miqrasiya edir. Gecələr isə ancaq cücüyeyən xırda quşlar, bir sıra dənyeyənlər, bataqlıq quşları və s. yer dəyişir.

 

MiQ-29 döyüş təyyarəsinin gecə saatlarında qəzaya uğradığını nəzərə alsaq, daha bir müəmmalı məqam da burada üzə çıxır. İndi belə anlaşılır ki, peşəkar pilot, polkovnik-leytenant Rəşad Atakişiyev xırda bir quşla toqquşma nəticəsində təyyarəni xilas edə bilməyib?!

 

Digər bir şübhəli məqam da onunla bağlıdır ki, çox hündürlükdə, yəni MiQ-29-un uçduğu səviyyədə (5000-6000 metr) miqrasiya edən quş çox azdır. Okean üzərindən miqrasiya edən quşlar, adətən 450-750 metr hündürlükdə uçur. Xəzərin üzərində isə indiki mövsümdə, adətən, qağayılara rast gəlirnir ki, onlar da gecələr gizlənir, uçmur.

Image result for İlham İsmayıl

Keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da AYNA-ya açıqlamasında bildirir ki, Müdafiə Nazirliyinin açıqlamasında qırıcı təyyarənin “yad cismlə” toqquşmasının bildirilməsi şübhəlidir: "Yəni, yay ayında və gecə saatlarında Xəzərin üzərində qırıcının quşla toqquşması inandırıcı görünmür".

 

İ.İsmayılın sözlərinə görə, hadisə ilə bağlı digər bir ehtimal da var: “Bilirsiniz ki, Rusiya həm hava hücumu, həm də donanması ilə bağlı müdafiəni xeyli gücləndirib. Suriya atışları zamanı da Rusiya donanması raketləri Xəzərdən atmışdı. Ola bilsin ki, bizim qırıcı təyyarənin də kəşfiyyat xarakterli olduğunu düşünüblər və maneçilik törədiblər. MiQ-29 təyyarələrinə də onlayn şəkildə maneçilik törətmək mümkün deyil. Ehtimal olunur ki, təyyarəni qarşı tərəfdən, yəni İran tərəfdən vurublar. Ancaq dövlətlərarası münasibətləri pozmamaq üçün bu məsələ xüsusi olaraq qabardılmır”.

 

Onu da qeyd edək ki, indiyədək dünyada 50-dən çox MiQ-29 qəzası baş verib. Qəzaların heç birində quşla toqquşma hadisəsi qeydə alınmayıb. Mühərrikin sıradan çıxması, toqquşma, idarəetmənin itirilməsi, sərt eniş zamanı yaşanan qəzalar zamanı 23 pilot həlak olub, 35 pilot sağ qalıb, 16 pilot katapult edə bilməyərək, 7 pilot katapult edərək həlak olub.

Image result for MiQ-29 qəzası

1992-ci ildən indiyədək isə 43 MiQ-29 qəzası baş verib. Qəzaya uğrayan MiQ-29 sayına görə dünyada ilk yerdə 23 hadisə ilə Rusiya dayanıb. Bu dövrdə Macarıstan və  Hindistanın hər birində 3, Ukrayna, Qazaxıstan, Rumıniya, Belarus və Slovakiyanın hər birində 2, Peru, Bolqarıstan, Myanma, İran, Polşa və Misirin hər birində isə 1 MiQ-29 təyyarəsi qəzalarda sıradan çıxıb. Azərbaycanda da iki dəfə belə hadisə qeydə alınıb və qəzaların səbəbləri heç də yad cisimlə toqquşma olmayıb.

 

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

 

"Təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb", - deyə nazirlikdən bildirilib.

Müəllif: Rumiyyə Miraslan      22 Avqust 2019 19:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar