Xırdalan sakinləri elə bir müşkülə düşüblər ki...

Xırdalan sakinləri elə bir müşkülə düşüblər ki...

Küçələr yay aylarında toz-torpaqdan, qışda isə palçıqdan keçilməz olur

 

Abşeron rayonunun Xırdalan şəhərində növbəti dəfə sakinlərin etirazına səbəb olan təmir-qazıntı işlərinə başlanıb. Bundan əlavə, yol kənarlarında yaşayış binalarının və ictimai iaşə obyektlərinin tikilməsi, buna görə də yollarda uzun tıxacların yaranması sakinləri cana doyurub.

 

AYNA-ya şikayət edən sakinlərin sözlərinə görə, mərkəzi küçənin dəfələrlə, müxtəlif bəhanələrlə təmir olunması, hərəkət üçün yararsız hala salınması bitmək bilmir. Nə nəqliyyat vasitələri, nə də piyadalar yollardan normal qaydada istifadə edə bilir. Və baş verənlər barədə şəhər sakinlərinə heç bir izahat verilmir.

“Yolların uzun müddətdir bərbad vəziyyətdə olması yaşamımızı müşkülə salıb. Küçələr yay aylarında toz-torpaqdan, qışda isə palçıqdan keçilməz olur. Əhali də günü-gündən artır. Artıq bura yaşanılmaz hala gəlib”, - deyə şikayətçilər bildiriblər.

 

Sakinlərin dediklərinə görə, yollarda dayanacaqlar olsa da, piyada keçidləri yoxdur: “Bu yollardan məktəbli uşaqlar da istifadə edirlər və onların həyatı risk altına düşür”.