Dünyanın diqqəti Hindistanla Pakistana yönəlib

Dünyanın diqqəti Hindistanla Pakistana yönəlib

Politoloq: “Pakistan ABŞ üçün əvəzsiz tərəfdaşdır”

 

“ABŞ Hindistanla münasibətlərini yaxınlaşdırmaq istəyərdi, burası aydındır. ABŞ-ın Çinlə qarşıdurmasında Hindistan kimi böyük dövlətin yandaşlığı yaxşı olardı. Bununla belə, bu iki dövlətin yaxınlaşması qarşısında duran siyasi fürsətlər sisteminə baxmaq gərəkdir”.

 

AYNA xəbər verir ki, bu fikirləri politoloq Erkin Qədirli sosial şəbəkədə paylaşıb. O, fikrini iki arqumentlə izah edib:

 

1. Hindistanın Rusiyadan hərbi asılılığı

 

Hələ Sovet vaxtlarından, ABŞ-ın Pakistanla yaxınlığını tarazlamaq üçün, Hindistan SSRİ ilə yaxınlaşmağa başladı. Hər şey bir qırağa, Hindistanın yüksək texnoloji silahları (qırıcılar və raket sistemləri) Sovetdən alınmadır, onun modifikasiyalarıdır.

 

Bu asılılıq bugünün özündə də qalır. Hindistan Rusiyadan silah və ehtiyat hissələri alır. Üstəlik, “S-400” raket sistemini almaq istəyir. ABŞ bunu əngəlləməyə çalışır. Prezident Tramp buna görə Hindistanı sanksiyalarla hədələyib.

2. Hindistanın İranla yaxınlaşması

 

Hindistan İranın cənub sahillərində yer alıb, orada dərin liman tikməyə hazırlaşır, ilkin yatırımlarını edib. Həmin liman tikilmiş olarsa, İranın Hind okeanına birbaşa çıxan ilk limanı olacaq (İranın bütün dərin limanları İran körfəzindədir). Hindistan həmin limandan Əfqanıstana dərin yol çəkməyi düşünür, bununla da Çindən Pakistanın Hind okeanındakı sahilinə gedən dəmir yoluna rəqib olmaq istəyir.

 

Yeri gəlmişkən, Çin Pakistanın Hind okeanındakı sahilində bir dərin liman tikib artıq. Hindistanın İranda liman tikmək hazırlıqları ABŞ-ın planlarına uyğun gəlmir. Üstəlik, tək ABŞ-ın deyil. Hindistanın İranla yaxınlaşmasının qarşısını almaqda İsrail, Səudiyyə Ərəbistanı və Abu-Dabi də maraqlıdır. Bu ölkələrin işbirliyinə qeyri-rəsmi ad da qoyulub: "B-team" (B tağımı). Burada "B" adıçəkilən ölkələrin rəhbərliyində olan şəxslərin adlarından götürülmüş ilk hərfdir: Bolton (ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri), Benyamin (İsrailin Baş Naziri), bin Salman (Səudiyyə Ərəbistanın vəliəhdi), bin Zayed (Abu-Dabinin vəliəhdi).

 

Odur ki, Hindistan-ABŞ münasibətlərində gərginlik az deyil. Pakistan ABŞ üçün daha önəmlidir. Pakistan ABŞ üçün əvəzsiz tərəfdaşdır. ABŞ-ın Çinlə qarşıdurmasında Hindistanın oynaya biləcəyi rol, Pakistanın ABŞ üçün İran və Əfqanıstan kontekstlərindəki yerini verəsi deyil.

Müəllif: Ayna.az      16 Avqust 2019 18:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar