Maraqlı layihə icra olunub

Maraqlı layihə icra olunub

Layihə çərçivəsində 100 tərcümə olunmuş xəbər, 20 rəsmi material, 10 müəllif yazısı, 20 yerli mətbuatdan seçmə məlumat yayımlanıb

 

“Biosfer” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Ekologiya və ətraf mühitin qorunması istiqamətində cəmiyyətin sistemli informasiya ilə təmin olunması” layihəsini başa vurub. AYNA xəbər verir ki, bu gün sözügedən layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Tədbirdə çıxış edən “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli təşkilatın yarandığı gündən indiyədək gördüyü işlər, icra etdiyi layihələr barədə danışıb. O, rəhbərlik etdiyi qurumun ekologiya və ətraf mühitin qorunması sahəsində neçə ildir ardıcıl layihələr həyata keçirdiyini bildirib.

 

Layihənin rəhbəri Tural Məmmədov qeyd edib ki, 15 may-15 avqust tarixlərində icra olunan layihə çərçivəsində www.biosfer.az saytında müvafiq bölmələr hazırlanıb və qarşıdakı fəaliyyət istiqamətləri müəyyənləşdirilib: “Yerli və beynəlxalq mətbuatda ekologiya və ətraf mühitin qorunmasına həsr olunmuş məlumatlar toplanıb, həmçinin əcnəbi dillərdə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunaraq bu bölmədə yerləşdirilib. Əməkdaşlığa cəlb edilən ekspertlər tərəfindən mövcud problem və çıxış yollarına dair analitik yazılar yazılıb”.

 

“Eyni zamanda, mövzü üzrə Prezidentin fərmanları, sərəncamları, Nazirlər Kabinetinin qərarları, Milli Məclisin qanunları, həmçinin digər rəsmi qurumların tədbirləri sistemləşdirilərək saytdakı müvafiq bölmədə yerləşdirilib. Ümumiyyətlə, layihə çərçivəsində saytda 100 tərcümə olunmuş xəbər, 20 rəsmi material, 10 müəllif yazısı, 20 yerli mətbuatdan seçmələr əksini tapıb. Həmçinin, həmin materiallar sosial şəbəkədə paylaşılıb”.

 

Çıxışlardan sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Müəllif: Ayna.az      22 Avqust 2019 15:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar