Müstəqillik əleyhdarlarının milli fədailərin yanında nə işi var – FOTOFAKT

Müstəqillik əleyhdarlarının milli fədailərin yanında nə işi var –                               FOTOFAKT

Və ya Rəsulzadə hökuməti qatil və cəllad idimi?

 

Fəxri Xiyaban – tariximizin, mədəniyyətimizin və elmimizin yüksəlişi uğrunda mübarizə aparanların əbədiyyətə qovuşduğu yer! Bəs niyə bu məkanda Sovet imperiyasının qurulması üçün, Azərbaycanın rus müstəmləkəsinə çevrilməsi uğrunda vuruşan bolşevik zehniyyətin fədailəri də indiyədək yatır? Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyov, Cəfər Cabbarlı kimi milli aydınlarımızla yanaşı...

 

Belə olduğu təqdirdə sual yaranır: Yaxın Şərqdə qurulan ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini devirənlər və milli azadlığımızı əlimizdən alanlar fəxrimizdirmi ki, Fəxri Xiyabanda uyumaq haqqını özlərində saxlayırlar?

 

“Qatillər” və “qurbanlar”

 

Fəxri Xiyabanda diqqətimi çəkən bir neçə məzar oldu. Bu məzarların üzərində yazılmış məlumat mətnləri yuxarıdakı sualları meydana çıxardı. Həmin qəbirüstü yazılardan bir neçəsini təqdim edirəm:

 

  • Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz Yusif  İbad oğlu Qasımov (1896 – 1957);
  • Əks-inqilabçıların əli ilə vəhşicəsinə öldürülmüş Sovet hakimiyyəti qurulması uğrunda qorxmaz mübariz Qasım İsmayıl oğlu İsmayılov (1885-1922);
  • Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu bolşevik Əli Bayram oğlu Bayramov (1889-1920);
  • Müsavat qatillərinin əli ilə öldürülmüş Mirfəttah Əli oğlu Musəvi (1891-1919);
  • 1915-ci ildən Sovet İKP-nin üzvü Əliyev Həşim Bədəl oğlu 1892-ci ildə doğulmuş, 1919-cu ildə Müsavat qatillərinin əli ilə öldürülmüş.

Yusif Qasımov

 

1918-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. 1920-ci ildə Azərbaycan SSR Мuğan dairəsinin Salyan qəzası inqilab komitəsinin sədri olub. 1937-ci ilin iyun-sentyabr aylarında Şərq-Sibir bölgəsinin ikinci katibi olub. Stalin repressiyasında aktiv iştirak edib.

 

1937-ci il 24 sentyabrda həbs olunub. Leninqradda anti-sovet sağçılar təşkilatı iştirakçısı kimi ittiham olunub. 19 aprel 1938-ci il tarixli ölüm hökmünə məhkum olunsa da, 1938-ci il aprelin 21-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu 20 il əmək düşərgəsinə məhkum edib. 1955-ci ildə əmək düşərgəsindən azad olunub və cinayətinin olmamasına görə reabilitasiya olunub.

 

Bioqrafik məlumatlarından da göründüyü kimi Yusif  Qasımov bütün ömrü boyu Sovet ideologiyasına xidmət etmiş və Azərbaycan ziyalılarına qarşı repressiyada fəal iştirak etmiş adam olub. O, Sovet İttifaqı üçün qəhrəman sayıla bilərdi. Lakin müstəqillik və milli azadlıq anlayışımızın 30 illik bərqərar dövründə onun məzarının Fəxri Xiyabandan yığışdırılması ilə bağlı heç bir tədbir görülməyib.