Gürcüstanın ən böyük bankının təsisçisinin siyasətə gəlməsi Azərbaycana nə vəd edir?

Gürcüstanın ən böyük bankının təsisçisinin siyasətə gəlməsi Azərbaycana nə vəd edir?

 

Gürcüstanın ən varlı adamlarından biri, bazar dəyəri 1 milyard dollara yaxın olan TBC Bankın qurucusu və sahibi Mamuka Xazaradze siyasətə girəcəyini, İvanişvilinin Gürcü Xəyalı Partiyasına rəqib hərəkat yaradaraq, gələcək parlament seçkilərində iştirak edəcəyini bildirib.

 

AYNA xəbər verir ki, politoloq Erkin Qədirli öz "Facebook" səhifəsində bu xəbəri şərh edib. 

 

Siyasi şərhçi düşünür ki, bu, iki baxımdan çox maraqlı xəbərdir: "Birincisi, Gürcüstandakı demokratiya effektiv olaraq oliqarxiyaya çevrilir. Yəni, dövlət vəzifələrindən qıraqda qazanılmış böyük pullar hesabına siyasətə girmək, hakimiyyətə gəlmək təcrübəsi dərinləşir və güclənir. İvanişvilinin Xazaradzeylə öz davası var, ikincidə siyasətə girmək həvəsini oyadan da budur. Bu, Gürcüstanın iç problemidir".

Image result for erkin qədirli politoloq

"İkincisi və bizim üçün daha maraqlısı, Xazaradze siyasətdə uğur qazana bilərsə, Azərbaycanda şəxsi və qanuni biznes maraqları olan ilk gürcü siyasətçi olacaq. TBC-nin ölkəmizin maliyyə bazarında öz yeri vardır. Orası da maraqlıdır ki, bu bank İsraildə də bazara girə bilib. Azərbaycanla İsrailin maraq ortaqlığı baxımından Gürcüstanda belə bir siyasətçinin hakimiyyətə gəlməsi ölkəmizin yararına ola bilər" - deyə, E.Qədirli vurğulayıb.

 

Qeyd edək ki, Mamuka Xazaradze ictimai hərəkat yaradacağı ilə bağlı öz “Facebook” səhifəsində məlumat vermişdi. Bildirmişdi ki, yeni hərəkat bu ilin sentyabr ayında təsis olunacaq: “Dostlar, həmkarlar və müxtəlif sahələrin peşəkarları ilə birgə ictimai hərəkat yaradılacaq. Təşkilatın əsas məqsədi ölkənin birləşdirilməsi, onun müstəqillik və azadlığının qorunmasıdır”.

Müəllif: Ayna.az      8 Avqust 2019 19:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar