Ali məktəblər qarşısında izdiham və ya tələbəliyin ilk məşəqqəti

Ali məktəblər qarşısında izdiham və ya tələbəliyin ilk məşəqqəti

“Qeydiyyat prosesinin bu qədər uzun sürməsi insanlara əzab verməkdən başqa heç bir işə yaramır”

 

Bir neçə gündür, ali təhsil müəssisələrində abituriyentlərin qeydiyyatı başlayıb. Tələbə adını qazanan abituriyentlər avqustun 27-dək qəbul olduqları ali məktəblərə sənədlərini təqdim edərək qeydiyyatdan keçməlidirlər.

 

Lakin abituriyentlərin qeydiyyatı zaman xoşagəlməz mənzərə meydana çıxıb. AYNA-nın əməkdaşı bir neçə ali məktəbdə qeydiyyat zamanı yaşanan hadisələri qələmə alıb.

 

Övladlarını qeydiyyat otaqlarına yola salan valideynlər qızmar günəşin altında dayanıb həsrətlə qapıya baxır, bəziləri tez-tez mühafizəçilərə yaxınlaşıb nəsə öyrənməyə çalışır, bəziləri də vaxtın tez keçməsi üçün özlərinə həmsöhbət axtarırlar.

Vaxt isə bitmək bilmir. Çünki qarşıda uzun növbə onları gözləyir. Proses saatlarla davam edir. Valideynlər qeydiyyat prosesinin uzun və əziyyətli olduğunu görüb hər dəfə etiraz etdikdə, onları “müəllim” təxəllüslü hansısa şəxslərin yanına göndərirlər. “Müəllimlər” də məsələdən bir bəhanə ilə boyun qaçırmağa çalışırlar.  

 

Bir neçə dəfə bəzi tələbələrin izdihama, havasızlığa, istiyə dözməyərək özündən getdiyini görürük. Bəziləri də özlərini birtəhər bayıra atırlar. Hətta, üstünə təcili tibbi yardım çağırılanlar tapılır.

 

Tələbələrin sözlərinə görə, yüzlərlə adam hər tərəfdən qapalı olan həyət və otaqlara salınaraq, saatlarla gözlədilirlər. Onları qeydiyyat otaqlarına kiçik qruplar halında buraxmaları, üstəlik həmin qrupların otaqlarda səbəbsiz yerə gözlədilmələri tələbələrin etirazlarına səbəb olur.

Valideynlər düşünürlər ki, qeydiyyat prosesinin bu qədər uzun sürməsi insanlara əzab yaşatmaqdan başqa heç bir işə yaramır. “Kimə şikayət ediriksə, dəqiq məlumat ala bilmirik. Dəfələrlə uşaqların qapalı məkanlarda narahat olub qeydiyyatı yarımçıq saxladıqlarının şahidi olmuşuq”, - deyirlər narazı vətəndaşlar.

 

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Univeristetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova AYNA-ya bildirib ki, qeydiyyata gələnləri sayının çoxluğu prosesin uzanmasına səbəb olur: “Tələbələrin narahat olmasına gəldikdə isə, bu problemlərə müdaxilə etmək üçün universitetdə tibb məntəqəsi fəaliyyət göstərir ki, problem yarananda dərhal müdaxilə edilsin”.

 

Bakı Dövlət Univeristetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da qeydiyyat zamanı yaranan sıxlığı say çoxluğu ilə əlaqələndirib: “Ölkə üzrə ən çox tələbə sayı BDU-nun payına düşür. Lakin buna baxmayaraq, bu günə qədər tələbə və valideyinlərin etirazlarına şahid olmamışıq. Qeydiyyat başlayandan universitetin könüllü heyəti də prosesi asanlaşdırmaq üçün işə cəlb olunub”.