Azərbaycanda üzünə bağlanan qapılar Türkiyədə açıldı: “Bəlkə geri dönmədim...”

Azərbaycanda üzünə bağlanan qapılar Türkiyədə açıldı:       “Bəlkə geri dönmədim...”

Kamran Əsədov: “Bir şam yeməyində 5 universitetin rəhbərliyi ilə görüşdüm, elə oradaca razılaşdıq, hətta hesabıma ilkin mərhələ üçün pul da köçürdülər”

 

Bakı Dövlət Universitetinin (BDU) müəllimi, təhsil eksperti Kamran Əsədov sosial şəbəkələrdə Azərbaycanı tərk etdiyini qeyd edib. O, bundan sonra Türkiyədə yaşayacağını bəyan edib.

 

Qərarının səbəbləri barədə AYNA-ya danışan ekspert bildirib ki, hazırda 12 gündür Türkiyədədir və daha 10 gün sonra yenidən vətənə geri dönəcək: “Ümumi 22 gün nəzərdə tutulmuş bir proqramda iştirak etmək üçün burdayam. Türkiyədə qalıb işləməyi, yoxsa Azərbaycana geri qayıtmağı proqramın sonunda qərarlaşdıracağam”.

“Əlimdə olduqca böyük və təhsil üçün faydalı layihələr var. Bu günə kimi Azərbaycanda maddi dəstək üçün müracət etmədiyim yer qalmadı. Amma heç kim layihələrim üçün pul ayırmadı. Türkiyədə isə bir gün şam yeməyində 5 universitetin rəhbərliyi ilə görüşdüm, elə oradaca razılaşdıq. Layihəni reallaşdırmaq üçün, hətta hesabıma ilkin mərhələ üçün pul belə, köçürdülər. Eyni zamanda, universitet rəhbərlərindən bir neçəsi öz universitetlərində türk dünyası tarixi dərsini tədris etməyimi də təklif etdi”, - deyə o bildirib.

 

Əsədov hələlik yekun qərar qəbul etmədiyini deyib: “Yaşayış şərtlərini analiz edirəm. Çünki tək deyiləm, ailəmlə birlikdə gəlmişəm. Qızlarımın təhsili mənim üçün hər şeydən vacibdir. Araşdırdığım məktəblər qızlarımın təhsili üçün hələ də uyğun gəlmir. Proqram və tədris dili fərqlidir. Bu da onlar üçün çətin olacaq. 24-25 avqustda Azərbaycana geri dönəcəm. Türkiyəyə gələnə kimi bir neçə şəxslə görüşüb təkliflərimi demişəm. Ümid edirəm ki, Bakıya geri dönəcəyim günə kimi mənə konkret fikirlərini deyəcəklər”.

 

Həmsöhbətimiz maddi baxımdan heç bir sıxıntı çəkmədiyini qeyd edib: “Ölkəmdə işim kifayət qədər yaxşıdır, gəlirim ehtiyaclarımı ödəməyə imkan verir. Sadəcə olaraq, düşünürəm ki, daha böyük işlər görə bilərəm. Özüm üçün yox, təhsilin əlçatımlığı, inkişafı üçün çalışar, universitetlərin beynəlxalq əlaqələrinin inkişafı, reytinqinin yüksəlməsinə xidmət edə bilərəm. Dediyim kimi, hal- hazırda Türkiyədəyəm. Burada layihələrin həyata keçirilməsi ilə məşğul oluruq. Artıq işçi qrupu da yaradılıb. Onlar təhsilin inkişafında, universitetin reytinqinin yüksəlməsində çox istəkli, həvəslidirlər. Burada sağlam təhsil mühiti var”.

Müəllif: Təranə Xudabaxşiyeva      16 Avqust 2019 12:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar