Həlledici gün yaxınlaşır

Həlledici gün yaxınlaşır

Sentyabrda Suriya və region ölkələri üçün mühüm qərar qəbul oluna bilər

 

İki ay sonra Qazaxıstan paytaxtında Suriya münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti, sayca artıq 14-cü mərhələsi baş tuta bilər. Dialoqların say çoxluğu onu göstərir ki, tərəflər Qazaxıstan formatında danışıqlar aparmaqda israrlı və həm də maraqlıdırlar.

 

Əks halda, yəni danışıqların faydası olmasaydı, bu qədər iştirakçını bir araya toplamaq da mümkün olmazdı. KİV nümayəndələrinin "Astana - 13" adlandırdığı son raund artıq baş tutub.

 

Qazaxıstan paytaxtı Nur-Sultanda son danışıqlar aparılan zaman Suriya televiziyası İdlibdə atışmaların dayandırılması barədə məlumat yayıb. Bu, çoxdan gözlənilən hadisə olsa da, həm də yetərincə incə bir məqamdır. Müxtəlif mənbələrin məlumatına görə, Suriyanın şimal-qərbindəki bu əyalətdə əhalinin sayı 1,5-3 milyon arasındadır.

Beynəlxalq ekspertlərin son rəylərində isə bildirilir ki, İdlibdə dərin böhran müşahidə olunmaqdadır. BMT Baş katibinin beynəlxalq məsələlər üzrə müavini, həmçinin BMT-nin fövqəladə yardım üzrə Koordinatoru Mark Lokokun təşkilatın rəsmi saytında yer alan açıqlamasında göstərilib ki, İdlibdəki son hadisələr çox pis istiqamətdə inkişaf etməkdədir.

 

"Siyasi dairələr zoru dayandırmaq, həmçinin hərbi əməliyyatlar zamanı mülki əhalinin müdafiəsini nəzərdə tutan beynəlxalq hüquq normalarını bərqərar etmək iqtidarında deyillər. Siyasətçilərin bu bacarıqsızlığı isə dinc əhalinin qanı hesabına başa gəlir", - BMT rəsmisinin vurğuladığı əsas məqam, məhz siyasətçilərin danışıb razılığa gələ bilməməsi faktıdır.

 

Məhz bu baxımdan Qazaxıstan paytaxtı kompromis qərarların veriləcəyi məkana çevrilə bilər. Orası da var ki, Nur-Sultanda keçirilən danışıqların iştirakçıları Suriyadakı hərbi əməliyyatların dayandırılmasında birmənalı maraqlı olan tərəflərdir. Belə ki, hərbi əməliyyatlar davam edərsə, danışıqlarda iştirak edən ölkələrdə də gələcəkdə təhlükəsizliyin və sabitliyin pozulması təhlükəsi yarana bilər.

 

Münaqişə iştirakçısı olan hər iki tərəf - Suriyanın BMT yanındakı təmsilçisi Bəşər əl Cəfərinin başçılıq etdiyi hökumət nümayəndələri, həmçinin Əhməd əl Toumun başçılıq etdiyi silahlı müxalifət təmsilçiləri danışıqlar masasında qarşı-qarşıya gəliblər. Təminatçı ölkələrdən olan Rusiyanın nümayəndə heyətinə RF Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edib. Türkiyə heyətinə Xarici İşlər nazirinin müavini Sədat Önəl, İran heyətinə Xarici İşlər nazirinin siyasi məsələlər üzrə baş köməkçisi Əli Əsgər Hacı başçılıq edib.

Qazaxıstan görüşündə, həmçinin BMT xüsusi nümayəndəsinin Suriya üzrə müavini Havla Matarın rəhbərlik etdiyi rəsmi heyət də iştirak edib. BMT-nin xüsusi nümayəndəsi Geyr O.Pedersan səhhətində yaranmış problemə görə tədbirə qatıla bilməyib. Qazaxıstan paytaxtındakı “dəyirmi masa”da BMT Baş katibinin qaçqınlar üzrə Baş komissarlığının, Qızıl Xaç Komitəsinin və İordaniyanın təmsilçiləri də iştirak ediblər.

 

Astana formatında danışıqlara ilk dəfə olaraq Livan və İraq dövlətləri də qatılıb. Qazaxıstan paytaxtındakı son danışıqlarda belə qərara gəlinmişdi ki, Suriya müzakirələrinə bu iki Yaxın Şərq ölkəsi nümayəndələrinin də dəvət olunması məqsədəuyğundur, çünki danışıqlarda Beyrut və Bağdad rəsmilərinin maraqları da nəzərə alınmalıdır. Suriya ilə qonşu dövlətlərin ikisi də ərazilərində olan qaçqınları geri göndərməlidir, eləcə də iqtisadi baxımdan etibarlı və sabit tərəfdaşlıqda maraqlıdırlar.

 

Amma İdlib razılaşmasını Nur-Sultandakı danışıqların əsas nəticəsi hesab etmək olmaz. Söhbət Suriya üzrə Konstitusiya Komissiyasının yaradılmasından gedir. Suriya münaqişəsinin nizamlanmasında iştirak edən rusiyalı diplomatlar iki il əvvəl belə komissiyanın yaradılması zərurətini gündəmə gətirmişdilər.

 

Yeni orqan Suriyanın yeni konstitusiyasını işləyib hazırlamalı idi. Amma yeni orqanda kimlərin təmsil olunması məsələsi müzakirəyə çıxarılanda danışıqlar prosesi bir qədər ləngimişdi.

 

Nur-Sultandakı son danışıqlarda isə sözügedən komissiyanın yaradılmasında ciddi dönüşün əmələ gəlməsi barədə məlumat verildi. Beynəlxalq ekspertlərin fikrincə, Suriya üzrə Konstitusiya Komissiyasının yaradılması prosesinin sentyabr ayında tamamlanacağı da istisna olunmur.

Müəllif: Yusif Abbaszadə      21 Avqust 2019 21:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar