“Azərbaycan bütün danışıqlardan çıxmalı, öz torpaqlarına yiyə durmalıdır”

“Azərbaycan bütün danışıqlardan çıxmalı, öz torpaqlarına yiyə durmalıdır”

“Bu qərar verilməlidir artıq, bunu bizim yerimizə Paşinyan deyib, başqa seçim qoymayıb”

 

Ermənistanın baş naziri Paşinyan dünən Xankəndində, sözün həqiqi mənasında Azərbaycana meydan oxudu. Bildirdi ki, “Ermənistan ordusu dünyada ən güclü 20 ordu cərgəsində yer alacaq və biz buna doğru gedirik”. Həmçinin qeyd etdi ki, “Öz effektivliyinə görə erməni təhlükəsizlik qüvvələri dünyanın 10 ən güclü xüsusi xidmət orqanı sırasına daxil olacaq”. 

 

Paşinyan dünənki çıxışı ilə 90-cı illərdən sonra kütlə qarşısında “Miatsum”dan, yəni birləşməkdən danışan ilk Ermənistan dövlət başçısı oldu. O, "Sizlərdən çoxunuz soruşursunuz ki, Artsax niyə bu planlarda yoxdur. Cavab çox sadədir: Artsax Ermənistandır və tamam, iş bitdi”, – deməklə, sanki müharibə bəyanatı verdi.

 

Maraqlıdır ki, Paşinyanın bu bəyanatından sonra Azərbaycan hansı addımı atmalıdır? Danışıqlar prosesinə son qoyaraq, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad etməliyik? Yoxsa, “lazım”ın nə zaman gələcəyini gözləyə-gözləyə, Qarabağın Ermənistana birləşdirilməsini seyr etməliyik?

 

AYNAya danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov düşünür ki, Paşinyanın bu fikirlərindən sonra Ermənistanla heç bir danışıqdan söhbət gedə bilməz:“Paşinyan dünən Ermənistanın bugünkü dövlət başçısının mövqeyini açıqladı. Biz bu mövqeyə çox diqqətli yanaşmalıyıq və sadəlövh olmamalıyıq. Əgər Ermənistanın dövlət başçısı artıq bu formada bəyanat verirsə, deməli, biz daha onlarla heç bir danışığa getməməliyik. Sülh naminə müəyyən danışıqları davam etdirməyimiz üçün Paşinyanın leksikonu tam dəyişməlidir. Ya da Azərbaycan öz addımını qərarlaşdırmalıdır, anti-terror əməliyyatı apararaq öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa etməlidir”.

Image result for ramaldanov

“İndiyə qədər Ermənistanın müdafiə naziri, təhlükəsizlik xidmətinin rəisi və b. hərəsi bir fikir səsləndirirdi. Ancaq onlar dövlət nümayəndələri olsalar da, birinci şəxs deyildilər. İndi isə artıq ölkənin birinci şəxsi deyir ki, “Qarabağ Ermənistanın bir hissəsidir”. Bu da o deməkdir ki, “biz sizə heç bir halda torpaqları qaytarmayacağıq”. Bu, o deməkdir ki, “bundan sonra danışıqları nəinki bizimlə, həm də oradakı separatçı rejimlə aparmalısınız”. Yəni, Paşinyan konkret fikrini söylədi”, – deyə polkovnik əlavə edib.

 

Müsahibimiz qeyd edib ki, Paşinyanın dünənki çıxışı Qarabağ məsələsinin həlli yollarının bundan sonra hansı şəkildə inkişaf edəcəyini göstərir: “Bu, o deməkdir ki, Azərbaycan üçün heç bir seçim qoyulmur, Azərbaycan ciddi şəkildə hərbi yolla öz torpaqlarını azad etməyə hazır olmalıdır və azad etməlidir. Bu qərar verilməlidir artıq, bunu bizim yerimizə Paşinyan deyib, başqa seçim qoymayıb. Bundan sonra bizim Dağlıq Qarabağla bağlı siyasətimizdə bu sözlər prioritet yer tutmalıdır”. 

 

Ş.Ramaldanov Paşinyanın Ermənistan ordusu və təhlükəsizlik xidməti ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Hər bir dövlət başçısının məqsədi ondan ibarətdir ki, dövləti güclülər sırasında olsun. Ancaq, atalar demişkən, halva-halva deməklə ağız şirin olmur. Bu gün ordusunun iqtisadi imkanları, silahlı qüvvələrinin psixoloji durumu, xidmətdən yayınmalar, hətta müqavilə əsasında adam yığa bilməməsi onu göstərir ki, Ermənistanın hansısa güclülər sırasında olması mümkünsüzdür”.

 

“Nüfuzlu statistik qurumların son məlumatına görə, Ermənistan keçən illə müqayisədə 12 pillə geriləyib. Azərbaycan 53-cü, Ermənistan isə 92-ci pillədədir. Hətta Gürcüstan ordusu Ermənistan silahlı qüvvələrindən daha yüksək pillədə qərarlaşıb. Bu da onu göstərir ki, Ermənistanın 20-lər sırasında olması, sadəcə fantaziyadır. Bu, Paşinyanın niyyətidir, o niyyətin gerçəkləşib-gerçəkləşməyəcəyini isə həyat göstərəcək. Paşinyanın övladlarının belə, o günü görmək şansları yoxdur. Ermənistanın özünün nə dərəcədə “güclü”, “qüdrətli” dövlət olması da bizə məlumdur. Bizi maraqlandıran ancaq Dağlıq Qarabağla bağlı olan vəziyyətdir”, – deyə hərbi ekspert bildirib.

 

Polkovnik düşünür ki, Paşinyan öz ritorikasını dəyişməyənə, sözlərini geri götürməyənədək Azərbaycan bütün danışıqlardan çıxmalıdır:“Beynəlxalq normalar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, “Artsax”ı isə ancaq özü kimi separatçılar tanıyır. Heç Ermənistan özü belə onu tanımır. Görünən odur ki, Qarabağ məsələsini Ermənistan rəhbərliyi sülh yolu ilə həll etmək iqtidarında deyil. Belə bəyanatlarla o, artıq öz mövqeyini bildirir”.

 

“Müəyyən beynəlxalq institutların təzyiqi ilə Azərbaycanın tələbi ciddi qoyulmalıdır. Ya Paşinyan sözlərini geri götürməli, ya da Azərbaycan ciddi addım ataraq öz torpaqlarına yiyə durmalı, ərazi bütövlüyünü bərpa etməlidir. Bundan sonra başqa manevr, danışıqlar yolu yoxdur”, – deyə Ş.Ramaldanov vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      6 Avqust 2019 20:58
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar