İran Azərbaycana qarşı yeni bəhanə uydurur

İran Azərbaycana qarşı yeni bəhanə uydurur

Ekspert: “Rəsmi Tehran Xəzərdəki qaz boru kəmərinin əleyhinədir, ekologiyanı isə bəhanə kimi istifadə edir”

 

Avqustun 12-də Beynəlxalq Xəzər Günü qeyd edildi. Elə tam bu günlərdə həm də Türkmənistan, Rusiya, Azərbaycan, İran və Qazaxıstanın iştirakçılığı ilə Birinci Xəzər İqtisadi Forumu baş tutdu. Görüş ərəfəsində İranı təmsil edən nümayəndə heyəti Xəzər dənizində qaz boru kəmərinin inşasının əleyhinə olduqlarını bəyan etdi.

 

“Xəzər dənizinin şərqindən qərbinə qaz boru kəmərinin çəkilməsi bölgənin ekologiyasına ciddi ziyan vura bilər… İran onun inşasının əleyhinədir”, - deyə İran Milli Qaz Şirkətinin nümayəndəsi Bəhruz Namdari forumdakı çıxışı zamanı bildirdi.

 

Tehranın sözügedən bəyanatını AYNA-ya şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi şöbəsinin müdiri, professor, coğrafiya elmləri doktoru, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılovun sözlərinə görə, ekoloji amil faktoru bir bəhanədir: “Xəzərin statusu ilə bağlı imzalanan konvensiya konseptual sənəddir, lakin boru kəmərlərinin çəkilməsi ilə bağlı hələ də həll olunmamış bir çox məsələlər mövcuddur, bunun isə bütün tərəflərin razılığı ilə mümkün olması göstərilir”.

Müsahibimiz bildirib ki, İran və Rusiya həmişə Xəzərlə bağlı müqavilələrin imzalanmasından əvvəl bu məsələni ortaya atır: “Lakin bunun əsas səbəbi geosiyasi və geoiqtisadi maraqlardır. Ətraf mühit amili isə daha çox bəhanədir. Bu gün Avropa bazarında əsas qaz tədarükçüsü Rusiyadır. İran 200 milyard kubmetrdən çox, Rusiya 500 milyard kubmetrdən çox, Azərbaycan isə cəmi 18 milyard kubmetr qaz hasil edir. Yəni burada qazın dünya bazarına nəqli imkanları müqayisə olunmur. Rusiya və İranın daha çox resursları var, lakin bu dövlətlər sanksiyalar altındadır və buna görə də Avropa bazarında rəqiblərin mövcud olmasından məmnun deyillər. Azərbaycan qazı az miqdarda olsa belə, Türkmənistan qazını cəlb etmək perspektivi onların imkanlarını məhdudlaşdırır”.

 

Elmləri doktorunun dediyinə görə, Rusiya, İran və Azərbaycan ətrafında böyük neft və qaz istehlakçıları yoxdur: “Əksər bölgə ölkələrinin öz enerji ehtiyatları var və buna görə Avropa bazarında güclü rəqabət gedir. Bu səbəbdən İran Rusiya ilə birlikdə müxtəlif bəhanələrlə (ekologiya bu bəhanələrdən biridir) Transxəzər boru kəmərinin inşasına mane olur. Bu məsələni ekologiya və neftin ətraf mühitə təsiri baxımından təhlil etsək, o zaman bu, qazın təsiri ilə müqayisə olunmur. Neft daha çox təhlükəlidir, çünki dərhal yüngül fraksiyalara parçalanır və ağır fraksiyalar şəklində buxarlanır, bütün həyatı məhv edir. Qaz isə dərhal yüksəlir və buxarlanır. Yəni ətraf mühit üçün qaz kəməri Qazaxıstan, Rusiya və Azərbaycan sektorlarında mövcud olan neft boru kəmərləri ilə müqayisədə daha az təhlükəlidir. Nəzərə alaq ki, müxtəlif diametrli 1000 km-dən çox neft boru kəmərlərimiz mövcuddur”.

 

“Lakin İran neft boru kəmərləri məsələsini Xəzərin ekoloji mühitinə təhdid kimi göstərmir. Allah qorusun, əgər birdən neft daşması baş verərsə, bu, fəlakətli nəticələrə gətirib çıxara bilər. Üstəlik, Xəzər qapalı hövzədir. İran, təxminən 350 km məsafədə olan Xəzərin ən dar hissəsindən keçəcək qaz boru kəmərinə əhəmiyyət verir. Ancaq İran, sanki Xəzərin ekologiyasından narahat olması ilə bağlı "köhnə musiqisini" yenidən ifa edir. Birincisi, bütün bu tranzit boru kəmərlərinin inşasına, daha ekstremal şəraitdə Şimal dənizində sualtı boru kəmərlərinin çəkilməsində böyük təcrübəyə malik olan aparıcı neft və logistika şirkətləri cəlb ediləcək. Texnoloji baxımdan təhlükə minimaldır. İkincisi isə, Azərbaycan və Qərb şirkətləri qaz kəmərinin inşasından sonra ekoloji monitorinqə açıqdır. Biz ekoloji təhlükəsizliyə maraqlı deyilikmi? Biz də bununla maraqlanırıq”, - deyə Ç.İsmayılov vurğulayıb.

 

Onun sözlərinə görə, Qərb şirkətləri layihələrinə görə məsuliyyət daşıyır və zəmanət verir: “Buna görə də məsələnin ekoloji problemlərlə heç bir əlaqəsi yoxdur və sırf siyasi qərardır. Müasir texnologiyalarda, boru kəmərindəki təzyiq azaldıqda dərhal avtomatik olaraq bloklanır. Qəza baş versə belə, ətraf mühit üçün bu, neft kəmərindəki qəzadan daha az təhlükəlidir. Belə bir vəziyyətdə Rusiya və İranın sakitləşməsi üçün Azərbaycan bir tranzit mərkəz kimi fəaliyyət göstərə bilər və yalnız bundan sonra onlar bu layihəyə qoşulacaqlar. Ancaq sual budur ki, Qərb şirkətləri bu məsələyə necə reaksiya verəcəklər, İran və Rusiyanın bu layihədə iştirakının qarşısını almaq üçün nə qədər prinsipial ola biləcəklər. İstənilən halda, tranzit mərkəz olmaq milli maraqlarımız baxımından ən məqbul variantdır. Bu, "nə şiş yansın, nə kabab" məsəli kimi ağlabatan qərardır”.

 

Konvensiyanın imzalanmasının Azərbaycan üçün önəminə gəldikdə, mütəxəssisin sözlərinə görə, bu, təkcə boru kəmərlərinin tranzitinə deyil, həm də sərhədlərə aid məsələdir: “Azərbaycan dörd Xəzər dövləti ilə həmsərhəd olan yeganə ölkədir. Qazaxıstan və Rusiya ilə sərhədlərimizdə məsələlərimizi həll etdik, ancaq Türkmənistan və İranla hələ də yox. Konvensiyada bu məsələni həll etmək lazım idi, amma məlum oldu ki, Rusiya və Qazaxıstan öz məsələlərini həll etdi və bizi isə köməksiz qoydular. Bu, həll yolu deyil, çünki Azərbaycanla İran arasındakı sərhəd orta xətt boyunca dəyişərsə, Rusiya və Qazaxıstanla bütün konstruksiya dağılacaq”.

Müəllif: Nicat Hacıyev      18 Avqust 2019 10:51
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar