Qəzaya uğrayan hərbi təyyarəmizin “qara qutusu” tapılıb

Qəzaya uğrayan hərbi təyyarəmizin “qara qutusu” tapılıb

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir

 

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

 

Xatırladaq ki, Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb. Cari il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

 

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev keçmiş dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      19 Avqust 2019 12:24
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar