Azərbaycanın “iqtisadi konstitusiyası” ciddi narazılıqlar doğurur: ƏCAİB QANUNDUR

Azərbaycanın “iqtisadi konstitusiyası” ciddi narazılıqlar doğurur:     ƏCAİB QANUNDUR

“İqtisadi problemlərin, sahibkarlığın və qeyri-neft sektorunun zəifliyinin bir səbəbi də Mülki Məcəlləmizin səviyyəsi ilə bağlıdır”

 

“Bu gün 250 yaşı tamam olan Napoleon deyib: “Mənim şöhrətim 40 döyüşdə qalib gəlməyimdə deyil – təkcə Vaterloo məğlubiyyətim onların hamısını gələcək nəsillərin yaddaşından  siləcək. Lakin heç zaman ölməyən, əsrlərdə yaşayan mənim Mülki Məcəlləm olacaq”. Bizim isə nə 40 qələbəmiz, nə də normal Mülki Məcəlləmiz var. Bəlkə də dünyada ən bərbad Mülki Məcəllə bizdədir”.

AYNA xəbər verir ki, bu fikirləri hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə paylaşıb. O bildirib ki, Mülki Məcəllə faktiki olaraq ölkənin iqtisadi konstitusiyasıdır: “Azərbaycanın iqtisadi problemləri, sahibkarlığın və qeyri-neft sektorunun zəifliyi o cümlədən Mülki Məcəlləmizin səviyyəsi ilə bağlıdır. O Məcəllə ki, həcminə görə ən iri qanunumuz olsa da, onu faktiki olaraq nə hüquqşünaslar (Cinayət Məcəlləsi kimi), nə də iqtisadçılar (Vergi Məcəlləsi kimi) deyil, tərcüməçilər hazırlayıblar. Daha doğrusu, rus və alman qanunvericiliyini necə gəldi (sistemsiz) köçürüblər”.

 

“Nəticədə çox əcaib qanun alınıb. Nəinki hüquqi səviyyəsi, hətta dili və məntiqi belə, qüsurludur. 215 il bundan əvvəl bəşəriyyətin ən avtoritar və qanlı rəhbərlərindən birinin təsdiq etdiyi Mülki Məcəllə isə indi də nümunəvi və iqtisadi inkişafın təməli olan sənəddir”, - deyə Ə.Həsənov vurğulayıb.

 

Milli Məclisin üzvü, hüquqşünas deputat Fazil Mustafa da Mülki Məcəlləmizin qüsurlu olduğu fikri ilə razıdır. O, AYNA-ya açıqlamasında deyib ki, Mülki Məcəlləmizdə xeyli köçürmə və sistemsizlik var.