İlham Əliyev: “Sərhəd Qoşunlarının döyüş hazırlığı əhəmiyyətli dərəcədə gücləndirilib”

İlham Əliyev: “Sərhəd Qoşunlarının döyüş hazırlığı əhəmiyyətli dərəcədə gücləndirilib”

Prezident: “Hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş mühüm dövlət təsisatıdır”

 

Prezident İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə təbrik məktubu ünvanlayəb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli sərhədçilər!

 

Sizi Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

 

1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunmuş qanunla ilk sərhəd mühafizə orqanları yaradılmış və bununla da Azərbaycan Sərhəd Mühafizəsinin əsası qoyulub.

 

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin əsas atributlarından olan dövlət sərhədlərinin qorunması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bərpası dövlətimiz qarşısında duran ən vacib vəzifəyə çevrilib.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlət sərhədlərinin mühafizəsinə xüsusi önəm verib və 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan Sərhəd Mühafizəsinin gələcək inkişaf yolunu müəyyən edib.

 

Ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir. Son illər ərzində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb. Sərhəd Qoşunlarının döyüş hazırlığı və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə gücləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il iyunun 12-də imzaladığı Sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu sahədə peşəkar, Vətəninə və dövlətinə sadiq kadrların hazırlanması işinə böyük töhfə verib.

 

Hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət təsisatıdır.

 

Sərhəd mühafizə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və xidmətlərinə görə mükafatlandırılması məsələləri daim dövlətimizin diqqət mərkəzindədir.

 

Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək.

 

Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətçiliyimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Müəllif: Ayna.az      16 Avqust 2019 20:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar