Post-sovet ölkələri üçün təhlükə siqnalı

Post-sovet ölkələri üçün təhlükə siqnalı

Ekspert: “Krım "müddətsiz icarə müqaviləsi" prinsipi ilə Rusiyanın tərkibində rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək”

 

“ABŞ-ın tarixində pulla torpaq alınması faktları çoxdur, bu gün də Tramp Qrenlandiyanı almaq üçün Danimarkaya təklif irəli sürüb. Təklif maraqlıdır - ildə 600 mln. dollar ödəməklə müddətsiz icarəyə götürmək istəyirlər. Yəni ada de-fakto ABŞ-ın olacaq, amma de-yure Danimarkanın da haqqı-hüququ ada üzərində qalacaq”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, anlaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək: “ABŞ adanın tam hüquqlu icarədar sahibi olacaq, amma Qrenlandiya vətəndaşları Danimarka vətəndaşlığında qalacaq, ABŞ seçkilərində iştirak etməyəcəklər”.

“Məncə, digər konfliktlərə örnək ola biləcək mexanizm, president hazırlığına start verilib. Yəni məsələ tək Qrenlandiya deyil, eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir - Rusiya Krımı "özəlləşdirmək" üçün Ukrayna ilə bənzər müqavilə bağlayıb məsələni həll edəcək. Rusiya və Qərb birlikdə bu məsələni həll etməyi düşünür ki, Rusiya ilə yaxınlaşma başlasın və ümumi ciddi rəqibə - Çinə qarşı birgə saf tutsunlar”, - ekspert yazıb.

 

Cəfərli güman edir ki, yaxın aylarda Rusiya G-8 formatına dönəcək, Ukrayna ilə sülh imzalanacaq, Donbas Kiyevin nəzarətinə qayıdacaq: “Amma Krım "müddətsiz icarə müqaviləsi" prinsipi ilə Rusiyanın tərkibində rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək, ya da pulsuz neft-qaz verəcək. Bu mexanizmin bütün post-sovet məkanındakı konfliktlərə tətbiq edilmə ehtimalı da var. Diqqətli və hazırlıqlı olmalıyıq”.

Müəllif: Ayna.az      22 Avqust 2019 11:53
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar