Rəqib bizi necə seytnota saldı – Məğlubiyyətdən bir gün sonra...

Rəqib bizi necə seytnota saldı –     Məğlubiyyətdən bir gün sonra...

Arif Əsədov: “APOEL rəhbərliyi riskə getsə də, uğurlu nəticə əldə edə bildi”

 

Dünən UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” – APOEL qarşılaşması keçirilib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş APOEL komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyun sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Belə ki, bəziləri məğlubiyyətin səbəbini komandada, bəziləri isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda görürlər. Komandaya dəstək olanlar da az deyil.

 

Qarşılaşmanı və klubumuzun məğlubiyyətini AYNA-ya şərh edən futbol mütəxəssisi Arif Əsədovun sözlərinə görə, oyun zamanı bir neçə dəfə “Qarabağ”ın qol vurma şansı olsa da, bu, baş tutmayıb: ““Qarabağ” rəqibin meydanında qalib gələndən sonra düşünürdüm ki, 70-80 faiz ehtimalla növbəti mərhələyə çıxacaq. Klubumuzun dünən bir neçə epizodda qol vurma şansı da oldu, amma alınmadı. Komanda heç olmasa bir qol vursaydı, nəticəni öz xeyrinə çevirə bilərdi”.

Ekspert oyunun gedişində də “Qarabağ”ın dönüş yarada bilmədiyini deyib: “Bəxt də klubun üzünə gülmədi. Hamı bilir ki, “Qarabağ” klubu evdə daha yaxşı oyun nümayiş etdirir. Həm də klub azarkeşləri oyun zamanı onlara dəstək olduğundan, futbolçular daha yaxşı oyun sərgiləyirlər”.

 

“Sadəcə bizim qorxduğumuz başımıza gəldi. APOEL prezidenti məşqçini dəyişmək qərarı vermişdi. Sadəcə məşqçinin oyundan sonra, yoxsa əvvəl dəyişəcəyi sual altında idi. Amma rəhbərlik qərar verdi. APOEL klubunun məşqçisi oyundan əvvəl dəyişdirildi. Məşqçi dəyişikliyi həmişə futbolçuların ruhuna təsir edir. Onlar yeni məşqçi ilə meydana daxil olanda özlərini daha yaxşı göstərməyə çalışırlar. Bu dəfə də belə oldu. APOEL rəhbərliyi riskə getsə də, uğurlu nəticə əldə edə bildi. Nəticədə “Qarabağ”ı öz meydanında məğlub etdilər”, - deyə Arif Əsədov bildirib.

 

O, “Qarabağ”ı qınayanların mövqeyini də bölüşmür: “Futbolda heç bir komanda məğlubiyyətdən sığortalanmayıb. Hətta “Barcelona” kimi güclü komanda üçün milyonlarla pul xərcləsə də, zamanında özündən çox zəif komandalara məğlub olub. Bu idman növü surprizlərlə doludur. Heç kim bilmir ki, 90 dəqiqə sonra nəticələr necə olacaq”.

 

“Amma azarkeşləri də qınamaq olmur. Onlar da həmişə klublarının qalib gəlməsini arzulayırlar. Klubları məğlub olanda bu cür reaksiya vermələrini də normal qarşılamaq lazımdır. Ümumiyyətlə, hələ hər şey itirilməyib. “Qarabağ” UEFA Çempionlar Liqasının qrupuna keçə bilmədi. Amma Avropa Liqasının qrupuna düşmə şansı var. Klubumuzu dəstəkləməliyik ki, onlar bu dəfə uğur qazansınlar”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      14 Avqust 2019 15:30
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin