Artıq bizi pensiya yaşımızdan 30 il əvvəl “pensiyaya” göndərirlər

Artıq bizi pensiya yaşımızdan 30 il əvvəl “pensiyaya” göndərirlər

“Bu cür yanaşma tərzi insanlarda özünə inamın itməsinə, müəyyən yaş həddindən sonra özlərini lazımsız hiss etmələrinə səbəb olur”

 

Son zamanlar cəmiyyətdə narazılıqlara səbəb olan hallardan biri müəyyən yaş həddindən sonra iş tapa bilməmək faktıdır. Belə ki, bir sıra hallarda sahibkarlar yaşı 35-dən yuxarı olan şəxsləri, əsasən də kişiləri işlə təmin etməkdən imtina edirlər.

 

Vəziyyəti AYNA-ya şərh edən “Güzəran” Sosial Araşdırmalar Birliyinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimli belə halda vətəndaşların hüquqlarının tapdandığını deyib: “Bu problem birbaşa əmək hüquqlarının pozulması deməkdir. Çünki sahibkarların sərgilədiyi belə mövqenin heç bir hüquqi əsaslandırması yoxdur. Hansısa bir yaş həddinə görə işçi tələb etmək, yaxud da yaşa görə işə götürməkdən boyun qaçırmaq birbaşa əmək qanunvericiliyinə ziddir. Bu isə ciddi qanun pozuntusu deməkdir”.

“Bəzi sahibkarlar elə hesab edirlər ki, cavan işçilər daha enerjili, daha fəal, daha çalışqan olurlar, yaxud da subaydırlarsa, onları daha az maaşla təmin edib daha çox işlətmək olar. Vətəndaşlar belə problemlərlə rastlaşarsa, mütləq əmək müfəttişliyinə müraciət etməli, öz hüquqlarını müdafiə etməyi bacarmalıdırlar”, - deyə Q.İbrahimli bildirib.

 

Sosioloq Əhməd Mənsurov isə AYNA-ya açıqlamasında deyib ki, sözügedən problemin meydana çıxması həm də texnoloji inkişafla bağlıdır: “İşə qəbul ikitərəfli prosesdir. Bir tərəfdən sahibkar, digər tərəfdən də işçi öz maraqlarını düşünür. Bu baxımdan bəzən hər iki tərəfin maraqlarının uzlaşması çətin olur”.

Mütəxəssisin sözlərinə görə, gənc yaşda olan insanalara üstünlük verilməsi müasir dövrlə ayaqlaşmaqla bağlıdır: “Bu da müasir dövrün tələblərinə görə oldu. Çünki gənc nəsil yaşlı nəslə nisbətən texnologiya sahəsində daha peşəkar olur”.

 

“Bütün bunlar isə işsizlik probleminə yol açan əsas səbəblərdən biridir. Bu problemləri həll etmək üçün insanlar öz üzərlərində işləməli, müasir dövrün tələb etdiyi bacarıqlara yiyiələnib onları işə götürənə təqdim etməlidirlər. Belə olan halda problem zamanla öz həllini tapmağa başlayacaq”, - Ə.Mənsur vurğulayıb.

 

Psixoloq Tariyel Faziloğlu da məsələ ilə bağlı AYNA-ya fikirlərini açıqlayıb. Bildirib ki, insanlara yaşlarına görə iş verilib-verilməməsi yanaşması bir çox problemlərə yol açır.

Onun sözlərinə görə, bu yanaşma tərzinin özünəməxsus psixoloji tərəfləri var: “Bunun əsas səbəblərindən biri odur ki, böyük şirkətlər daha aktiv, daha problemsiz insanlara üstünlük verir. Ki, bu tip insanlar da, əsasən subaylar olur. Onlara görə, subay insnlarla daha rahat işləyib, vaxtını daha çox işə ayırmasını təmin etmək olur. 35 yaşdan yuxarı insanlar, əsasən evli insanlar olur deyə, bu da bir sıra səbəblərdən onların işə daha çox can yandırmasına əngəl törədir”.

 

“Məsələnin digər psixoloji tərəfi ondan ibarətdir ki, 35 yaşdan yuxarı insanların tələbləri gənclərə nisbətən daha çox olur. Bu səbəbdən də şirkətlər iqtisadi və psixoloji baxımdan uğur əldə etmək üçün daha gənc kadrlara üstünlük verir. İstənilən halda, bu cür yanaşma tərzi insanlarda özünə inamın itməsinə, müəyyən yaş həddindən sonra özlərini lazımsız hiss etmələrinə səbəb ola bilər. Bu da ciddi psixoloji problemlərə yol açmaqla, cəmiyyətdə müəyyən boşluqların yaranmasına təkan verir”, - deyə T.Faziloğlu əlavə edib.

Müəllif: Mərahim Nəsib      21 Avqust 2019 10:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar