Pensiyalar artırılır, amma hamınınkı yox – İNCƏLİKLƏRƏ DİQQƏT

Pensiyalar artırılır, amma hamınınkı yox –       İNCƏLİKLƏRƏ DİQQƏT

Ekspert: “Kimin pensiyasının məbləği 200 manatdan az hesablanacaqsa, onun 200 manat olması üçün yerdə qalan məbləğ dövlət tərəfindən ödəniləcək”

 

Avqustun 14-də Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

 

Dəyişikliyi AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub: “Yəni 200 manatdan aşağı əmək pensiyası alanlar - staja görə, 2006-cı ildə qanun dəyişikliyindən öncə, ondan sonra pensiyaya çıxanlar və əmək pensiyası adı altında təqaüdə çıxanların hamsının ən aşağı təqaüdü 200 manat olacaq. Amma bu, heç yerdə çalışmayan, yaşına görə, qocalığa görə, əngəlli insanların təqaüdlərinə şamil edilmir”.

Ekspert əmək pensiyalarının minimum həddinin 200 manata çatacağını, bununla belə, burada maraqlı və müsbət bir addımın olduğunu deyib: “Bu addım ondan ibarətdir ki, sosial yığımda indeksləşmə də olacaq. Əvvəl təqaüdün ancaq alınan hissəsində indeksləşmə olurdu, 2 il bundan öncə inflyasiya rəqəminə uyğun artırılırdı, indi isə artıq orta əmək haqqının artım tempinə görə indeksləşmə olur. Bu, ancaq alınan məbləğə şamil olunurdu. Yığım fondunda olan hər bir rəsmi çalışannın sosial sığorta kartı var və orda şəxsi hesabına vəsait toplanır, o vəsaitlər də heç vaxt indeksləşmirdi”.

 

“İndi isə bu yeni fərmanla həmin vəsaitlərin də indeksləşməsi olacaq ki, bu da rəsmi çalışanların yığdığı vəsaitin artırılması yönündə, yəni onların vəsaitinin avtomatik olaraq dövlət tərəfindən artırılması yönündə atılmış müsbət addımdır. Burada, təqribən 5 faizə yaxın indeksləşmə gözlənilir”, - deyə müsahibimiz bildirib.

 

O, həmçinin başqa bir məqamı da əlavə edib: “Ancaq həmin indeksləşmə rəsmi çalışanlara və sığorta müqaviləsi olanlara aiddir. Yəni bizim hər birimizin, rəsmi çalışanların hər birinin sığorta kartımız və rəsmi hesabımız var və həmin hesabımızda işə götürən və işçi tərəfindən ödənilən vəsait toplanılır və o vəsaitin toplandığı hissə indeksləşəcək”.

 

Qeyd edək ki, Prezidentin sözügedən fərmanında mühüm bir bənd də yer alıb. Belə ki, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

 

Buna münasibət bildirən N.Cəfərlinin dediyinə görə, müvafiq icra strukturuna verilmə bir ənənədir: “Yəni Prezident imzaladığı fərmanları müvafiq icra hakimiyyəti strukturuna verir. Bu da təbii ki, Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi olacaq. Yəni müvafiq icra hakimiyyəti strukturuna həmin indeksləşmənin aparılması  üçün təkliflərin verilməsi tapşırılıb. Yəni bu, sırf prosedur qaydalarına uyğundur. Həmişə bütün fərmanların icrası müvafiq icra hakimiyyəti strukturuna həvalə olunur”.

 

İqtisadçı-alim Vüqar Bayramov da dəyişikliyi AYNA-ya şərh edib. Onun sözlərinə görə, dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əmək pensiyası hesablanan zaman pensiya kapitalında yığılmış vəsait 144-ə bölünür: “144 (12 il və 12 ayın vurulması deməkdir). Belə ki, qanunvericiliyə görə, orta pensiya müddəti 12 il götürülür və əhalinin pensiya məbləğini hesablamaq üçün də 12 ilə bölünür. Bununla illik pensiya məbləğini, daha sonra isə aylıq pensiya məbləğini müəyyənləşdirirlər”.

“Məsələn, əgər vətəndaşımızın pensiya hesabında 22 min manat yığımı var və onun pensiya yaşı tamam olub. 22 min 144-ə bölünür, bu zaman vətəndaşımızın pensiya məbləği 152 manat 70 qəpik edir. Deməli 200 manatdan azdır. 200 manatdan az olduğuna görə, yerdə qalan 47 manat 30 qəpik dövlət tərəfindən ödənilir. Yəni vətəndaşımızın pensiya məbləği 152 manat 70 qəpikdir, bu isə 200 manatdan azdır. Belə olan halda, 200 manatdan az olan hissə dövlət tərəfindən ödənilir”, - ekspert bildirib.

 

Bayramovun dediyinə görə, vətəndaşa çatacaq məbləğ dövlət büdcəsi hesabına kompensasiya olunur: “Ona görə əgər hansısa vətəndaşımızın əmək pensiya məbləği 200 manatdan az müəyyənləşirsə, o halda narahat olmasın. Çünki bu, o anlama gəlmir ki, həmin şəxs 200 manatdan az pensiya alacaq. Onun pensiyası 200 manata uyğunlaşır və qalan hissə dövlət tərəfindən ödənilir. Gələcəkdə minimum pensiya məbləği artırılanda da yenə həmin fərq nəzərə alınacaq və bütün hallarda əmək pensiyası minimumdan az olmayacaq. Əgər minimumdan az aylıq ödəniş çıxırsa, fərqin dövlət tərəfindən ödənilməsi həyata keçiriləcək”.

 

İqtisadçı-alim Qubad İbadoğlu isə sosial şəbəkə hesabında məsələyə toxunub. Bildirib ki, oktyabrın 1-dən minimum pensiyanın 200 manat təyin olunması, hazırda bu məbləğdən az olan təqaüdlərin həmin səviyyəyə çatdırılması deməkdir.

“Bu qərarın, aylıq pensiyaları 200 manatdan yuxarı olan pensiyaçılara  heç bir dəxli olmayacaq. Odur ki, bütün pensiyalarda artım gözlənilmir. Artım, yalnız əmək pensiyası 200 manatdan az olanlara şamil olunur. Bu artım əmək pensiyalarından savayı digər pensiya növlərinə də şamil olunmayacaq”, - deyən mütəxəssisin sözlərinə görə, bütün pensiyalarda artım gələn ilin yanvar ayından tətbiq olunacaq indeksləşdirmə əmsalı üzrə aparılacaq.

Müəllif: Ülviyyə Şahin      16 Avqust 2019 15:37
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar