Dünyanın işıq sürəti ilə getdiyi istiqamətdə biz axsayırıq – OYANMAQ VAXTIDIR

Dünyanın işıq sürəti ilə getdiyi istiqamətdə biz axsayırıq –           OYANMAQ VAXTIDIR

Ekspert: “Bu günə kimi ən yaxşı pilləmiz 54 olub, halbuki, Ermənistan və Gürcüstan komandaları ilk onluqda yer alıb”

 

Bakı Olimpiya Stadionunda informatika üzrə beynəlxalq olimpiada keçirilib. Dünyanın 88 ölkəsindən informatikanı yaxşı bilən gənclər öz güclərini sınayıblar.

 

Azərbaycanın da təmsil olunduğu yarışda, olimpiadanın nəticələrinə görə, ölkəmiz 61-ci yerdə qərarlaşıb. Bu zəif nəticə müşahidəçiləri ciddi şəkildə narahat edib.

 

Vəziyyəti AYNA-ya şərh edən informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Vahid Qasımovun sözlərinə görə, problemin bir neçə səbəbi var: “Əvvəla, onu qeyd etməliyəm ki, bizim uşaqlar xarici ölkələrin uşaqlarından heç də əqli cəhətdən geridə qalmırlar. Əksinə, daha da güclüdürlər. Əminliklə deyə bilərəm ki, bizim çox istedadlı gənclərimiz var. Bizim hər dəfə belə yarışlarda geri qalmağımız başqa səbəblərdən qaynaqlanır. Necə deyərlər, “oğullar var, şərait yoxdur””.

“Problemin ilk səbəbi orta təhsil proqramının qəribəliyi ilə bağlıdır. Baxmayaraq ki, birinci sinifdən artıq bütün məktəblərdə informatika fənni dərsliklərə salınıb. Bu fənni heç kim ciddiyə almır. Çünki universitetə qəbul imtahanlarında bu fənnə ehtiyac olmur. Hətta kompüter mühəndisliyi, informasiya texnologiyaları, riyaziyyat və informatika müəllimliyi üzrə olan ixtisaslarda belə, informatika əvəzinə ixtisaslarına qətiyyən aid olmayan kimya fənnindən abituriyentlər imtahan verirlər. Ona görə də uşaqlar məktəb illərindən bu fənnə soyuq münasibət göstərirlər. Nəticədə məktəbdə idman, musiqi fənləri kimi informatika da ikinci dərəcəli fənn hesab edilir”, - deyə Vahid Qasımov bildirib.

 

O, ikinci səbəbi belə izah edib: “İkinci səbəb ondan ibarətdir ki, riyaziyyat fənnini sırf oxumaqla, qələm-kağızla öyrənmək olur. İnformasiya texnologiyalarını isə avadanlıq olmadan, praktikasız öyrənmək mümkün deyil. Kompüterin, internetin olması şərtdir. Yeni məktəblərin açılışında göstərirlər ki, kompüter otaqları var. Amma o kompüterlərdən şagirdlər istifadə edə bilmirlər. Çünki Təhsil Nazirliyi işi yarımçıq görür. Məktəbləri kompüterlə təhciz edir, amma texniki servis yaratmırlar. Kompüter xarab olanda da qalır məktəbin üzərində. Məktəbə isə bu, lazım deyil. Ona görə də məktəbdə kompüter otaqlarının qapısı həmişə bağlı olur. Həm də ancaq Bakının 10-15 faiz məktəbi kompüterləşib. Digər məktəblərdə kompüter yoxdur. Belə olan halda, müəllimlər informatika fənnini necə keçsinlər?”.

 

Digər bir səbəbə gəlincə, müsahibimiz mütəxəssis çatışmazlığını qeyd edir: “Bu gün informatika fənnindən dərs deyənlər kimlərdir? Bu fənni Pedaqoji Universitetin məzunları keçirlər. Orada da keyfiyyət yox, təhsil zəif. Pedaqoji Universitetin keçir balları aşağıdır, oraya heç bir yerə qəbul olma şansı olmayan, az bal toplayanlar müraciət edirlər. Dərslər də həmin səviyyədə keçirilir. Buna sübut kimi deyim ki, müəllimlərin işə qəbulu zamanı informatika, riyaziyyat müəllimləri lazım olan balın yarısını belə, toplaya bilmirlər. Deməli, orta məktəbdə informatikadan dərs deyən peşəkar mütəxəssislər yoxdur. Proqram gözəldir, amma çox çətindir. Sadəcə, müəllim savadlı olmalıdır, daim ixtisasartırma kursları təşkil olunmalıdır onlar üçün. Bu zaman onlar da uşaqlara informatikanı yüksək səviyədə öyrədə bilərlər”, - deyə İT mütəxəssisi əlavə edib.

 

V.Qasımov ölkəmizdə universitet səviyyəsində proqramlaşdırma təhsilinin də zəif olduğunu deyib: “Cəmi 2-3 universitetdə bu sahədə keyfiyətli təhsil var. Halbuki, ən azı 10-15 universitetdə ixtisas olmalıdır. Proqramlar da köhnədir. Uzun illər əvvəl tətbiq edilən, artıq istifadəyə yararsız kompüterlər haqqında məlumatlar verilir. Ona görə informatika üzrə ali təhsil almış, diplomu olan savadsızlar çoxdur”.

 

Mütəxəssis özəl kursların dövlət məktəblərindən daha yaxşı bilik verdiyini iddia edib: “Son zamanlar yaradılan bir neçə özəl İT kursları var ki, onlar peşəkarlar yetişdirir. Həmin kursları bitirənlər tez bir zamanda xarici şirkətlərdə işlə təmin olunurlar. Deməli, təhsil sistemini düzgün qurmaq lazımdır. Buna səbəb isə savadlı mütəxəssislərin müəllim işləmək istəməməsidir. Çünki müəllimin maaşı azdır. Məhz, bu problemlərə görə biz beynəlxalq layihələrdə uğur qazana bilmirik. Bu günə kimi ən yaxşı nəticəmiz 54-cü yer olub. Halbuki, Ermənistan və Gürcüstan komandaları ilk onluqda belə, yer alıb. Bir sözlə, bu məsələlər həllini tapmayınca uğur qazanmağımız müşkül məsələdir”.

Müəllif: Təranə Xudabaxşiyeva      15 Avqust 2019 10:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar