Bakı sakinləri ağlasığmaz mənzərə ilə üz-üzə - FOTO, VİDEO

Bakı sakinləri ağlasığmaz mənzərə ilə üz-üzə -       FOTO, VİDEO

Sakinlər dərdlərinə çarə tapa bilmədiklərini deyirlər: “Artıq evlərimizi satmağa hazırlaşırıq”

 

Ötən həftə Bakıya yağan yağış yeni-köhnə problemləri təkrar aktuallaşdırıb. Belə ki, AYNA-ya müraciət edən, Səbail rayonu Badamdar qəsəbəsinin bir qrup sakini üzləşdikləri sıxıntını dilə gətirib.

 

Qəsəbənin 1-ci yaşayış massivi, 3-cü döngəsinin sakinləri bildiriblər ki, hər yağış yağdığında onların günü “göy əskiyə bükülür”. Onlar bu dəfə də eyni vəziyyətlə üz-üzə qalıblar.

Sakinlərin dediklərinə görə, hər dəfə yağış yağanda evlərin və məhəllənin kanalizasiya sistemi dolub-daşır: “Bütün küçə bərbad vəziyyətə düşür. Kanalizasiyanın çirkab suyu avtomobillərin salonlarına belə, dolur. Ev-eşiyimiz suyun içində qalır”.

 

Şikayətçilər bildiriblər ki, “Azərsu” ASC-nin nəzarətində olan “Hidroinşaatservis” 3 il əvvəl əraziyə kanalizasiya sistemi çəksə də, problemin kökünü kəsə bilməyib: “Bu barədə “Azərsu”ya dəfələrlə məlumat versək də, hər dəfə bizi aldatdılar. Avqustun 7-si səhər küçəyə çıxanda gördük ki, küçə 60-70 sm hündürlüyündə kanalizasiya suyunun içindədir. Ərazidə yerləşən 14 evi su basıb”.

“Bir həftə əvvəl “Azərsu”dan gəlib kanalizasiyanı təmizləyəndə, problemin bir daha təkrarlanmayacağını demişdilər. Lakin təkrarlandı. Gedib “Hidroinşaatservis”in nümayəndələri ilə görüşdük. Bizə ərazinin layihəyə salınmadığını söylədilər. Bütün Badamdar qəsəbəsinə kanalizasiya sistemi çəksələr də, bizim yaşadığımız 200 metr uzunluğundakı ərazinin layihədə olmadığını deyirlər. Halbuki, “Azərsu”da bizə bu ərazinin kanalizasiya sisteminin planda olduğunu və problemin tezliklə həllinin tapacağını bildirmişdilər”, - deyə sakinlər gileyləniblər.

 

Şikayətçilər, son 2 ildir mövcud problemdən əziyyət çəkdiklərini diqqətə çatdırıblar: “Artıq evlərimizi satmağa hazırlaşırıq. “Azərsu”ya əlacsız qalıb, hətta “hörmət” də eləmişdik. Amma bizi aldatmağa davam edirlər. Ümumiyyətlə bu problemin yaranmasına səbəb “Hidroinşaatservis”in təmir zamanı “yeyintiyə” yol verməsidir. “Azərsu”nun binası küçəmizə yaxın yerdə yerləşir. Hər dəfə dərdimizi deməyə gedəndə, “sizin məsələdən başınız çıxmır” deyib geri göndərirlər”.

Nəzərə alaq ki, ötən həftə cəmi 2 gün yağış yağıb və paytaxtın mərkəzində yaşayan insanlar çirkab sularının əlində əsir-yesir qalıblar. O zaman sual yaranır: Payızda onları hansı aqibət gözləyir? Ki, üzü payıza gedirik...

 

AYNA əməkdaşı vəziyyətə aydınlıq gətirmək üçün dəfələrlə “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, cəhdlərimiz nəticə vermədi. Yenə də qurumun mövqeyini öyrənməyə çalışacağıq.

Fotoları təqdim edirik
Müəllif: Mərahim Nəsib      15 Avqust 2019 12:29
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar