"Mübarizin cibindən çıxan möhürü öpüb..." - Qəhrəmanın döyüş yoldaşı

"Mübarizin cibindən çıxan möhürü öpüb..." -            Qəhrəmanın döyüş yoldaşı

Milli Qəhrəman Mübariz İbrahimovun yaxın dostu, hərbçi yoldaşı Rəşad Həsənov M.İbrahimovun erməni hərbçilərinin nəzarətində olan əraziyə keçdiyi gün hərbi hissədə baş verənləri nəql edib.

 

AYNA döyüşçünün həmin xatirəsini təqdim edir: 

 

"Gecədir. Bölük yatır. Komandir kazarmaya girib, “qalx” komandası verir. Bir neçə saniyədən sonra əsgərlər sıraya düzülürlər və komandir şəxsi heyəti yoxlayır. Hamı yerindədir. 

Bayırdan atışma səsi gəlir. Əsgərlərə “yat” komandası verilir...

Səhərdir. Atışma dayanıb. Bölükdə gücləndirilmiş rejimdir. Ara-sıra söyüş eşidirəm. Kiminsə dilindən “vətən xaini” sözü çıxır. 

Səccadəni görən vəzifəlilər deyinirlər. “Əl-Qaidə”nin adı çəkilir.

Bir zabit məni yanına çağırıb əsəbi halda dillənir: “Gördün də dostun başımıza nə oyun açdı...” 

Susuram, pərt olmamağa çalışıram. Ürəyim deyir ki, çox keçməyəcək “dostun” sözünə görə qürur duyacağam. Susuram...

Soltanovla danışırıq. “Ağlın nə kəsir?” deyir. “Şəhid olub, inşallah” deyirəm. Soltanovun gözləri yaşarır.

Söyən kim, deyinən kim, ağlayan kim...

Bir neçə saat keçir. Gödəkçənin cibindən bir kağız tapılır. Sular durulur. Kiminsə dilindən “Milli Qəhrəman” sözü çıxır. “Allah var” deyirəm.

Soltanovla danışırıq. Cibindən möhürü çıxarıb, “bu onundur” deyir. Öpüb gözümün üstünə qoyuram.

...

Bir neçə ay sonra.

Posta onun adını veriliblər. Axşam yoxlanışıdı. Bölüyün əsgərləri sıraya düzülüb. Bölük növbətçisi siyahı üzrə adları oxuyur. Adı çəkilən hər əsgər ucadan “mən” deyir.

Bölük növbətçisi sonuncu ada çatır: “İbrahimov Mübariz”.

Hamı bir yerdə canlara vəlvələ salan bir səslə: “MƏN” deyir".

 

Xatırladaq ki, gizir Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşən gizir düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. 

 

Ölümündən sonra M.İbrahimov Milli Qəhrəman adına layiq görülüb. Qəhrəmanın 141 gündən sonra Ermənistandan geri alınmış nəşi Fəxri Xiyabanda dəfn olunub.

 

Allah rəhmət eləsin!

19 İyun 2019 14:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar