Xəbərdarlıq: Sosial şəbəkə üzərindən yeni fırıldaq meydana çıxıb

Xəbərdarlıq: Sosial şəbəkə üzərindən yeni fırıldaq meydana çıxıb

Qeydiyyatdan keçənlərin şəxsi məlumatları ələ keçir və “qurbanların” şəxsi hesablarında olan pullar oğurlanır

 

Bir neçə gündür sosial şəbəkədə “Kapital Bank”ın adından səhifə açılıb. Səhifədə “Kapital Bank”ın logosu yerləşdirilərək, “Bir Bank” tətbiqi reklam olunur. Səhifədə elan olunur ki, qeydiyyata düşən şanslı insanlar 500 manat pul, “iPhone XS” hədiyyə qazanacaqlar.

 

Sosial şəbəkə istifadəçiləri də bu səhifənin bankın rəsmi səhifəsi olduğunu düşünüb daxil olublar, hətta qeydiyyatdan keçənlər də az olmayıb. Nəticədə qeydiyyatdan keçənlərin şəxsi məlumatları səhifə admininin əlinə keçib və “qurbanların” şəxsi hesablarında olan pulları oğurlanıb.

Bu barədə AYNA-ya həmin tələyə düşənlər biri - Kənan Əliyev adlı vətəndaş məlumat verib. O, qeydiyyatdan keçdiyi üçün şəxsi hesabından 70 manat oğurlandığını bildirib.

 

Əməkdaşımız məsələni dəqiqləşdirmək üçün “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinovla əlaqə saxlayıb. O, sözügedən məsələdən xəbərdar olduqlarını deyib.

 

“Bunlar kibercinayətkarlardır. Bu cür hallar tək Azərbaycanda deyil, bütün dünyada tez-tez baş verir. Təəssüflər olsun ki, son illər Azərbaycanda da bu cür cinayətkarlar peyda olub. Onlar bəzi saytlarda, sosial şəbəkələrdə açdıqları səhifələr vasitəsilə insanları inandıraraq onların şəxsi heasablarından pullarını oğurlayırlar”, - deyə bank sözçüsü bildirib.

 

P.Sədrəddinovun sözlərinə görə, “Kapital Bank”ın adından hesab açmağa cəhd edənlər müştəriləri aldatmağa çalışırlar: “Biz bu hadisə haqqında xəbər tutan kimi aidiyyatı qurumlara məlumat verdik. Eyni zamanda, “Facebook”un özünə də rəsmi olaraq müraciət etdik ki, bu insanlar bizim bankın adından istifadə edirlər. Ümid edirik ki, bu cinayətkarlar tez bir zamanda zərərsizləşdiriləcəklər”.

 

“İnternet elə bir məkandır ki, hər kəs orada istədiyini edir. Amma insanlar çalışmalıdırlar ki, aldanmasınlar. Biz də çalışırıq, müştərilərimizi maarifləndirək ki, belə problemlərlə qarşılaşmasınlar”, - deyən Pərviz Kamal əlavə edib ki, hələlik heç bir müştəri tərəfindən hesabından pul oğurlanması ilə bağlı banka müraciət olunmayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      16 Avqust 2019 19:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar