Məmur və deputatların gizli xəzinələri necə qorunur – ÇOX SADƏ

Məmur və deputatların gizli xəzinələri necə qorunur –       ÇOX SADƏ

Millət vəkili: “Ailə üzvlərinin və qohumların bizneslə məşğul olması barədə heç bir məhdudiyyət yoxdur”

 

“Relax” istirahət mərkəzində baş verən hadisə bir sıra məsələləri yenidən gündəmə gətirib. Bu sırada dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özlərinin və ailələrinin biznes fəaliyyəti ilə məşğul olması və bunun qarşısının alınmaması ilə bağlı yaranan problemlər yenidən aktuallaşıb.

 

Bununla yanaşı, təkliflər səslənir ki, vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaiyyətin çıxışı təmin olunsun. Ekspertlərin qənaətincə, belə məlumatlar ictimai əlçatan olarsa, onda gizli hallar baş verməz və əhali də bilər ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir.

 

Məsələ ilə bağlı AYNA-ya danışan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə hesab edir ki, problemin qarşısını almaq üçün araşdırmalar aparılmalıdır: “Bu araşdırmaların təməli də seçkilərdən qabaq qoyulmalıdır. Hər bir namizəd öz mülkiyyəti, biznes sahəsi barəsində məlumat verməldir. Çünki deputatarın fəaliyyəti müəyyən qədər məhdudlaşdırılır. Təhsil, siyasət və məşvərət sahəsi istisna olmaqla, digər sahələrlə məşğul olmalarına qadağa tətbiq edilir. Bu baxımdan seçki prosesində namizədliyi qeydə alınan şəxslər bütün bu kriteriyalara cavab verməlidirlər”.

Deputat “Relax” istirahət mərkəzində baş verənlərə də toxunub: “Şahid olduq ki, məsuliyyətə millət vəkilinin qohumları cəlb olundular. Qohumların və ailə üzvlərinin isə bizneslə məşğul olması barədə bir məhdudiyyət yoxdur. Sadəcə hadisənin başlanğıcını araşdırmaq lazımdır ki, bu da, əsasən müvafiq qurumların, ictimaiyyətin və medianın öhdəsinə düşür”.

 

Hüquqşünas Əkrəm Həsənov da AYNA-ya açıqlamasında, deputatların ailə üzvlərinin biznes fəaliyyəti ilə məşğul olmasına dair hansısa bir məhdudiyyət olmadığını deyib: “Elə bu səbəbdən də deputat İqbal Məmmədov daxil olmaqla, biznesmen məmurlar şəxsi bizneslərini birbaşa idarə etmir, ailə üzvlərinin vasitəsi ilə nəzarət edirlər”.

“Əslində məsələyə başqa müstəvidən yanaşmaq lazımdır. Məsələn, inkişaf etmiş ölkələrdə dövlət məmurları və onların ailə üzvləri gəlir və xərclərinin bəyannaməsini səlahiyyətli orqanlara təqdim edirlər. Çünki bütün xalq bilməlidir ki, onların məmurları və ailə üzvlərinin gəlir və xərcləri nə qədərdir. Bu baxımdan, ilk növbədə məmurların əmlak gəlirləri haqqında məlumat vermələri üçün qərar qəbul olunmalıdır. Bunun üçün də xüsusi internet portalı olmalıdır ki, hər kəs portala daxil olub məlumat əldə edə bilsin”, - hüquqşünas bildirib.

 

 

Ə.Həsənov ortada ciddi harınlama faktı olduğunu qeyd edib: “Görün, nə həddə çatıblar ki, artıq polis və vergi müfəttişlərini saymır və onlara qarşı hücum təşkil edirlər. Təsəvvür edin, dövlət məmurlarına qarşı şiddət göstərənlər, sıravi vətəndaşlara nələr edərlər. Bunun da səbəbi odur ki, bu məsələlərə nəzarət edən qurum yoxdur”.

 

“Lakin bu hadisənin baş verməsi üzücü olduğu kimi, yaxşı tərəfləri də oldu. Artıq bundan sonra hər kəs başa düşəcək ki, məsələ ictimailəşəndə onları heç kim qoruya bilməyəcək”, - həmsöhətimiz vurğulayıb.

 

Qeyd edək ki, avqustun 16-da Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində insident baş verib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Vergilər Nazirliyinin birgə rəsmi açıqlamasına əsasən, nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib.

 

Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Onu da diqqətə çatdıraq ki, Mirhəmid Nərimanlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu, Orxan Nərimanlı isə deputatın qardaşı oğludur.

Müəllif: Mərahim Nəsib      22 Avqust 2019 10:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar