Şagird və valideynləri maraqlı yenilik gözləyir – LİSEYLƏR İSTİSNADIR

Şagird və valideynləri maraqlı yenilik gözləyir –     LİSEYLƏR İSTİSNADIR

“Artıq hər kəs məktəblini fərqləndirə biləcək, eyni zamanda valideynlər əziyyət çəkmədən geyim formasını ala biləcəklər”

 

Məktəblilər və onların valideynləri üçün şad xəbər var. Belə ki, artıq məktəb dəyişəndə və ya ilin ortasında müxtəlif səbəblərdən bir yerdən başqa yerə köçəndə, şagirdlər gedəcəkləri məktəbin qaydalarına uyğun yeni forma almalı olmayacaqlar. Çünki gələn ildən etibarən vahid məktəbli formasına keçiləcəyi gözlənilir.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin nümayəndəsi Billurə Hacızadə məlumat verib. O deyib ki, vahid məktəbli forması 2020-2021-ci tədris ilindən etibarən tətbiq ediləcək.

“Yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur. Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai müzakirəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək. Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq”, - deyə TN sözçüsü bildirib.

 

Təhsil eksperti Kamran Əsədov yeniliyi AYNA-ya şərh edərkən deyib ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur: “Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir”.

Onun sözlərinə görə, hazırda Respublikanın, demək olar, 4500-dən çox  orta təhsil müəssisəsində şagirdlər məktəbə vahid formada gedirlər: “Etiraf etməliyəm ki, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə bərabər, həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır. Amma bir məqamı xüsusi qeyd edim ki, hər bir məktəbin Pedaqoji Şurası indiyə qədər öncədən müəyyən olunan dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirəyə çıxarırdı. Məktəb üçün uyğun hesab olunan dizaynda qəbul edilən məktəbli forması həmin tədris ili üçün vahid forma kimi qəbul edilirdi”.

 

“Hətta bəzi orta ümumtəhsil məktəblərimiz ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edirdi. Düzdür, bəzi hallarda məktəb direktorları tikiş evləri ilə qeyri-rəsmi razılıq əldə edirdilər və bütün şagirdləri ancaq həmin satış mərkəzindən geyim forması almağa yönəldirdilər. Amma qeyd edim ki, hər bir valideyn məktəb tərəfindən qəbul edilmiş standartlara uyğun olan formanı özü tikdirə bilərdi. Bu, qanunla qadağan olunmayıb. Əgər valideyinlərə tikiş evləri tərəfindən təklif edilən geyimlər baha başa gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər”, - Əsədov vurğulayıb.

 

Ekspertin sözlərinə görə, yeni qəbul edilmiş qərarla ölkə üzrə fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hamısı vahid məktəbli formasında olacaq: “Amma özəl liseylər istisnadır. Ölkə üzrə vahid məktəbli formasının olması olduqca müsbət bir addımdır. Artıq hər kəs məktəblini fərqləndirə biləcək, eyni zamanda valideynlər də əziyyət çəkmədən formanı ala biləcəklər. Çünki buna qədər müxtəlif formalar olduğu üçün valideynlər lazım olan firmanı tapmaqda çətinlik çəkirdilər”, - deyə ekspert əlavə edib.

Müəllif: Təranə Xudabaxşiyeva      20 Avqust 2019 19:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar