"Neftçi"nin baş məşqçisi: "Rəqib "vaxt öldürmək"lə məşğul idi"

"Neftçi"nin baş məşqçisi: "Rəqib "vaxt öldürmək"lə məşğul idi"
"Ötürmələrdə səhv etdik, rəqib də bundan yararlandı"
 
"İlk dəqiqələrdən rəqibin 8-9 oyunçu ilə müdafiə olunacağını gözləyirdik. Hətta bəzən iki hücumçuları da onlara qoşulurdu". AYNA oxu.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
 
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda İsrail təmsilçisi "Bney Yehuda"nı qəbul edən "ağ-qaralar" iki top fərqi ilə geridə olmalarına baxmayaraq, son dəqiqə qolu sayəsində 2:2 hesablı heç-heçəyə nail olublar.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssisin bərabərlik şərhi belə olub: "Rəqib bütün komanda ilə müdafiə olunurdu. İlk hissədə geridən hücum qurmaqda çətinlik çəkdik. Bu baxımdan rəqibə əks-hücumlar təşkil etməyə şərait yaratdıq. Hətta hesab 0:2 olmamışdan əvvəl də rəqib qapısında təhlükəli vəziyyətlərimiz var idi. Hesabda geri düşməyimizə baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Bunu həftəboyu düzəltməyə çalışacağıq. Oyunçularımız xarakter göstərdilər. Cavab oyununda da bunu təkrarlamağa çalışacağıq".
 
- Sizi iki qol buraxdığınız üçün tənqid edək, yoxsa 11 nəfərlə müdafiə olunan komandaya iki qol vurduğunuz üçün tərifləyək?
 
- Sizdən asılıdır. İstəyirsiniz tənqid edin, istəyirsiniz tərifləyin. İlk hissədə arxadan oyun qurmağa çalışdıq. Ötürmələrdə səhv etdik, rəqib də bundan yararlandı. Ancaq komanda toparlandı və xarakter göstərərək, iki qol vurdu.
 
- Bu gün Kane Mamadunun əvəzinə Vanqelis Platelas çıxış edirdi. Düşünmürsünüz ki, orta sahədə yaranan problem məhz bundan qaynaqlandı?
 
- Gəlin oyunu düzgün qiymətləndirək. Həm "Arsenal"a, həm də bugünkü komandaya qarşı oyun tam fərqli oldu. "Arsenal" futbol oynayırdı, bugünkü rəqib isə fərqli idi. "Bney Yehuda"nın bütünlüklə müdafiəyə çəkiləcəyini bilirdik. Belə olan halda Platellasa ehtiyac duydum. Çünki onun topla oynamağı üstündür, fantaziyası var. Hətta sonradan Baqaliy Dabonu da meydana buraxdım. Düşünmürəm ki, qolları buraxmağımıza səbəb bu dəyişiklik oldu.
 
- "Bney Yehuda"nın müdafiə futbolu oynayacağını dünən mətbuat konfransında da demişdiniz. Hər nə qədər onları peşəkar adlandırsaq da, bəlkə bu amilin futbolçulara psixoloji təsiri oldu və nəticədə iki qol buraxdınız? Üstəlik, sosial şəbəkələrdə "Neftçi"ni artıq indidən pley-offda görəcəyimizə dair fikirlər də futbolçulara təsirsiz ötüşməyə bilməz...
 
- Rəqibə qarşı hazırlıq bir gün içində qurulmayıb. Həftəboyu komandanı buna uyğun hazırlamışıq. Bizə kənardan deyilənlər maraqlı deyil, öz işimizlə məşğul oluruq. Bütün oyunçuların diqqəti bu görüşə idi, yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücum qurarkən səhv etdik və rəqib də bundan yararlandı.
 
- Bu səhvləri cavab görüşündə aradan qaldırmaq mümkün olacaqmı?
 
- Komanda qol vurursa, burada tək hücumçunun payı olmur. Eləcə də müdafiə olunanda qol buraxırıqsa, bu, hamının səhvidir. Bunun üzərində işləyəcəyik. Rəqib bütünlüklə müdafiəyə çəkilmişdi. Səhvimiz oyunu ortadan qurmaq idi. Bu da bizə baha başa gəldi. Komandamıza ümidimiz böyükdür və inanırıq ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq.
 
- Bu gün çox aqressiv idiniz. Etirazınız rəqibə idi, yoxsa hakimə?
 
- Düşünmürəm ki, aqressiv insanam. Rəqibin oyunçuları ikinci hissədə futbol oynamadılar, "vaxt öldürməklə" məşğul idilər. Hamı qələbəyə hazır idi, bunu istəyirdi. Burada rəqibi də qiymətləndirməmək istəmirəm. Ağıllı oynadılar, düzgün müdafiə olundular və istədikləri nəticəni əldə etdilər.
 
- Mamadu Mboc meydana daxil olandan sonra sırf hücumçu kimi oynadı. Onun yenə qol vuracağına inanırdınız?
 
- Mboc elə futbolçudur ki, uzun ötürmələr zamanı başla yaxşı çıxış edir. Sonlarda gördüm ki, rəqib bizim qapıya tərəf yaxınlaşmır. Artıq müdafiəçi saxlamağa lüzum görmədim. Buna görə də Mbocu meydana buraxdım ki, lazım olan an qol vura bilsin.
Müəllif: Ayna.az      9 Avqust 2019 05:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar