“Azərbaycanı müharibəyə sürükləmək istəyirlər” – TƏXRİBAT İDDİASI

“Azərbaycanı müharibəyə sürükləmək istəyirlər” –     TƏXRİBAT İDDİASI

İlqar Vəlizadə: “Rəsmi Bakı Minsk Qrupunun qarşısında qəti tələb qoya bilər ki, belə yanaşma ilə danışıqlar prosesinin aparılmasının mənası yoxdur”

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan, ardınca da Xarici İşlər naziri Zohrab Mnatsakanyanın “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” bəyanatı vermələri Azərbaycanda böyük qəzəbə səbəb olub. Siyasi müşahidəçilər bu bəyanatları faktiki olaraq Minsk Qrupu formatından çıxılması kimi dəyərləndirirlər. Mövzunu AYNA-ya politoloq İlqar Vəlizadə şərh edib.

 

Onun sözlərinə görə, ümumiyyətlə son zamanlar Ermənistan tərəfi bir çox ziddiyyətli bəyanatlar səsləndirməyə başlayıb: “Əslində Minsk Qrupu çərçivəsində aparılan danışıqlar zamanı mövqelərini açıq-aşkar səsləndirməsələr də, dolayı yolla müxtəlif meydanlarda olan çıxışlarla bu, öz təsdiqini tapıb və yerini möhkəmləndirib. Doğrudur, ilk dəfədir ki, belə bir hadisə baş verir. Amma biz əvvəlki illərdə də bilirdik ki, Ermənistan siyasi rəhbərliyinin məqsədi nədir. Lakin onlar bunu açıq-aşkar etiraf etmir və gizlədirdilər”.

“Hələ o zamanlar indiki qədər ziddiyyətlər də yox idi, amma indi nəinki ziddiyyətlər əmələ gəlib, hətta dərinləşib. Bu isə, təkcə Azərbaycan tərəfinə yox, Minsk Qrupunun özünə də sərf edir. Ona görə də Azərbaycan tərəfi normal olaraq bu ziddiyyətləri qabardaraq, bunu həm dünya ictimaiyyəti, həm də Minsk Qrupunun həmsədrləri qarşısında bəyan etməlidir. Amma təəssüflər olsun ki, Minsk Qrupu buna reaksiya vermir. Ola bilsin, həmin mövqenin danışıqlar prosesində səsləndirilməsini gözləyirlər ki, o zaman hansısa reaksiya versinlər. Bu müəmmalı vəziyyət hazırda davam edir”, - deyə siyasi şərhçi bildirib.

 

Vəlizadə hesab edir ki, bununla əlaqədar payızda Nyu-Yorkda Xarici İşlər nazirlərinin görrüşü keçirilməlidir: “Əgər Ermənistan tərəfi bu mövqeyini orda da ortaya qoysa, onda Azərbaycan tərəfi Minsk Qrupunun qarşısında qəti tələb qoya bilər ki, belə yanaşma ilə danışıqlar prosesinin aparılmasının heç bir faydası yoxdur”.

 

Azərbaycan tərəfinin sözügedən bəyanatlara münasibətinə gəlincə, politoloq deyib: “Bununla bağlı olaraq Xarici İşlər Nazirliyinin sözçüsü müəyyən bir cavab versə də, təəssüflər olsun ki, bu, Ermənistan rəhbərliyinə heç bir təsir göstərmədi. Digər tərəfdən, biz belə bir vəziyyətdə danışıqlar prosesindən çıxa da bilmərik. Ermənistan tərəfi bu reaksiya ilə bizim danışıqlardan imtina etməyimizə çalışır, yəni Azərbaycanı təxribata sürükləmək istəyir. Ki, bu da müharibə deməkdir. Nəticədə Azərbaycanın müharibəyə meylli dövlət olmasını göstərməklə, bizim dünya arenasında nüfuzumuza xələl gətirmək istəyirlər. Ona görə də biz gözləmə mövqeyinə keçmişik. Çünki bütün bunlar Minsk Qrupunun toplantısında müzakirə olunmalıdır ki, həmsədrlər məsələyə reaksiya versinlər”.

 

“Mən belə hesab edirəm ki, sentyabr ayında nazirlərin Nyu-York görüşü baş tuta bilər. Əgər ona qədər Azərbaycan tərəfi Ermənistana qəti mövqe bildirməsə, o zaman bu məsələ Minsk Qrupunun qarşısında qaldırılacaq. Amma Ermənistan siyasəti onu göstərir ki, onlar öz sözlərində durmayacaqlar və rəsmi danışıqlar prosesində əvvəl verdikləri bəyanatı səsləndirməyəcəklər. Çünki həmin bəyanatlar daxili auditoriyaya hesablanıb”, - İ.Vəlizadə vurğulayıb.

Müəllif: Tural Talehoğlu      16 Avqust 2019 22:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar