Pilotun dəfni ətrafında qəzəbli polemika: “BİABIRÇILIQDIR...”

Pilotun dəfni ətrafında qəzəbli polemika:       “BİABIRÇILIQDIR...”

Qabil Hüseynlinin “dəfnə gəlməyin” çağırışı cəmiyyətdə hiddətə səbəb olub

 

Xəbər verdiyimiz kimi, qəzaya uğramış MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli açıqlama yayaraq, siyasi partiyaları dəfn mərasimində iştirak etməmə çağırıb: “Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik”.

 

“Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər”, - deyə müraciətdə bildirilib.

Bununla yanaşı, bu gün keçirilən vida mərasiminə jurnalistlər buraxılmayıb. Mərasim, sadəcə müəyyənləşdirilmiş insanların iştirakı ilə keçirilib.

 

Hər iki amil cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri həm Q.Hüseynlinin müraciətinə, həm vida mərasiminin təşkilinə fərqli yöndən münasibət bildiriblər. AYNA diqqətçəkən paylaşımları təqdim edir:

 

İctimai fəal Bəxtiyar Hacıyev: “Mərhum pilotun qayınatası, politoloq Qabil Hüseynli media vasitəsi ilə müxalif partiyalara çağırış edib ki, dəfnə gəlməyin. Məncə, vəfat etmiş pilotla siyasi dividend əldə etmək istəyən ya özüdür, ya da ondan bu çağırışı etməsini istəyən varsa, odur.

 

Xalq ağır günlərində iqtidarla müxalifətin yan-yana dura biləcəyini görməlidir. Hətta, dövlət rəsmiləri, hakimiyyət müxalifətə deməlidir ki, sabah yenə mübarizəmizi apararıq, amma belə günlərdə yan-yana olmalıyıq. Ölkənin pilotunun dəfn mərasiminə də siyasi baxışlara görə birini hörmətlə başda əyləşdirib, digərinə "gəlmə" deyilməsi iyrənc yanaşmadır. Çox ayıb, məyusedici, sözlə izah edilməyəcək qədər biabırçı çağırışdır”.

REAL Partiyasının icra katibi Natiq Cəfərli: “Yəqin ki, qardaş Türkiyədə şəhidlərin dəfn mərasimini TV-lərdən izləmisiniz - iqtidar, müxalifət bir yerdə, eyni cərgədə saf tuturlar, birlikdə cənazə namazı qılırlar. Bu da düşmənlərə birlik-bərabərlik mesajı olur, dövlətin xarici düşmənlərə qarşı qətiyyətlə mübarizə apardığını göstərir. Türkiyədə belə mərasimlərdə iqtidarla müxalifətin birgə saf tutması "devlet erkanı" adlanır. Yəni, əsl dövlət olmaq belə ənənələrdən keçir. Allah şəhidimizə rəhmət eləsin, vəzifəsi, kreslosu olub da, dövlət adamı ola bilməyənlərə də ağıl versin. Amin!”

 

“Güzəran” Sosial Araşdırmalar Birliyinin sədri Qadir İbrahimli: “Təxminən, 30 ilin söhbətidir. 2 qonşumuzun münasibətləri çox pis idi, hətta düşmənçilik səviyyəsindəydi. Onlardan birinin atası rəhmətə getmişdi. Yas mərasiminə düşmən saydığı qonşusu da gəldi. Yas sahibi onu hörmətlə qarşıladı, yanında oturtdu, bir az ordan-burdan söhbət etdilər, sonra başsağlığı verib, yasa pul yazdırıb getdi. Bu, onların düşmənçiliyini dostluğa çevirmədi, əvvəlki münasibətləri davam etdi. Ancaq bu addım bir əxlaq nümunəsi idi – xeyirdə-şərdə düşmənçilik arxa plana keçir. Dəyərlərimizi "dəfn" edirik, Allahdan pilotumuza rəhmət diləyirəm!”

 

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov: “Pilot Rəşad Atakişiyevin qayınatası, həmkarım Qabil Hüseynlinin ictimaiyyətə müraciətini başa düşmək olar. Adamlar böyük itki ilə üz-üzədirlər. Onlar öz haylarında olarkən, siyasi partiyaların bunun ətrafında şou düzəltmək cəhdləri saxta vətənpərvərlərin adına böyük ləkədir. Adlarını demokrat qoyan kəslər, dərd içində olan ailənin fikrinə hörmətlə yanaşmaq əvəzinə ağızlarına gələni yazırlar. Əslində, sizin əsl simanız elə budur”.

Jurnalist Səxavət Məmməd: “Anlamadım, pilotun dəfnini kimlər, yaxud hansı partiyalar siyasiləşdirmək istəyib? Bununla bağlı hər hansı bir bəyanat, çıxış, ideya var? Varsa, göndərin oxuyaq, baxaq. Şəxsən mən rast gəlməmişəm. Qabil Hüseynli hazırkı durumda mətbuatı izləmir. Buna görə də çağırışı tam əsassızdır. Əslində, Qabil Hüseynlini qınamıram da. “Niyə”sini yazım. Mətbuatı izləmək imkanı olmayan birinə "söz-söhbət gəzir ki, müxalifət gəlib orada siyasi şüarlar səsləndirəcək", - tipli yönləndirici suallar verəndə, ortaya belə bir çağırış çıxır. Əslində, bəziləri olmayan bir şey üzərindən, məsələni siyasiləşdirdi. Diqqətlə izləyin, kimlər olduqlarını açıq-aydın görəcəksiniz”.

 

“Tolerantlıq” Araşdırmalar Birliyinin rəhbəri Azər Rəşidoğlu: “Pilotumuzun dəfninə müxalifətin buraxılmaması, yumşaq desək, anlaşılan deyil. İnsanların bir yerə yığılmasını önləmək də çıxış yolu deyil. Sabah hər hansı bir tədbirdə xaotik şəkildə minlərlə insan küçəyə axışa bilər. Qadağalarla müsbət nəticə əldə edə bilmərik. Hərbçimizin dəfni hamımız üçün önəmlidir. Heç olmasa, bu məsələdə birlik göstərə bilərdik”.

 

Jurnalist Araz Zeynalov: “Şəhid pilotumuzun dəfn mərasimini milli həmrəylik nümayişinə çevirmək əvəzinə, yenə də ayrı-seçkilik variantı seçildi. Əminəm ki, bu, şəhidimizin ailə üzvlərinin, özəlliklə də onun qayınatası, hörmətli Qabil Hüseynlinin qərarı deyil. Milləti parçalamaq mexanizmini düzənləyənlər hələ də iş başındadırlar”.

“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər: “Açığı, ağırdır bu barədə yazmaq. Şəhid pilot üçün hər kəs ağladı. Necə ki, aprel döyüşlərində verdiyimiz itkilər üçün sızlamışdıq. Bu cür zabitlər bir-iki ilə yetişmir. Nəzərə alsaq ki, orduda irili-xırdalı nəcməddinlər hökm sürür, buraya qədər yüksələn milli zabitləri itirdiyimiz üçün daha çox ağrıyır qəlbimiz. Qayınatasının istəyinə gəlincə, kaş, dəyərlərimizi də pilotumuzla birlikdə dəfn etməyəydi. Ölkədən gedərkən apara bilmədiyi hamilə gəlinini, ən böyük düşməninə əmanət edəcək Kərbəlayi ismayıllardan bu səviyyəyə düşmüşük. Cırlaşır, cılızlaşır, getdikcə özümüz özümüzə düşmən kəsilirik. Bu cəza bizə yetər”.

 

Jurnalist Sevinc Telmanqızı: “Məncə, onu heç kim bu açıqlamanı verməyə məcbur etməyib. Nəinki məcbur etməyib, heç təklif də olunmayıb. Adam bu dar macalda, sadəcə çirkin oyunlar, yarınma planları qurub. Və... İqtidar bir çox məsələlərdə bu cür adamlardan daha ləyaqətli davranır. Təcrübə göstərib”.

 

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb. 27 gün davam edən axtarışlardan sonra – avqustun 20-də təyyarənin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. Bu gün isə II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az      21 Avqust 2019 14:58
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar