Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zərbə altına düşüb

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar zərbə altına düşüb

“Paşinyan bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir”

 

“Avqustun 5-də Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, “Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış mərasimində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan Baş Naziri bununla da Azərbaycan ərazilərinin ilhaq siyasəti yürütdüyünü təsdiq edir”.

 

AYNA xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanan məktubda əksini tapıb. Bildirilir ki, Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub.

 

“XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın hərbi işğalını gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunu aldatmaqdan ibarətdir. Paşinyan “Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur”, - deyə məktubda qeyd olunur.

 

Xatırladılır ki, Ermənistan Baş Nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib: “Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri, ATƏT-in Minsk Qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”.

 

Qeyd edək ki, məktub ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, Minsk Qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

Müəllif: Ayna.az      15 Avqust 2019 11:55
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar